2018-05-04 12:48:03   |   498 dəfə oxunub

“Polisə çağıranda gəlib cücəyə dönürlər, yalvarırlar”

Nura Suri: “Klaviatura arxasında oturub şirləşməklə, istədiyin insanı təhqir etməklə hər şey bitmir”

“Başqasının şəxsi həyatına onun icazəsi olmadan daxil olmaq onun yataq otağına, pul kisəsinə icazəsiz əl vurmaq deməkdi”






İnternet, virtual həyat, sosial şəbəkələr bu gün yaşam tərzimizin az qala əsas qayəsinə çevrilib. Klaviatura arxasından özünü şir, pələng hesab edənlər də var, əxlaqi dəyərlərdən xəbərsiz olub əxlaq dərsi keçənlər də. Mənəviyyatdan uzaq olanların mənəviyyat diskusiyasında fikir mübadiləsi aparanları da tapılır. Bəziləri üçün əxlaq mənəvi, daxili aləmin dolğunludusa, bəziləri üçün də sosial şəbəkələrdə tanımadığı, ya da uzaqdan tanıdığı insanları ictimai şəkildə təhqir etməkdi mənəviyyat.

Belələri düşünür ki, onlar mənəviyyatdan, əxlaqdan, insanların şəxsi həyatına icazələri olmadan daxil olub onları təhqir etmək əxlaqlı insan nümunəsi sayıla bilər. Bəzən evindəkilərin, yaxınlarının həyatından xəbərsizlər, ailə dəyərlərinin varlığından xəbərsizlər "qeyrət ağacı”na dönmüş olurlar. Görəsən, birinin anasını təhqir etmək, bir qadının söymək, onu alçaltmaq, mənəviyyatını, qadınlığını bu qədər çirkin göstərməyə maraqlı olmaq "qeyrət kitabı”nın hansı səhifəsinə yazılıb? Qeyrət bir başqasının anasını təhqir etmək, sosial şəbəkələrdə səhərdən axşama qədər əxlaqdan danışaraq başqalarını həyatını mənən zəhərləməkdimi?

Sosial şəbəkənin mövcudluğu bu gün bir çox məqamlarda insanların istər işgüzar həyatında, istər şəxsi həyatlarında müsbət tərəfləri ilə təsir etdiyi qədər, virtual dünyanın həyatımıza vurduğu zərbələr də az deyil. Bu gün sosial şəbəkələr kimlərdənsə qisas almaq, kimlərisə şantaj etmək, bəzən ölümə gedən yolda olan insanı bir az da o uçuruma yuvarlatmaq üçün "dəstəkçi” rolunu oynayır. Axı sosial şəbəkədən düzgün istifadə etmək mümkün olduğu halda niyə cəmiyyətimiz daha çox zərərli tərəflərinə bu qədər meyillidir?

Gənclərimiz sosial şəbəkələrin sanki əsirinə çevriliblər. Halbuki orada boş, səbəbsiz yerə kimlərinsə şəxsi həyatına müdaxilə etməkdənsə, kimlərəsə öyüd-nəsihət verərək sanki ağıllı olduqlarını sübut etməyə çalışmaqdansa, həyatda özlərini tapa bilmək üçün bir az mücadilə etmiş olsalar, bu qədər zəif məxluqa dönməzlər. 

Bəziləri düşünür ki, sosial şəbəkədən istədiyi insanı rahatlıqla təhqir edə bilər. Bu, yanlış düşüncədir. Sosial şəbəkələrdən təhqir edənləri də tapmaq, cəzalandırmaq mümkündür. Təəssüf doğuran məqamlardan biri isə odur ki, klaviatura arxasında şirə dönənlər, polisə dəvət olunanda az qala bir siçan qədər cılız olduqlarını nümayiş etdirib, yalvarıb üzrxahlıq edənlərdi.

Sosial şəbəkələrdən isə daha çox tanınmışlar, üzdə olan insanlar təhqirlərə məruz qalırlar. Bu da anlaşılandır, çünki nə qədər üzdə olub tanındınsa, səni sevənlər qədər sevməyənlərin də olacaq. Amma istənilən halda kiminsə səni təhqir etməsi nə hüquqi müstəvidə, nə də etik çərçivədə doğrudur.
Bu günlərdə müğənni Nura Suri sosial şəbəkədə onu təhqir edən izləyicilər barəsində polisə şikayət edib. İfaçı bu barədə feysbuk səhifəsinə yazıb. 

O bildirib ki, onu təhqir edən şəxslərin kimliyi məlumdur: "İkinci dəfədir ki, bu məsələ ilə bağlı polisə müraciət edirəm. Çox heyifslənirəm ki, belə xırda işlərlə onların vaxtını alırıq. Keçən il də, bu il də şərhlərdə məni təhqir edən bir neçə şəxsin kimliyi müəyyənləşdirilib və tapılıb. Şərh yazanlar etdikləri hərəkətə görə üzr istəyiblər. Bu il isə yenidən bu tipli şərhlər yazan, şər atan və təhqir edən bir neçə şəxs barədə də araşdırma aparılıb və ünvanlarına qədər tapılıb. İnşallah, daha ətraflı iki gün ərzində məlumat verəcəm”.

