2018-04-26 11:34:23   |   401 dəfə oxunub

Prezidentlər Ankarada iki böyük müjdəni verdi

Türkiyə və Azərbaycan iqtisadi sahədə milli valyutaya keçəcək

İyunun əvvəlində TANAP-ın açılışı keçiriləcək





Dünən Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçirilib. İclasın sonunda iki ölkə arasında bır sıra sənədlər imzalanıb. Daha sonra isə prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Liderlər çıxışları zamanı ictimaiyyətə mühüm mesajlar veriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla bütün sahələrdə birgə əməkdaşlığın davam ediləcəyini deyib. O deyib ki, əgər 24 iyun seçkisində yenidən prezident seçilərsə, ilk səfərini Azərbaycana edəcək.

"Bakı ilə milli valyutaya keçəcəyik”

Ərdoğan deyib ki, yaxın zamanlarda Azərbaycanla iqtisadi sahədə yerli və milli valyutaya keçid olacaq: "Yerli sənayedə işlərimizi tamamlayacağıq, ikitərəfli münasibətlərimizlə yanaşı, Azərbaycan, Gürcüstan, Türkmənistan, İran və Pakistanla əməkdaşlıq mexanizmləri də çox vacibdir. Bu mexanizmlər mühüm layihələrin təqibi üçün böyük əhəmiyyət daşıyır”.

"İyunun əvvəlində TANAP-ın açılışı olacaq”

Türkiyə lideri vurğulayıb ki, qarşıdakı dövrdə yeni layihələr həyata keçiriləcək: "Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının bundan əvvəlki iclasında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında iştirak etmişdik. İyunun əvvəlində TANAP-ın açılışı keçiriləcək. Bu, xalqlarımıza və dünyaya bir müjdəmiz olacaq. Tək Tükiyə və Azərbaycan arasında qaz nəqlinə deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Sentyabr-oktyar aylarında "Star” zavodu açılacaq. Bununla da Azərbaycan Türkiyədə ən böyük sərmayəçi olacaq”. Türkiyə Prezidenti qeyd edib ki, qısa müddətdə güzəştli ticarətə dair müqavilə həyata keçiriləcək: "Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran formatları da əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edir”.

"Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmalıdır”

Ərdoğan xatırladıb ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümüdür: "Bununla bağlı Azərbaycan xalqını təbrik etmək istəyirəm. 2018-ci ildə Qafqaz İslam Ordusunun yad edilməsi ilə bağlı tədbirlər keçiriləcək. Bilirsiz ki, 15 iyul hərbi çevriliş cəhdi zamanı Türkiyəyə ilk dəstək verən liderlərdən biri İlham Əliyev olub. Türkiyə ordusunun "Zeytun budağı” əməliyyatı zamanı da Azərbaycan dövləti və xalqı bizimlə olub. Biz də Dağlıq Qarabağ problemini öz problemimiz kimi görmüşük. Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli vacibdir. Hərbi və müdafiə sahəsində əməkdaşlığı da gücləndirmək niyyətindəyik. 7-ci Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində mühüm sənədlər imzalayacağıq”.

Prezident İlham Əliyev: "Türkiyə-Azərbaycan qardaşlığının çox böyük gələcəyi var”

Azərbaycan Prezidenti İlham Əliyev seçkidən sonra ilk səfərini qardaş ölkəyə etməsini təbii adlandırıb və bunun bir ənənə olduğunu deyib. Dövlət başçısının sözlərinə görə, qarşılıqlı səfərlər onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünyada biri-birinə ən yaxın olan ölkələrdir: "Prezident seçkilərində qazandığım qələbəyə görə məni ilk olaraq məhz Türkiyə Prezidenti, qardaşım Ərdoğan təbrik edib. 1 həftə əvvəl andiçmə mərasimi keçirildi. İki gün əvvəl hökumətin formalaşması başa çatdı və mən Ankaraya gəldim”. Dövlət başçısı Türkiyə və Azərbaycan qardaşlığının və dostluğunun möhkəm olduğunu bildirib. Bu birliyin çox böyük gələcəyi olduğunu qeyd edib.

"Türkiyə dünyada bir gücdür”

Prezident İlham Əliyev deyib ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı və dostluğu möhkəmdir və çox böyük gələcəyi var: "Azərbaycan Türkiyədə baş verənləri böyük sevinclə qarşılayır. Əziz qardaşımın liderliyi ilə Türkiyə böyük yol keçib. Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi sevindirir. Türkiyə dünyada bir gücdür. Getdikcə bu güc daha da böyüyür. Dostlar sevinir, düşmənlərin kefi pozulur. Əminəm ki, bundan sonra da Türkiyə yalnız qələbə və uğur yolu ilə gedəcək”.

"Azərbaycan ordusu Türkiyə məhsulları hesabına güclənəcək”

Dövlət başçısı bəyan edib ki, müdafiə sahəsində birgə hərbi təlimlər, tədqiqatlar keçirilir. Türkiyənin geniş müdafiə sənayesi var: "Ordumuzun gücünü həm də Türkiyə məhsulları hesabına gücləndiririk. Bu istiqamətdə addımlar daha da artırılacaq. Türkiyədə istehsal olunan müdafiə sənayesi malları ən yüksək standartlara uyğundur”.

"Birgə layihələrin tək iqtisadi deyil, böyük siyasi əhəmiyyəti də var”

Ölkə rəhbəri bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləyib. Bu dəstək, həmrəylik bizə əlavə güc verib: "Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə və BMT TŞ-nin qətnamələrinə əsasən həllini tapmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan terrorla mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirib. Mən "Zeytun budağı” əməliyyatındakı uğurlara görə qardaş xalqı təbrik edirəm. Azərbaycan bu məsələdə də Türkiyənin yanında olub və olacaq”. Prezident bildirib ki, iki ölkə birgə səylərlə böyük layihələr həyata keçirir: "BTQ, TAP, TANAP böyük layihələrdir. Bu layihələr bizim birgə səylərimiz nəticəsində icra edilir. Biz Avropanın enerji və nəqliyyat xəritəsini yenidən qururuq, bu bizim gücümüzü artırır, regional əməkdaşlığı gücləndirir, regionun təhlükəsizliyinə töhfə verir. Bu layihələrin tək iqtisadi deyil, böyük siyasi əhəmiyyəti var. Bunlar sülh və təhlükəsizliyi təmin edən layihələrdir. İki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu da artır. Azərbaycan Türkiyəyə 14 milyard dollar, Türkiyə Azərbaycan iqtisadiyyatına 12 milyard dollar yatırım qoyub. Yalnız qardaş ölkələr bu qədər böyük məbləğdə yatırım edər. Yaxın gələcəkdə TANAP və "Star” zavodunun açılışı imkanlarımızı daha da artıracaq. Ticarət dövriyyəsi də getdikcə artacaq. Mayda Azərbaycanın birinci cümhuriyyətinin və bu il Qafqaz İslam Ordusunun köməyi ilə Bakının erməni quldur dəstələrindən azad edilməsinin 100 illiyi qeyd ediləcək. Tarix göstərir ki, biz bir olmuşuq və həmişə bir yerdə olacağıq”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19