2018-04-26 14:47:53   |   2704 dəfə oxunub

"Paşinyanın Ermənistanda baş nazir olması real deyil, çünki..." - ŞƏRH

Azər Rəşidoğlu:"N.Paşinyan Türkiyə və Dağlıq Qarabağ münaqişəsi mövzusunda daha aqressiv mövqe tutub. Hazırda Karen Karapetyan və onun kimi nisbətən mülayim olan siyasətçi baş nazir postunda əyləşəcək"





"Ermənistandakı etiraz dalğasının birinci mərhələsində Rusiya prosesə müdaxilə etmədiyinə görə, Serj Sarksiyan məğlub oldu”.

Bunu "Sherg.az”a Qərb və Rusiyanın Ermənistandakı xaosa münasibətindən danışarkən "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu söyləyib. 

O bildirib ki, Serj Sarkisyanın Ermənistandakı Atom Elektrik Stansiyasının 2026-cı ildə bağlanmasına dair Avropa İttifaqı (Aİ) ilə saziş imzalaması Rusiyanı narahat edirdi:

"Bu səbəbdən Rusiya S.Sarksiyanı cəzalandırdı, etiraz aksiyaları başladı. Baxmayaraq ki, bu aksiyalardakı ictimai fəallar qərbyönümlülüyü ilə diqqət çəkirdi, Kremlin məsələyə qarışmaması hakimiyyətə açıq mesaj idi.

Ermənistanda elə şəxs hakimiyyətə gəlməlidir ki, Qərbin və Moskvanın maraqlarına cavab versin. Nikol Paşinyan Türkiyə və Dağlıq Qarabağ münaqişəsi mövzusunda daha aqressiv mövqe tutduğuna görə, onun baş nazir olması real deyil. Hazırda Karen Karapetyan və onun kimi nisbətən mülayim olan siyasətçi baş nazir postunda əyləşəcək.

Etiraz dalğasının ilk mərhələsində Rusiya sakitliyini saxlasa da, ikinci mərhələdə prosesə qatılır. Nikol Paşinyanın heç bir halda baş nazir olmayacağı vurğulanır. Ona görə, razılaşdırılmış sima hakimiyyətə gələcək”.

Qeyd edək ki, Ermənistanda kütləvi etirazların ikinci mərhələsi başlayıb. Sabiq baş nazir Serj Sarkisyanın istefasından sonra küçələrə çıxan mitinqçilər prosesin hələ başa çatmadığını, məqsədlərinə tam nail olmadıqlarını deyiblər. Etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyan hakimiyyət nümayəndələri ilə danışıqları davam etdirəcəyini desə də, baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan Paşinyanın yeni tələblər irəli sürdüyünü əsas gətirərək, danışıqları dayandırıb.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-08-17