2018-05-16 10:24:14   |   208 dəfə oxunub

Türkiyə İngiltərə müttəfiqliyi qurulur

Azərbaycan da öz düzgün seçimini edib



"Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına ilk xarici səfərini reallaşdırdı və ağası Putinə sözdə biyət etdi. Ancaq əməldə yeni baş nazirin kabinetindəki bütün nazirlər Qərbyönümlüdür”.

Bunu "Şərq”ə açıqlamasında Sivilizasiyalar və Konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib. Regionda baş verən prosesləri dəyərləndirən politoloq bildirib ki, Paşinyan hələlik ermənisayağı "balanslaşdırılmış siyasət” yeridir:

 "Əslində Moskva bunun fərqindədir və hələlik gözləyir. Paşinyan Rusiya ilə birlikdə olduğunu bildirsə də, sonradan əlavə etdi ki, bu ittifaqda hər şey istədikləri kimi deyil. Erməni baş nazir Türkiyə ermənisi olan dünya şöhrətli iqtisadçını Ermənistana dəvət etdi. O, "Qazprom”dan asılı Ermənistanı bu asılılıqdan xilas etmək niyyətindədir. Lakin amerikalı iqtisadçı Milton Fridman qəbirdən qalxıb gəlsə belə düşmən ölkənin iqtisadiyyatı inkişaf etməyəcək. Yeganə çıxış yolu odur ki, "Qazprom” Ermənistan iqtisadiyyatını yeni erməni iqtidarına təhvil versin. Şübhəsiz ki, indiki halda bunun reallaşmasından söhbət gedə bilməz”.


Analitik Türkiyə Prezidenti Ərdoğanın Böyük Britaniyaya rəsmi səfəri barədə də danışıb. Onun fikrincə, Suriyanın və Fələstinin çalxalandığı vaxt Ərdoğanın Londona səfəri təsadüfi deyil: "Son illərdə Amerika və kontinental Avropanın İslamofobiya, Türkiyəfobiya və Ərdoğanafobiya siyasətindən özünü uzaq tutan yeganə Avropa ölkəsi Böyük Britaniyadır. Ərdoğanın səfərindən sonra Türkiyə ilə İngiltərənin yaxınlaşması daha da sürətlənəcək. Yaxın gələcəkdə Fələstin və Suriya məsələlərində Türkiyə və İngiltərənin eyni mövqedən çıxış edəcəyi gözlənilir. Dünya və regionda ABŞ-İsrail, Almaniya-Fransa, Rusiya-İran ittifaqlarına qarşı, Avropa və Yaxın Şərqdə "NyuOsmanlı” Türkiyəsi ilə Böyük Britaniyanın müttəfiqliyi də qurulur. Görünür, Azərbaycan da öz seçimini edib və Türkiyə-İngiltərə cütlüyünü seçib. Məncə, çox düzgün seçimdir”.

Ə.Məmmədli əlavə edib ki, Türkiyə-Azərbaycan hərbi ittifaqının güclənməsi, prezident İlham Əliyevin Türkiyədən sonra İngiltərəyə səfəri və BP ilə anlaşmalara imza atması regionda balansın yenidən qurulacağı anlamına gəlir: "Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də dəyişiklik olacaq”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-05-26
2018-05-25