Müğənni ilə əlaqə yaratdıq. Polisə müraciəti ilə bağlı "Şərq” açıqlama verən Nura Surinin ismarıcları sərt oldu.

- Polisə müraciət edərək sosial şəbəkədən sizi təhqir edənlərin cəzalanmasına çalışırsız?

- Bəli. Əslində mən səhifələrə girib şərhləri oxumuram. Məni tağ edən dostlarımdan birinin səhifəsində məni təhqir ediblər. Ailə dostlarım da onlara cavab verib, mən olsam cavab verməzdim. Belə insanları ciddiyə almıram. Amma elə tərbiyəsiz sözlər yazılmışdı ki, mən onu cəzalandırmağa qərar verdim. Əslində onun dedikləri məni narahat etmir.

 Mən kim olduğumu bilirəm. Amma onu cəzalandırmaqla başqalarına da bir ibrət olsun deyə polisə müraciət etməli oldum. Mən feysbuk səhifəmdə paylaşım edərək şəxsi fikirlərimi bölüşmüşəm. Klaviatura arxasında oturub şirləşməklə, istədiyin insanı təhqir etməklə hər şey bitmir. Lazım gələndə o insanları cinayət məsuliyyətinə də cəlb etmək olur. Biz demokratik ölkədə yaşayırıq. 

Azərbaycanın qanunları var və hər bir vətəndaş bu qanunlara tabe olmağa borcludu. Mən də qanun çərçivəsində şikayətimi edə bilərəm, ərizəmi də yazaram, o insanın hüquq-mühafizə orqanları tərəfindən tapılmasını da tələb edərəm. Sadəcə, belə əclaflara vaxt sərf etmək istəmirik. Polisin belə xırda işlərə görə zamanını almaq lazım deyil. Amma belələri cəzasız qalanda bu kimi təhqirlərinə davam edirlər. Amma cəza alsalar, məsuliyyəti hiss etsələr, bu, onlara da onların simasında bu əxlaqa sahib olanlara da bir dərs olar. Bildiyim qədər bu problemlə Röya da qarşılaşıb. Afaq Gəncəli və digərləri də sosial şəbəkədə onları təhqir edənlərin cəza alması üçün polisə müraciət ediblər.

- Siz bir dəfə də bu kimi problemlə qarışlaşmışdız?

- Bəli, bir dəfə də ötən il sosial şəbəkədən məni təhqir edən insandan şikayət etdim. Tapdılar, gətirdilər. Mən polis bölməsinə övladlarımla getdim. Bunu da bilərək etdim. Çünki o insan məni təhqir etməklə övladlarımın anasını da təhqir etmiş olmuşdu. Mənim kimi övladlarımdan da üzr istəməli idi. Sual verdim ki, axı sənə kim o ixtiyarı verib ki, bu uşaqların anasını təhqir edəsən? Sənin anan yoxdumu? Sən ana sözünə dəyər verməyi bacarsaydın, başqasının anasını təhqir etməzdin. Öz ananı düşünərdin. Polisdə cücəyə dönən o klaviatura qəhrəmanı üzr istəyib, yalvarırdı. 

Anasının gözünün qabağında bu qədər cılızlaşmaq kişilikdi? Sən əgər üzr istəyəcəkdinsə, niyə bu gün düşünmədən kimisə rahat təhqir edib onun şəxsiyyətinə toxunursan? Bu baxımdan ikinci hadisədir. Birinci dəfə polisə gələn o gəncin anası müəllimə idi. Başqalarına təlim-tərbiyə verən müəllimənin övladının tərbiyəsində problem var idi. Mənim müəllim adına da, müəllimlərə də hörmətim sonsuzdu. Sadəcə mən olanı dilə gətirdim. Polisin vaxtına heyfim gəlir ki, cinayətkar axtarmaq əvəzinə xuliqana vaxt sərf edir. Amma bu dəfə də bu şikayəti etməyə məcbur qaldım. Çünki belələri polisə gəlməyənə qədər o iyrənc hərəkətlərini davam etdirirlər.

- Səncə, niyə tanınmışlar daha çox sosial şəbəkələrdə bu kimi təhqirlərə məruz qalırlar? Bu aqressiya nədən yaranır?

