2018-05-16 10:41:54   |   208 dəfə oxunub

Kimdir günahkar, məktəb, yoxsa şagird?

Abituriyentlərin yarıdan çoxu zəif nəticə göstərir

Kamran Əsədov: “Əgər təhsil strukturları nəticələrin yüksəlməsini istəyirsə, ali məktəblərə qəbul sadələşdirilməlidir”




Almaz Həsrət:"200 balla universitet oxumaqdansa, peşə təhsili almalı və hansısa bir sənətə mükəmməl yiyələnmələri daha doğru olar”






Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent” jurnalının 12-ci sayında 2016-2017-ci il üzrə qəbul imtahanlarının nəticəsi yayımlanıb. Jurnalda yazılan məlumata görə, həmin il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7 faizi 200-dən az bal toplayıb.

DİM-in məlumatına görə, tam orta məktəbi bütün fənlərdən "3” qiymətlə başa vuran məzunların 96.87 faizinin qəbul imtahanlarındakı nəticələri də çox zəif - 0-199 bal intervalında olub. "5” qiymətlə bitirən məzunların isə yalnız 49.97 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə ali təhsil müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər.

Tarix üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ali məktəblərə qəbul imtahanlarında əldə edilmiş nəticələr təhsilin səviyyəsi üçün ölçü meyarı ola bilməz.

O vurğulayıb ki, təhsilin göstəricisi orta ümumtəhsil məktəblərinin yekun nəticəsi olan buraxılış imtahanları ola bilər: "Çünki ali məktəblərə qəbul imtahanlarında istifadə olunan test tapşırıqları şagirdlərin sonuncu sinifdə əldə etdiyi bilikləri deyil, ümumilikdə 5-6 il ərzində öyrəndiyi materialları əhatə edir. 

Qəbul nəticələri təhsilin deyil, repetitorluğun qiymətləndirməsidir. Ali məktəbə sənəd verən heç bir abituriyent repetitor yanına getmədən yüksək nəticəni əldə edə bilər. Əgər təhsil strukturları nəticələrin yüksəlməsini istəyirsə, ali məktəblərə qəbul sadələşdirilməlidir. Nəticələrin aşağı olması ikrah hissi oyada bilər. Halbuki orta məktəblərin vəzifəsi ali məktəbə abituriyent hazırlamaq deyil, vətəndaş, şəxsiyyət yetişdirməkdir. Təəssüf ki, Təhsil Nazirliyi qəbul imtahanlarını təhlil etmir, burada istifadə olunan test tapşırıqlarının orta-ümumtəhsil məktəbləri proqramına uyğunluğunu yoxlamır. Ona görə, ortaya bu cür paradoksal vəziyyət çıxır”.

K.Əsədov hesab edir ki, abituriyentlərin aşağı nəticə əldə etməsinin səbəbi 2-3 fənnin daha yaxşı mənimsənilməsi, qalanlarında isə problemin ortaya çıxmasıdır:

"Nəticədə, aşağı faizlə mənimsənilən fənlər digər fənlərin qiymətləndirməsinin aşağı düşməsinə səbəb olur. Əslində Azərbaycanda təhsil zəif deyil. Azərbaycan əhalinin oxuma-yazma bacarığına görə, dünyada ilkin yerləri tutur. Amma orta məktəblərdə tədris yüksək səviyyədə deyil. Bəzi direktorlar orta məktəblərə şəxsi biznes obyekti kimi baxır. Yuxarı sinif şagirdlərindən pul alıb, dərsə gəlməməyinə şərait yaradırlar. Onlar təhsilin keyfiyyətində maraqlı deyillər. Amma yenə qeyd edirəm ki, bu, Azərbaycanda təhsilin sıfır səviyyədə olması demək deyil”.

