2018-05-16 10:27:55   |   209 dəfə oxunub

ABŞ cavab verəcək Qüds ölüm-qalım məsələsidir

Toqquşmalar tezliklə bitməyəcək, xalq qiyamı başlayacaq




Amerika Birləşmiş Ştatlarının İsraildəki səfirliyini Qüdsə köçürməsindən sonra Yaxın Şərqdə yaranmış vəziyyət gərgin olaraq qalmaqdadır. On minlərlə fələstinlinin etiraza qalxması qanlı toqquşmalara və 60-a yaxın insanın həlak olmasına səbəb olub.

Trampın qərarının Şərqdəki onsuz da ağır olan vəziyyəti bir qədər də gərginləşdirəcəyini deyən ekspertlər hesab edirlər ki, Vaşinqtonun bu addımı ABŞ-ın nüfuzuna xələl gətirəcək və islam aləmində Amerikaya qarşı yeni cəbhə açacaq. Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib.

Türkiyə ABŞ və İsrail səfirlərini geri çağırdı

ABŞ səfirliyinin Qüdsə köçürülməsindən sonra Ankara Vaşinton və Təl-Əvivdəki səfirlərini məsləhətləşmək üçün geri çağırıb. Türkiyə Prezidenti Ərdoğan Qəzzada baş verən insanlıq dramını lənətləyib. Onun sözlərinə görə, İsrail terrorizmi yayan bir dövlətidir: "ABŞ İsraillə rəhmsiz razılaşmaya gedib. Hücumlar İsrailin çirkin simasının göstəricisidir. Fələstinli qardaşlarımıza dəstək üçün 3 gün matəm elan etmişik. İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısını keçirilməsini tələb edirik. Cümə günü Yeni Qapı meydanında zülmə qarşı böyük nümayiş təşkil edəcəyik. Bütün imkanlarımızla fələstinlilərin yanındayıq. BMT baş katibi və hörmətli Mahmud Abbas başda olmaqla, bir çox liderlərlə bu mövzuda görüşlər keçirəcəyəm. Xristian, musəvi və digər inanc sahiblərini bu haqsızlığa qarşı səslərini ucaltmağa çağırıram”. Ərdoğan həmçinin BMT Təhlükəsizlik Şurasının çağırılmasını da tələb edib.

Türk səfirin geri çağırılmasına ABŞ-dan ilk reaksiya

Pentaqonun Yaxın Şərq üzrə nümayəndəsi Erik Pahon Türkiyə səfirinin Vaşinqtondan geri çağırılması barədə danışıb. Pahon iki ölkə arasındakı əməkdaşlığın tarixinə diqqət çəkib və NATO müttəfiqi Türkiyə ilə ortaq təhlükəsizlik qayğılarının olduğunu deyib: "Birlikdə çalışmağa davam edirik. Türkiyə İŞİD-i məğlubiyyətə uğratmaq üçün təşkil olunan əməliyyatlarda əvəzsiz müttəfiq olmağa davam edir”.

Şeyxdən Qüds qətliamı ilə bağlı açıqlama...

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qüdsdə baş verən hadisələrə müsəlman olaraq biganə qala bilmədiyini deyib. Şeyx vurğulayıb ki, Qüds Fələstinin paytaxtıdır və ora hər hansı bir müdaxilə qarşıdırumalar və çətinliklər əmələ gətirir: "Televiziyalarda baxanda 59 nəfərin şəhid olduğunu eşitdim. Bu, böyük faciədir. Biz bunun 20 Yanvar hadisəsi zamanı şahidi olmuşuq. Təcavüzün nə demək olduğunu gözəl bilirik”. Paşazadə qeyd edib ki, o yer bütün dinlər üçün müqəddəsdir: "Müsəlman dövlətlərin arasında birlik olmadığına görə bundan sui-istifadə olunur”.

ABŞ-ın müttəfiqi Trampa qarşı çıxdı

Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi beynəlxalq hüququn pozulmasıdır. Rəsmi İslamabad Vaşinqtonun bu qərarlarının BMT Təhlükəsizlik Şurasının iki dövlət prinsipini pozduğunu bildirib: "Pakistan Qüds məsələsində Fələstinin yanındadır və hər zaman da elə olacaq”.

