2018-04-26 12:06:06   |   158 dəfə oxunub

Media ombudsmanı ayrı olmalıdır

Jurnalistlər Əflatun Amaşovu dəstəklədi

İnformasiya sahəsi çox dinamikdir, çevik fəaliyyət tələb edir. Ayrıca ombudsman bu sahədə hüquqi məsələləri daha çevik həll edə bilər




Hazırda Azərbaycanda media ombudsmanının səlahiyyətlərini İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova yerinə yetirir. Lakin jurnalistlərin media ombudsmanının fəaliyyətinə birmənalı münasibəti yoxdur. Bəziləri bu təsisatların ayrılmasının tərəfdarıdır. Qeyd edilir ki, hər təsisata ayrı şəxs rəhbərlik etməlidir, yaxud da əlavə ştatlar ayrılmalıdır. Elə bu günlərdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov növbəti dəfə Azərbaycanda informasiya ombudsmanının yaradılması təklifi ilə çıxış edib:

"Təəssüflər olsun ki, Ombudsmanın 2017-ci il üzrə illik məruzəsinin "İnformasiya əldə etmək azadlığı” bölməsi ilə bağlı müsbət fikir söyləyə bilmərəm. Bu bölmədə görülən işlərlə bağlı söhbət açmaq əvəzinə, ümumi xarakterli köhnə məlumatlar, təkrar tövsiyələr yer alır”.

Ə.Amaşov bildirib ki, hesabatda ombudsmanın "İnformasiya əldə etmək haqqında” qanunun tələblərindən irəli gələn vəzifələri tam yerinə yetirməsi görünmür. Söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyətin quruculuğunun əsas şərtidir. MŞ sədri bildirib ki, dövlət bu istiqamətdəki proseslərə böyük önəm və dəstək verib: 

"Belə olan halda müvəkkilin "İnformasiya əldə etmək haqqında” qanundan irəli gələn tələbləri yerinə yetirmək resursunun olmaması təəccüblüdür. Neçə ildir ki, hesabatda Ombudsmanın bu istiqamətdə strukturunun təkmilləşdirilməsi məqsədilə ştat və maliyyənin ayrılması üçün Nazirlər Kabineti və Maliyyə Nazirliyinə müraciətindən bəhs olunur. Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Bu məsələ ciddi şəkildə öyrənilməlidir. Burada maraqlı olmayanların kimliyini bilməliyik. Milli Məclis səviyyəsində də bu məsələyə münasibət bildirilməlidir”.

"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı da MŞ sədrinin təklifini dəstəklədiyini və bunun çox vacib olduğunu deyib: 

"Bir ombudsman praktiki olaraq bütün sahələrdə iş apara bilmir, ən azı fiziki cəhətdən. İnformasiya sahəsi çox dinamikdir, çevik fəaliyyət tələb edir. Ayrıca ombudsman bu sahədə hüquqi məsələləri daha çevik həll edə bilər. Jurnalistlər əmək və sosial hüquqlarının pozulma faktlarına görə birinci yerdədir. Azı 80 faizi qeyri-ştatlı, qeyri-rəsmi, əmək müqaviləsi olmadan ictimai əsaslarla işləyir. Bu o deməkdi ki, bu adamın işə ehtiyacı yoxdu, öz işi və ya hardansa gəliri var, sadəcə boş vaxtlarında hobbi olaraq yazır. Onların əməkhaqqı qeyri-rəsmi və minimumdur. Vergi və sosial sığorta ödənilmir, nəticədə yaşlananda pensiya ala bilməyəcəklər. İş o yerə gəlib ki, bütün digər peşə sahiblərindən fərqli olaraq banklar belə jurnalistlərə kredit vermir. Bunlar həll olunması vacib ciddi problemdir”.

E.Bayramlının sözlərinə görə, bundan başqa, peşə hüquqlarının pozulması, təzyiq, hədə, məlumat verilməsindən imtina və s. bu kimi problemləri də o ombudsman həll etməlidir.

