2018-05-15 14:44:38   |   171 dəfə oxunub

Tut ağacı, mən sən ola bilmədim...

Dərdə sarılan aşiq



Bu yaxınlarda ədəbi ictimaiyyətdə tanınmış tərcüməçi şairin ad günü ilə eyni gündə (yanvarın – 29 – da) təqdimatını keçirdiyimiz yaradıcılığının çoxcəhətliliyi, mövzu rəngarəngliyi və janr müxtəlifliyi ilə diqqəti çəkən - ətrafındakılardan özünün fədakarlığı ilə fərqlənən yaxın və səmimi dostumuz Givinin (Giya Paçxataşvilinin) mərhum həyat yoldaşına - Lamaraya Azərbaycan dilində həsr etdiyi çapdan təzə çıxmış "Tut ağacı” adlı ikinci kitabı işıq üzü gördü. 

"Son əvvələ gedən yol” kitabında olduğu kimi bu kitabında da Tanrısının müəllifə əta etdiyi, nəsibi olduğu mərhum xanımı Lamaralı və Lamarasız günlər öz əksini sözün yaxşı mənasında hisslərin çılpaqlığında tapmışdır. Bu kitabda əks olunan müəllifin yaşadığı ağrı-acılar inandırıcılığı və səmimiliyi ilə oxucunu özünə çəkir. Zərgər dəqiqliyi ilə seçilmiş bədii ifadə və təsvir vasitələri doğulmuş hiss-həyacanın cizgilərini rəssam məharəti ilə verilməsinə səbəb olmuşdur. Nəzərə alaq ki, yazılan hər hansı yazı, o cümlədən, şeir bir tarixdir. Bunun da nəticəsində şairin mərhum xanımı Lamaralı və Lamarasız günlərdən qaynaqlanan çəkdiyi ağrı-acıların, əzab-əziyyətlərin yükünə oxucu biganə qala bilmir. Bu da, oxucu marağının trayektoriyasını genişləndirərək onu həmin hissləri öz içində yaşamasına, bir müddət o ruhda – ülvi hislər, saf sevgi ağuşuna sığınmasına, köklənməsinə və ətrafa dərdlər içərisindən boylanmağa sövq edir. Obrazlı ifadələrin yerli-yerində işlədilməsi şeirləri dada-tama gətirərək onları oxunaqlı və cəlb edici etməkdən əlavə şeirlərin məna yükünü, semantik tutumunu artırır, onu uzun müddət yaddaqalımlı edir. Yeri gəldikcə müəllifin loru danışıq dilindən – dialekt və şivələrimizdəki sözlərdən faydalanmasısa şairin zəngin leksikasından xəbər verir. Eyni zamanda, bu şeirlərdəki təbiiliyi, sözlərin rəng və məna çalarını, diləyatımlığı, məna tutumunu, duyğusallığını, duyumun asanlaşdırılmasını, müəyyən hislərin oxucuya tanışlığını artırmaqla bərabər, oxunduqca müəllifi oxucuya doğmalaşdırır. Dövrümüzün gözlənilməzliklərlə dolu çağında, söz-söhbətlər qaleriyasında, qarmaqarışıq hadisələrin qucağındaykən gah laylanı, gah ağını xatırladan bu şeirlərdəki sevgi zəncirinin qırılmazlığı, məhəbbət - insaf su kimi təravətini saxlaması, dünənki əhdi-peymanına sadiqlik kimi ülvi hislər biixtiyar dodaqda şirin bir zümzüməyə çevrilərək adamın içini silkələyir, canına, qanına hoparaq iliyinə işləyir.
Kitabdakı "Mən gedəndə” şeirində olduğu kimi:

…Mən gedəndə
Yandırılmış bədənimdən,
Ayrıldığım Vətənimdən
Qalmış külümü
Dəmir qutuya qoyub
Lamaranın böyründə basdırın...

Ölümün əliylə
Məni incidən dərdləri
Yarımın başdaşından asdırın...

Müəllif burada mərhum həyat yoldaşıyla bağlı hisləri, ona olan sevgi-məhəbbətini öz oxucusuna tam mənasıyla çatdırmaqdan ötrü bunu ana sevgisi, vətən məhəbbəti səviyyəsinə qaldırır, bu sevginin aydan arı, sudan duru olduğuna, tükənməzliyinə oxucunu əmin edir.
Şairin tut ağacına müraciətlə yazdığı şeirdə əhdinə sadiqliyin, yarına bağlılığın başqa bir bariz nümunəsini görürük.

… Lamara yatağa düşəli...
nəvazişdən kəsildin,
Xərçəng- xərçəng əzildin.
Daha gərilmədi budaqların,
Seyrək oldu yarpaqların,
Şirin tamını itirdi barın,
Dərdini mənə deyəydin barı...
Tut ağacı, mən sən ola bilmədim...

...Elə ki Lamara gözlərini yumdu,
Və Pasxaöncəsi cənnətə cumdu,
Səni əsməcə tutdu...
Çiçəklərini yerə çırpıb,
budaqlarını qurutdun,
Ürəyini kölgədə qoyub,
Allahını unutdun...
Bu dərd səni də uddu...
Tut ağacı, mən sən ola bilmədim...