ABŞ-ın Qüds qərarına daha iki ölkə qoşuldu...

ABŞ-la yanaşı Qvatemala və Paraqvay da səfirliklərini Təl-Əvivdən Qüdsə köçürəcək. Bu barədə İsrailin XİN sözçüsü Emmanuel Nahşon məlumat verib. Nahşonun sözlərinə görə, səfirliklərini Qüdsə köçürmək istəyən başqa dövlətlər də var: "Belə həssas dönəmdə mən adları açıqlaya bilmərəm. Onlara beynəlxalq təzyiq göstərilə bilər. Ümid edirəm ki, ilin sonuna kimi bu ölkələrin sayı artacaq”.

Bizə bir güllə atılmadı, İsrail isə...

İsrailin nüfuzlu "Haaretz” nəşrində dərc olunan "Qan gölünə son qoyun” adlı məqalədə bildirilib ki, yəhudilərin öz sərhədlərini qorumaq haqqı heç kim üçün müzakirə mövzusu deyil. Ancaq bu, "sərhədi keçməyə çalışan hər kəsə ürəyinin istədiyini edə bilərsən” anlamına gəlməməlidir: "Ay yarımdır silahsız insanların təşkil etdiyi aksiyalar onlarla ölüm və minlərlə yaralı ilə nəticələndi. Qəzzadakı bu nümayiş həftələrində Həmas və digər müqavimət hərəkatları İsrailə raket zərbəsi endirmədi. Heç bir İsrail əsgəri və ya sakini yaralanmadı. Amma İsrail silahsız insanlara qarşı snayperlər və atəşlə qarşılıq verərək onları öldürdü və yaraladı”.

İsrail böyük xaosa girdi

Misir politoloqu Məhəmməd Saleh deyib ki, İsrail və Fələstin arasındakı toqquşmalar nə qədər ağır olsa da, ərəb dövlətləri bu konfliktə müdaxilə etməyəcəklər: "Misir və İordaniya 1979 və 1994-cü illərdə İsraillə sülh razılaşması imzalayıblar. Ona görə də Qahirə və Əmman fələstinlilərə heç bir dəstək verməyəcəklər. Fələstinlilərin etirazı Qüdsdə ABŞ səfirliyinin açılması ilə başladı. Ona görə də bu toqquşmalar tezliklə bitməyəcək. Böyük ehtimalla xalq qiyamı başlayacaq. Fələstinlilər üçün Qüds ölüm-qalım məsələsidir. İndiyə qədər fələstinlilərin hamısı Qüdsü müstəqil dövlətin paytaxtı elan etmək ideyası ilə böyüyüblər. Bu konflikt digər ölkələrə yayılmayacaq, amma İsrailin daxilində situasiya qeyri-stabil olacaq və bu, bir müddət davam edəcək”.

"Verilən hər bir kəskin qərar vəziyyəti daha da şiddətləndirir”

Yaxın Şərqdəki prosesləri "Sherg.az”a dəyərləndirən millət vəkili Asim Mollazadə isə söyləyib ki, yaxın müddətdə Qəzzada emosiyalar kənara qoyulacaq, bütün tərəflər uzun illərdir davam edən münaqişənin həlli yollarını axtarmağa başlayacaq. Deputatın fikrincə, beynəlxalq güclər, kənar dövlətlər İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinə çalışmalıdır: "Verilən hər bir kəskin qərar vəziyyəti daha da şiddətləndirir. Avropa Birliyi və Amerika arasında olan gərginlik prosesə mənfi təsir etməməlidir. Çünki həmin münaqişədən əziyyət çəkənlər mülki əhalidir. Siyasi oyunların nəticəsində sadə insanların zərər görməməsi üçün sülh yolunu axtarmaq lazımdır. Beynəlxalq hüquq normaları bu münaqişənin həlli istiqamətində təmin edilməlidir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19