"Bakipost.az” saytının baş redaktoru Elçin Zahiroğlu da sözügedən təklifin kifayət qədər maraqlı olduğunu deyib: "Səhv etmirəmsə, Əflatun müəllimin bu təklifində israr etdiyi əsas məqam informasiya ombudsmanının ayrıca qurum kimi fəaliyyət göstərməsi yox, hazırkı sistemin fəaliyyətinin gücləndirilməsilə bağlıydı. Doğrudan da diqqət yetirilməli, hətta deyərdim, ağrılı məsələdi. Deməli, İnsan hüquqları üzrə müvəkkilliyin tərkibində informasiya ombudsmanı 2010-cu ildə yaradıldı. Həmin vaxt bir neçə deputat bunun əleyhinə səs verdi. Bu qanun layihəsini dəstəkləyən deputatlar isə bildirdilər ki, qurumun yaradılması müsbət haldır, amma düzgün fəaliyyət göstərə bilsə. Bunun üçün ölkənin tanınmış jurnalistlərinin bu işə cəlb edilməsi, ayrıca ştat yaradılması təklif edilmişdi. Lakin təəssüf ki, informasiya ombudsmanının yaradılmasından 9 il keçməsinə baxmayaraq, bu, baş vermədi. Nə ştat ayrıldı, nə də biz bu qurumun parlaq fəaliyyətini hiss etdik. Əflatun Amaşov da çıxışında məhz bu məqama daha çox diqqət ayırdı ki, niyə ştat ayrılmır? Qaldı ki informasiya ombudsmanının ayrı bir qurum kimi fəaliyyətinə, bu barədə indiki məqamda birmənalı fikir demək çətindi. Bəlkə bundansa Azərbaycanda mətbuatla vətəndaşlar, mətbuatla dövlət orqanları arasındakı münasibətlərin tənzimlənməsi işi ilə jurnalistikanın yeganə seçimli təşkilatı olan Mətbuat Şurasının səlahiyyətlərini bir qədər də artırmaq, bununla bağlı məxsusi qanun layihəsinin qəbul edilməsi barədə düşünmək lazımdı”.

APA Holdinqin prezidenti Vüsalə Mahirqızı Media Ombudsmanı ilə İnsan Haqları üzrə Ombudsmanın ayrı olmasını məqsədəuyğun hesab edir:

"Media spesifik sahədir. Burada qətiyyən Elmira xanımın indiki statusundan söhbət getmir. Elmira xanımın indiki yerinə sabah başqa bir hüquqşünas da olsa, onun da media ilə bağlı dəyərləndirmələrində müəyyən qədər problemlər ola bilər. Ümumiyyətlə, insan haqları özü böyük bir sahədir. İnsan Haqları üzrə Ombudsmanın özündə medianı ehtiva etməsi fiziki olaraq mümkün deyil. İnsan haqları sahəsində iş çoxdur. Hesab edirəm ki, media nəzəriyyəsini, hüququnu və qanunvericiliyini bilən bir şəxsin, daha çox bu sahə üzrə peşəkarlaşmış birinin Media Ombudsmanı olması doğru olardı”.
İnformasiya ombudsmanı anlayışının artıq neçə illərdir müzakirə predmeti olduğunu vurğulayan 

"Azxəbər.com” saytının həmtəsisçisi Əfsələddin Ağalarov belə bir qurumun təsis olunmasına ehtiyac olduğunu deyib:

"Ən önəmlisi informasiya ombudsmanının fəaliyyət istiqamətləri, iş prinsipləri nədən ibarət olacaq, onu müəyyənləşdirmək daha vacibdir. Dünya praktikasında bu cür anlayışların mövcud olduğunu vurğulayan həmkarımız deyib ki, "Kütləvi informasiya vasitələri haqqında” qanunda internet media ilə bağlı müəyyən boşluqlar var. Bu isə reketçiliyin inkişafına təkan verir və onların fəaliyyətinin şaxələnməsinə şərait yaradır. Hesab edirəm ki, media ombudsmanının ayrıca qurum olaraq fəaliyyət göstərməsi bu kimi problemlərin də aradan qaldırılmasına töhfə verəcək”.

