2018-04-25 21:12:37   |   4200 dəfə oxunub

İcra başçısının "haqq"ını ver, dəbdəbəli ehsan süfrəsi aç ! - Beləsi heç olmamışdı

Seyid Camal Əzimbəyli:"İnsanlar sanki xeyir-şər məclislərində açdığı süfrələrlə Allahın qəzəbinə gəlmək uğrunda yarışırlar"




Bir müddət əvvəl, Azərbaycanda yas məclislərində dəbdəbəli ehsan süfrələrinin yığışdırılmasına dair qaydalar müəyyənləşdirildi. Öncə, bir çox rayon və kəndlərdə bu qaydalara əməl olunsa da, son vaxtlar yenidən yas məclislərində çoxçeşidli ehsan süfrələri qurulmağa başlayıb. Xüsusilə, icra hakimiyyətlərinin mərhumun ailəsindən "haqq" alaraq göz yumması məlum qaydaların sürətlə pozulmasına gətirib çıxarıb.

"Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev də özünün "Facebook"səhifəsində bu məsələləri ciddi tənqid edib. Hətta baş yazar buna dair təssüf və eyni zamanda təəccüb doğuran status paylaşıb. Statusu olduğu kimi təqdim edirik:

Füzuli rayonunda "yas monitorinqi” keçirilir. İcra hakimiyyətindən gəlib baxırlar ehsan verilirmi, deyə. Verilirsə, "hörmət" tələb edirlər. Şərəfsizlər!”

Şərqşünas Seyid Camal Əzimbəyli də "Sherg.az"açıqlamasında bildirib ki,yalnız yas mərasimlərində deyil, toy məclislərində də dini, milli dəyərlərimizə xas olmayan məqamlar mövcuddur: "İnsanlar sanki xeyir-şər məclislərində açdığı süfrələrlə Allahın qəzəbinə gəlmək uğrunda yarışırlar:

"Görünür, bu addımlarımız daxilimizdən gələn şan-şöhrət hərisliyinin bir nümunəsidir. Dini Qurumlar üzrə Dövlət Komitəsi məsələ ilə əlaqədar tövsiyə xarakterli onlarla tədbir həyata keçirib. Mənim ideya müəllifi və aparıcısı olduğum "İnam” verilişində də hər cümə bu məsələlərə toxunuram. Bu əməllərlə biz Allahın rzasını deyil, lənətini qazanırıq. Aydın düşüncəli, normal təfəkkürlü insanlar bu maarifləndirmədən nəticə çıxarır. Amma həyatını bütünlüklə başqalarına göstəriş üzərində quran, Allahın buyurduğunu deyil, "ayıbdır, mənə nə deyərlər” düşüncəsini qəbul edən insanlar da kifayət qədərdir”.

C.Əzimbəyli təklif edir ki, dövlət bu problemlə bağlı inzibati metodlar həyata keçirsin:

"Naxçıvanda rəsmi şəkildə tapşırıq verilib ki, yas aparan şəxslər heç bir halda yas məclislərində iştirak etməsinlər. Tövsiyə şəklində bu fikir səsləndirilib və insanlar əməl edir. Ağdam, Tərtər kimi bölgələrdə də müsbət tendensiya var.

Əslində bu məsələdə bir növ azadlıq fikri də önə çəkilməlidir. Heç kimə demək olmaz ki, mərhumun yasında ehsan vermə, səni həbs edəcəyik. Bu artıq mənəviyyat məsələsidir. Faciə odur ki, televiziyada, mətbuatda bunu tənqid edən şəxslər özləri də əməllərə yol verirlər. Bəzilərinin yası düşür, toy edir, məclisinə getdikdə süfrəsində cürbəcür naz-nemətlərin düzüldüyünü görürük. Belə mənfi vəziyyətin aradan qaldırılması üçün ictimai fəal insanlar, ziyalılar, düşüncə sahibləri topluma daha fərqli mesaj ötürməlidirlər”.

Ramazan ayı ərəfəsində təşkil olunan iftar süfrələrini xatırladan şərqşünas vurğulayıb ki, bu süfrələrdə də yemək çeşidi çox olmamalıdır:

"Biz dindarlar olaraq təşkil etdiyimiz iftar süfrələrində də diqqət edirik. Yalnız bir çeşiddə yemək süfrəyə düzülür. Ona görə ki, israfçılığa yol vermək dinin də qəbul etmədiyi məsələdir.

İnsanlar deyir, "qohum qonşu nə deyər, filankəsin yasında bir cür yemək verdilər deyə, danışarlar”. Bu şüurdan azad olmalıyıq. Belə şüurdan xilas olmasaq, Qarabağımızın da azad edilməsi mümkün deyil. İnanın, biz yazığıq, bu qədər göstərişə meyl olmaz. Yas məclisləri biabırçılıq, toylarımız heç danışılası deyil”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-05-26
2018-05-25