Əməkdar müəllim Almaz Həsrətin "Şərq”ə açıqlamasına görə, təhsilin inkişafı istiqamətində DİM-in atdığı addımlar təhsil müəssisələrində görülən işlərlə uzlaşmalıdır. Hər iki təhsil qurumunun fəaliyyəti paralel olmalıdır ki, effektiv nəticə əldə etmək mümkün olsun:

"Orta məktəblərdə tədris olunan fənlər 11-ci sinfə qədər yüksək şəkildə mənimsənilsə, biz qəbul imtahanları zamanı daha yüksək nəticələrin şahidi ola bilərdik. İmtahanda iştirak edən abituriyentlərin yarıdan çoxunun zəif nəticə göstərməsinin əsas səbəblərindən biri valideynlərin və orta məktəb müəllimlərinin üzərlərinə düşən vəzifəni düzgün icra etməməsindədir. 9-cu sinifdə keçirilən buraxılış imtahanlarında aşağı nəticə göstərən şagirdləri valideynləri və müəllimləri peşə məktəblərinə yönləndirməlidir. 

Ali məktəb təhsilli olmaq vacib deyil. Əsasən təhsilini davam etdirmək istəyənlər, biliyi yetərli olanlar və imtahandan yüksək bal toplayanlar ali məktəblərdə oxumalıdırlar. 11 il məktəb oxuyub, üstəlik də bir neçə il repetitor yanına gedib 200 balla universitetə qəbul olan uşaq ali təhsilli hesab oluna bilər, amma peşəkar kadr kimi özünü doğrultması real görünmür. Ali təhsili yalnız öz fəaliyyətini elmə yönəldən insanlar almalıdır. 

Şagirdlərimizi məcburi olaraq ali məktəblərdə oxumasına yönləndirməməliyik, onlara daha səmərəli, daha xeyirli olanı, ömür boyu öyrənməsinə və biliklərinin artmasına köməklik göstərə biləcək peşə məktəblərinə də istiqamətləndirmək lazımdır. Bu, cəmiyyətimizin müsbət inkişafına təkan ola biləcək. 200 balla ali məktəbə daxil olanların əksəriyyəti məktəblərindəki dərsə həvəsini eynilə təkrarlayır. Oxumur, təhsilə marağı çox az olur. 

Bu da sonda həmin tələbələrin nəinki özlərinə olan diqqət və hörmətinə, hətta ətrafında olan yaxınlarına da təsirsiz ötüşmür. 200 balla universitet oxumaqdansa, peşə təhsili almalı və hansısa bir sənətə mükəmməl yiyələnmələri daha doğru olar. Peşə təhsili mükəmməl olan insanların həyati bacarığı, peşə biliyi, inandırım ki, bir çox ali təhsilli diplomu olanlardan qat-qat çoxdur. Keçid balını keçə bilməyən uşaqlar isə əli aşından da olur, vəli aşından da. Halbuki bu uşaqlar 9-cu sinifdə buraxılış imtahanlarında yaxşı yaza bilməyəndə 11-ci sinfə qədər oxumağın sadəcə vaxt itirməkdən başqa bir işə yaramayacağını anlamalı idilər”.

A.Həsrətin sözlərinə görə, 9-cu sinfi bitirən şagirdlərin 4 təmayül istiqamətindən birini seçməsi nəticəsində siniflər dağılmasın deyə müəllimlər uşaqlara seçəcəyi qrupla bağlı müəyyən təzyiqlər edir: "Bəzən də seçim zamanı şagirdlərdən çox valideynlərin seçimi nəzərə alınır. Beləliklə də, 2-ci qrup üzrə hazırlaşmaq istəyən uşaq özü də istəmədən 1-ci qrup üzrə təmayülləşən sinifdə dərslərini davam etdirmək məcburiyyətində qalır. 3-cü və 4-cü qrup təmayülləşmə sinfini açmaq üçün isə uşaq çatışmır deyə onları birləşdirirlər. 

Bu isə təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Təmayülləşmə şagirdlərin psixologiyasına da mənfi təsir edir. Yeni fənn müəllimi, yeni sinif yoldaşları onların dərsə marağını azaldır. Məktəb psixoloqları isə ildə bir dəfə belə olsa siniflərə daxil olub, uşaqların ruhsal durumu ilə maraqlanmır, onları imtahana hazırlamır. Məktəbdə müəllimlər tərəfindən dərslər düzgün keçirilsə, müəllimlərin tələbkarlığı yüksək olsa, biz təhsilin inkişafında uğur əldə edə bilərik”.

Şəymən







SON XƏBƏRLƏR

2018-05-26
2018-05-25