Tanınmış jurnalist, "Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova isə deyib ki, illər əvvəl ölkədə Media Ombudsmanı institutunun yaradılması nəzərdə tutulsa da, 2010-cu ildə bu, Ombudsman Aparatının tərkibinə verildi. Bugünədək qurumun fəaliyyəti ilə bağlı heç bir məlumat yoxdur. Ona görə yox ki, bu qurum Ombudsman Aparatının tərkibindədir, ona görə ki, Media Ombudsmanın funksiyalarını yerinə yetirmək üçün imkanlar yoxdur. Bu məsələ Elmira Süleymanovanın fəaliyyəti və ya fəaliyyətsizliyi ilə tənzimlənmir. Media Ombudsmanı özünəməxsus funksiyaları olan qurumdur.

Məsələ burasındadır ki, Media Ombudsmanı jurnalistlərin suallarının cavabsız qaldığı, informasiya əlçatımlılığı ilə bağlı problem yarandığı təqdirdə informasiya təminatını həyata keçirməlidir və hazırda bunları edəcək faktiki bir qurum yoxdur. Sual və sorğuların vaxtında cavablandırılmamasına görə cərimə tətbiq ediblər, amma indiyədək bununla bağlı nə müraciət edən olub, nə də cərimələnən, çünki mexanizm yoxdur.

"Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı Elmira Süleymanovanın media ombudsmanı kimi fəaliyyətinin ürəkaçan olmadığını deyib: "Hesab edirəm ki, Elmira xanım canı könüldən istəsə belə, bu işin öhdəsindən gələ bilməz. Buna fiziki imkanları olmaz. Çox yaxşı olardı ki, media ombudsmanı bu qurumdan ayrılsın, müstəqil fəaliyyət göstərsin. Heç olmasa, indiki Ombudsman Aparatının tərkibində bu struktur yaradılaydı. Əflatun Amaşovun iradları yerində idi. Necə ola bilər ki, ombudsmanın bu işlə bağlı Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə müraciətləri cavabsız qalır. Əgər ombudsman bu sadədə problemin öhdəsindən gələ bilmirsə, biz daha nə istəyə bilərik ki?

Hazırda Media Ombudsmanının funksiyalarını yerinə yetirən yoxdur. Media elə bir spesifik sahədir ki, burada ayrıca ombudsmanın olması daha doğru olardı”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də Əflatun müəllimin sözügedən məsələ ilə bağlı tənqidini və iradlarını haqlı hesab edir: 

"Şəxsən mən də o fikirləri bölüşürəm. O vaxtları "İnformasiya əldə etmək haqqında” qanunda İnformasiya Ombudsmanının yaradılması ilə bağlı xüsusi bölmə vardı. Ancaq bir neçə il bu məsələ öz həllini tapmadığı üçün həmin bölmə qanundan çıxarıldı və səlahiyyətləri Elmira xanımın rəhbərlik etdiyi Ombudsman Aparatına həvalə olundu. Çox təəssüflər olsun ki, ötən bu müddət ərzində bu yükü daşıya biləcək struktur formalaşdırılmadı. Bu mənada Elmira xanımı qınamaq da düzgün deyil. İşin həcmi çox olduğundan əlavə kadrlar təyin olunmalı idi”.
Y.Məmmədlinin sözlərinə görə, "İnformasiya əldə etmək haqqında” qanunda öz əksini tapan məsələlər sadəcə media ilə bağlı deyil, daha geniş məfhumdur: "İnformasiyanın əldə edilməsi hər bir vətəndaşın hüququdur. Ancaq bizim dövlət qurumlarının bir çoxu ictimaiyyətə açıq deyil. Hətta jurnalistikanın belə ən ciddi problemlərindən biri olur ki, ilkin mənbədən informasiya əldə etməkdə xeyli çətinlik çəkirik. Bu sahədə ciddi problemlər olduğu üçün məsələyə yenidən baxılmasını təklif edirik. Məncə, İnformasiya Ombudsmanının ayrıca qurum kimi fəaliyyət göstərməsi məsələsinə yenidən qayıtmaq lazımdır. Burada həm dövlətin informasiya siyasəti ilə bağlı gözləntiləri təmin olunacaq, həm jurnalistlər, həm də adi vətəndaşlar informasiya əldə etmək hüquqlarını əldə etmiş olacaqlar”.

(Davamı var...)
Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-05-26
2018-05-25