Şair buradasa özünün sevimli xanımından sonra sağ qalmasına təəssüflənir, tut ağacının sadiqliyinə:- "Mən sən ola bilmədim”- deyə bir növ həsəd aparır. Lakin eyni zamanda, özünü tut ağacıyla müqayisə edərək onun bu ayrılığa, bu həsrətə tablaya bilməyib dərd önündə əyildiyini söyləyir. Bununla şair həm də oxucusunu tut ağacından fərqli olaraq, dözümlü və mübariz olmağa çağırır.
Kitabı oxucuya sevdirən oradakı söz və məna politrasının əlvan olmasıdır ki, bu da təsvir olunan hiss-həyacanın oxucuya çatmasında əvəzsizdir. Başqa önəmli cəhət müəllifin rastlaşdığı, şahidi olduğu hər bir anı diqqətdən qaçırmayaraq, onun dəyərini içində saf-çürük etdikdən sonra öz məqamında bədii boyalarla verə bilmək bacarığıdır. Bunu "Lamaranın gülləri”, "Lamaranın telefonu” və s. şeirlərindən də görmək mümkündür.
Həyatın keçməkeşlərinə, günlərinin təlatümlərinə dəniz sahilləri kimi həyasız dalğalarla çarpışmada daim özündə güc-qüvvət tapdığı halda, hər bir əziyyətə qatlaşmağı bacaran, çoxşaxəli və çoxcəhətli yaradıcılığa malik müəllifin hərdən hissə qapılmasından bəzi şeirlərdə qürub əhvali-ruhiyəsi duyulur. "Bəxtim” adlı şeirində gileylənərək deyir:

Ey gözdən əlil bəxtim,
Əzazil, zəlil bəxtim.
Yar gözümün nuruydu,
Nura batdı mil, bəxtim...

Bəxtim, ikimiz də koruq,
Torpaq götürməyən goruq.

Bu giley-güzara səbəbsə aşiqin illər boyu diz-dizə, üz-üzə oturub-durduğu, dərd-sərini, sevincini bölüşdüyü birgə ömr sürdüyü sevgilisindən cismən ayrılsa da, ruhən ayrıla bilməməsi, Onları bir-birinə bağlayan tellərin qırılmazlığı, möhkəmliyidir.
Kitabı gözdən keçirdikcə oxucunun gözü önündə sevgi-məhəbbətdən doğan dərdlər tablosu canlanır. İstər-istəməz oxucu da bu təsirə düşür. Oxucuda bu hissin yaranmasına, onu öz ardınca çəkib aparmasına ümdə səbəblərindən digər biri Givinin portretini çəkdiyi, vaxtı ilə üzləşdiyi dərd-bəlanı sevməsi, onu tumarlaya-tumarlaya əzizləyərək təsvir edə bilməsidir. Bu şeirlərə dərindən diqqət etdikdə adama elə gəlir ki, Givi həm də dərd aşiqidir. Dərdlər onu sevdiyi qədər o da qəm-kədəri hörmət-izzətlə, özünəməxsus dözümlə qarşılaya bilir. Böyük klassik şairimiz Füzuli demiş:

"Mən istərəm bəlanı, çün istər bəla məni.”

Lakin bu hüznün, bu kədərin içində optimistik bir ruh, sarsılmaz bir dözümlük, yenilməz bir mübarizə vardır. Bu hüzn fonununa baxmayaraq kitabdakı şeirlərin leytmotivini- ana xəttini yorulub usanmayan, sanki heç vaxt tükənməyəcək insan həvəsi,ətrafına həyat eşqi aşılayan dan yerinin günəşi təşkil edir. Bu da, ona geniş oxucu auditoriyası qazandırmaqla yanaşı istedadlı qələm ustasının böyüklüyündən xəbər verir. Zəngin həyat təcrübəsi olan, buna qədər Rus və Gürcü dillərində neçə-neçə kitabın müəllifi kimi tanıdığımız Qiya Paçxataşvilinin (Givinin) günəş sönməzliyindən mayalanan mübarizliyi, dərd-kədərə mətinliklə sinə gərib qalib gəlməsi yaz günəşinin şəfəqləri kimi insana ruh verir, onu dərdi də, sevinci də təmkinlə, sahmanla qarşılamağa səsləyir. Bu kimi xüsusiyyətlər çoxdilli oxucu auditoriyası qazanmış müəllifi oxucuların nəzərində yüksəldərək yenilməz edir, şeirlərdəki aura ətrafdakılara müsbət enerji aşılayır, insanı inamla mübarizəyə, sabaha ümidlə baxmağa çağırır.


P.S
Zənnimcə bu kitabın dəyərini artıran "Annatasiya”nı təkrarən verməklə yazıya son qoymaq daha düzgün olardı. Aşağıda sözü gedən qısa "Annatasiya”nı oxuculara təqdim etməyi vacib bildim.
"Kitab 2017 – ci ildə müəllifin "VEKTOR” Beynəlxalq Elmlər Akademiyasının Şahmar ƏLƏKBƏRZADƏ adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülməsi münasibətilə "VEKTOR” BEA tərəfindən nəşr edilir.”

Famil Hacısoy, dil - ədəbiyyat müəllimi, şair







SON XƏBƏRLƏR

2018-05-26
2018-05-25