2018-05-09 11:50:38   |   1829 dəfə oxunub

“Rusiyadakı etirazların arxasında daha böyük proseslər dayanır” - Müsahibə

Eldar Namazov: “Əgər sanksiyalar davam edərsə, etirazlar güclənəcək, vəziyyət mürəkkəbləşəcək”

“Rusiya cəmiyyətinin bir qismi, konkret olaraq iş adamları və müasir görüşlü gənclər Qərblə xoş münasibət qurmağı, dünya iqtisadiyyatına inteqrasiyanı sürətləndirməyi təklif edirlər”




Ötən gün Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi baş tutub. Putinin inauqurasiyası ərəfəsində müxalif lider Aleksey Navalnının çağırışı ilə minlərlə insan Moskva və Rusiyanın 90-dan çox şəhərində küçələrə çıxıb. Polis etirazçılara sərt müdaxilə edərək, yüzlərlə aksiyaçını həbs edib. Bundan sonra Putinin tərəfdarları ilə etirazçılar arasında qarşıdurma yaranıb. Maraqlı olan odur ki, aksiyaların bəzilərinə icazə verilib, digər mitinqlər isə dağıdılıb.

Navalnının yardımçısı Leonid Volkov bildirib ki, rəsmilər hər zaman etirazlardan qorxublar, qorxmağa da davam edirlər. Volkov bəzi yerlərdə aksiyalara icazə verilməsini indiki hökumətə demokratiya donu geyindirmək cəhdi kimi dəyərləndirib. Yerli ekspertlər isə iddia ediblər ki, Navalnı etirazlarının arxasında Qərb dairələri dayanır, onların inauqurasiya öncəsi meydanlara çıxması da aksiyaların öncədən hazırlandığını göstərir. Şimal qonşumuzda baş verənlərlə bağlı "Şərq”ə danışan "Azərbaycan Naminə” İctimai Mərkəzin rəhbəri Eldar Namazov Rusiyada baş verən proseslərin bir neçə məqamla bağlı olduğunu deyib...

- Müxalif lider Aleksey Navalnının rəhbərlik etdiyi etiraz aksiyalarının Putinin inauqurasiyası günü başlaması təsadüfdür, yoxsa əvvəlcədən planlaşdırılıb?

- Navalnının təşkil etdiyi aksiyalar konkret olaraq Putinin andiçmə mərasiminə hesablanmışdı. Mərasimə bir-iki gün qalmış Rusiyanın bir çox şəhərlərində eyni vaxtda aksiyalar başladı. Mitinqlərə kifayət qədər çox insan qatıldı. Şübhəsiz ki, etirazların arxasında daha böyük proseslər dayanır. Putin hakimiyyəti Qərblə qarşıdurmaya getməklə, Gürcüstanda, Ukraynada, Suriyada məlum addımları atmaqla güclü sanksiyalarla üz-üzə qalıb. Ardıcıl tətbiq olunan sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə sarsıdıb. Onsuz da ölkə iqtisadiyyatında zəruri struktur dəyişikliyinin vaxtı çoxdan keçmişdi. İslahatlar yubandıqca, problemlər də artmağa başladı. Əlavə olaraq iqtisadi sanksiyaların tətbiq olunması ölkədə sosial vəziyyəti gərginləşdirdi. Hazırda Rusiya dövlət kimi çox böyük sınaq qarşısındadır. Əhalinin böyük hissəsi iqtisadi cəhətdən ağır durumdadır. Ölkədə geniş yayılmış korrupsiya olayları, büdcənin boşalması, ordu və sosial layihələrə əvvəlki kimi maliyyə ayrılmaması ciddi fəsadlara gətirib çıxarıb. Hökumət bir müddət üstünlüyü orduya verdiyi üçün əhalinin sosial durumu pisləşdi. Çıxış yolu kimi Rusiyada ilk dəfə olaraq Müdafiə Nazirliyinin büdcəsi 1 trilyon rubl azaldıldı. Əslində bunu etməyə məcbur oldular, çünki əhalinin narazılığı artırdı. Rus siyasətçilər özləri də etiraf edirlər ki, bu cür gedişat çox təhlükəlidir. Əgər Rusiyaya qarşı sanksiyalar davam edərsə, etirazlar güclənərsə, vəziyyət daha da kritikləşəcək. Daxili qarşıdurma genişlənəcək.

- Aksiyaların arxasında Kremlin dayandığını iddia edənlər var. Sizcə, indiki hökumət etirazların hansısa formada genişlənməsində maraqlı ola bilərmi?