- Mən düşünmürəm ki, təkcə sənətçilərə qarşı bu aqressiya var. Bəzən insanlar başqalarının fikirlərinə, düşüncələrinə hörmətlə yanaşa bilmirlər. Bu günlərdə status yazmışdım ki, niyə taksi sürücülərimiz turistlərə qarşı belə haqsızlıqlar edirlər, onları aldadırlar? Buna dələduzluq deyilir. Dövlətimiz bu qədər böyük işlər görür, turizmin inkişafı üçün layihələr hazırlanır, bu sahənin inkişafına dövlət dəstəyi var. Sən dövlətin dəstəyi ilə turizm sahəsində görülən işlərə niyə kölgə salırsan? Dövlətimiz çalışır ki, Azərbaycanda turizm sektoru inkişaf etsin, dövlətə gəlir gəlsin. Sən isə belə ucuz xuliqanlığınla buna mane olursan. 

Turist Azərbaycana ilk dəfə gəlib sən onu aldadarkən düşünmürsən ki, sənə görə o insanda bu millətə qarşı mənfi fikir yarana bilər. Biz bütün dünyaya sübut etməyə çalışırıq ki, bizim torpaqlarımız işğal altındadır. Sübut etməyə çalışırıq ki, biz sülhsevər, qonaqpərvər millətik. Heç kimin torpağında, malında, pulunda gözümüz yoxdu. Amma sənin bir turistdən 5 manat artıq pul almağın bu millət haqqında yaranacaq təəssüratı ləkələmiş olur. Sən taksi sürücüsü düşünmürsən ki, turisti aldatmaqla bir millətin adına xələl gətirmiş olursan? Bizi dələduz millət kimi niyə tanıdırsan? Axı hər birimiz bu millətin bir simasıyıq. Hər birimizin hərəkəti bu millətin adı ilə bağlıdı. Turistlərlə xoş davranmaq, onlarla düzgün ünsiyyət qurmaq əvəzinə fürsət düşən kimi niyə onlara qarşı dələduzluq edirsiz ki? Ayıbdı. Bir gün 5 manat artıq qazanmaqla heç kim milyoner olan deyil. Amma 5 manata görə millətimiz barədə mənfi rəy yaradırsız. Sonra bu rəyləri dəyişmək üçün milyonlar yetməz. Sosial şəbəkədə mənim bu paylaşımıma da sərt çıxanlar oldu. Mən öz subyektiv fikrimi yazmışam. Sən razı olmaya bilərsən. 

Amma məni təhqir edə bilməzsiz. Bu gün məni öz azərbaycanlım təhqir edirsə, başqalarından nə gözləyə bilərik ki? Biz birliyimizi göstərməyə ehtiyacımız olduğu bir dönəmdə bunu bacara bilmiriksə, düşmənlə necə mübarizə apara bilərik? Axı bu, ciddi problemdi. Bu problemə ötəri yanaşmaq düzgün olmaz. Sosial şəbəkələrdə də diqqətli olmalıyıq, gündəlik həyat tərzimizdə də çalışmalıyıq ki, başqalarının həyatına müdaxilə etməyək. Başqasının şəxsi həyatına onun icazəsi olmadan daxil olmaq onun yataq otağına, pul kisəsinə icazəsiz əl vurmaq deməkdi. Şəxsi həyat insanların özlərinə aiddi. Mənim fikrimlə sən razılaşmaya bilərsən, amma mənə bu iradını bildirə bilməzsən. Buna ixtiyarın yoxdu. Sosial şəbəkələrdə bu gün onu-bunu təhqir edən qəhrəmanlar yaxşı olar ki, bir az təhsillərinə vaxt ayırsınlar. 

Bu günün gəncləri ilə bizim dövrün gəncliyi arasında o qədər böyük fərq var ki. Biz məktəbdə, gənclik illərimizdə oxuduğumuz kitabları gəlib müzakirə edərdik, fikir mübadiləsi aparardıq. İndi sosial şəbəkədə onun- bunun yaşam tərzini, geyimini müzakirə edənlər var. Ən acısı onlar özlərinin halından xəbərsizdilər. Əslində sosial şəbəkələrdə mənasız yerə vaxt ayıranlar, əxlaqdan uzaq olub əxlaq dərsi keçənlər həyatda özlərini tapmayan insanlardı əksər hallarda. İnsan həyatda özünü tapa bilməyəndə yeri olmur deyə, həmişə başqalarının həyatına müdaxilə etməklə sanki özünü tanıtmaq, yada salmağa çalışır. Çünki yeri olmayıb özünü tanımayan insanı heç kim görmür, heç kim üçün maraqlı olmur. Onlar da özlərini yada salmaq, mən də varam deyə özlərini təsdiqləmək üçün sosial şəbəkələrdə "şir” kimi görünməklə diqqət mərkəzində olmağa məcbur qalırlar. Həyatda özünü təsdiq edən insanlarla özünü axtaranlar arasında həmişə böyük bir fərq olub. Onlar bu fərqi görüb çarəsiz olduqlarından həyatlarındakı boşluqlarını bununla doldurmağa çalışırlar.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-06-22