- Hakimiyyətin içərisində ikitirəlik özünü ciddi büruzə vermir. Putin çox sərt siyasətçidir. Kreml rəhbəri komandasında hansısa xəyanəti, gizli işi aşkar edərsə, reaksiyası çox kəskin olar. Sözsüz ki, Kremldə maraqların toqquşması mümkündür. Rusiya cəmiyyətinin bir qismi, konkret olaraq iş adamları və müasir görüşlü gənclər Qərblə xoş münasibət qurmağı, dünya iqtisadiyyatına inteqrasiyanı sürətləndirməyi təklif edirlər. Lakin Rusiyada mövcud olan böyük məmur ordusunun maraqları tamam başqa istiqamətdədir. Həmin məmurlar nə şəffaflığı qəbul edirlər, nə də qanunların aliliyini tanıyırlar. Məhz bu cür qruplar daxildə qarşıdurmalar yaratmaqla Putinin ətrafında öz mövqelərini daha da möhkəmləndirməyə çalışırlar. Putinin andiçmə mərasimindən sonra Rusiyanın aparıcı dövlət kanalı olan "Rossiya 1” televiziyasında inauqurasiyaya həsr olunmuş siyasi tok-şou verildi. Efirə dəvət olunmuş müxalifət nümayəndələri Putinin qələbəsinə əməlli-başlı soğan doğradılar. Açıq şəkildə bəyan etdilər ki, ölkədə çox ciddi problemlər var. Əgər vaxtında önləm alınmasa, Qərblə münasibətlər düzəldilməsə, Rusiyanı çox ağır günlər gözləyir. Baxmayaraq ki, televiziyada Putinin tərəfdarları ilə müxalif siyasətçilər əlbəyaxa oldular, hər halda bu cür ifadələrin dövlət kanalında səsləndirilməsi ciddi məqamlardan xəbər verir.

- Ciddi məqamlar deyəndə nəyi nəzərdə tutursuz?

- Televiziyadakı qarşıdurma eyni zamanda rus cəmiyyətinin içində maraqların toqquşmasından xəbər verir. Aleksey Navalnı Moskvada aksiyalar keçirəndə Rusiyada ilk dəfə olaraq, hakimiyyət təkcə polisdən və amondan deyil, həmçinin, ictimai qurumlardan da istifadə edərək, qeyri-rəsmi qrupların əli ilə aksiyaçıları dağıtmağa, zərərsizləşdirməyə çalışırdı. Bilirsiz, bu, artıq vətəndaş müharibəsinin əlamətidir. Proses bu şəkildə davam edərsə, küçələrdə etirazlar zamanı qruplaşmalar arasında qan da tökülə bilər.

- Rusiyanın dünyanın bir çox yerində sərgilədiyi siyasi gücü və hərbi mövqeyi daxildəki iqtisadi böhranı kompensasiya edə biləcəkmi?

- Rusiyanın əsas problemi məhz budur. Ölkənin iqtisadi gücü kifayət qədər güclü olmadığı halda hegemonluq uğrunda ABŞ və digər Qərb dövlətləri ilə savaşa girir. Bu mübarizədə Rusiyanın uğur qazandığı məqamlar sadəcə xarici siyasətlə bağlıdır. Artıq Qərb də qəbul edir ki, Rusiya böyük gücdür. Hərbi sənayesi güclü olan dünya dövlətidir. Ancaq ölkə iqtisadiyyatının getdikcə zəifləməsi Moskvanın siyasi gücünə də mənfi təsir edir. Putinin andiçmə zamanı səsləndirdiyi fikirlər göstərdi ki, Kreml rəhbəri özü də çox narahatdır. Görünür, xarici siyasətdə müəyyən dəyişiklik olacaq. Üç-dörd ay bundan əvvəl Putin çıxış edərkən az qala yüz dəfə silah, ordu və savaş sözlərindən istifadə edirdi. Qərbə hədə-qorxu gəlirdi. Lakin inauqurasiya zamanı sadəcə insanların sosial durumundan danışdı. Bəyan etdi ki, problemləri birlikdə həll etməliyik, iqtisadi çətinlikləri yoluna qoymalıyıq. Putinin çıxışları arasındakı fərq ölkə liderinin reallığı gördüyünü, problemin ciddiliyini anladığını göstərir. Ən əsası isə bu çıxış Putinin dəyişmək niyyətində olduğunu ortaya qoyur. Həqiqətən də, daxildəki problemləri həll etmədən uğurlu xarici siyasət yeritmək mümkün deyil.

İsmayıl








SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24