2018-05-16 10:44:15   |   142 dəfə oxunub

Yalançı mollalar mərasimlərə dəvət olunmamalıdır

İlahiyyatçının fikrincə, problemin sadəcə inzibati yollarla həll edilməsi ağlabatan deyil






"Azərbaycanda yalançı mollalar fəaliyyət göstərir”. Bunu orucluq ayının başlaması ilə bağlı tədbir keçirən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. Şeyx bildirib ki, ölkəmizdə saxta molla problemi var:

"QMİ-də qeydiyyata alınmayan, icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər. Bu, ciddi problemdir və faktiki olaraq qanun pozuntusudur. Tərəfimizdən təyin edilməyən insanların dini mərasimlər aparmasının qarşısı alınmalıdır. Bu istiqamətdə iş gedir”. 

Qurum rəhbəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də müraciət edərək bu işdə onlara kömək etmələrini xahiş edib.

İlahiyyatçı-alim, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli "Şərq”ə açıqlamasında deyib ki, həqiqi din xadimləri Qafqaz Müsəlmanları İdarəsində qeydiyyatdan keçiblər və onlara dini mərasimləri aparmaq, fətva vermək səlahiyyəti verilib. Ekspertin sözlərinə görə, din xadimləri müəyyən tələblərə cavab verməlidirlər: 

"Kriteriyalara cavab verməyən şəxslər insanlara xidmət göstərə bilməzlər. Yalançı mollalara, din adından sui-istifadə edənlərə qarşı əvvəlcə cəmiyyət özü mübarizə aparmalıdır. Məclisə çağırmazdan qabaq xadimlərin nə dərəcədə dini mütəxəssis sayıldığı, islami bilgilərə sahib olub-olmadığı müəyyən edilməlidir. Sadəcə, QMİ-nin səlahiyyət verdiyi şəxslər bu fəaliyyətlə məşğul olmalıdır. Məsələ ondadır ki, QMİ yalnız öz tövsiyələrini verə bilər. 

Düzdür, idarənin əməkdaşlarına hansısa cəza tətbiq etmək asandır. Lakin qurumdan kənar fəaliyyət göstərən insanlara təsir göstərmək mümkün deyil. Şeyx həzrətləri bu səbəbdən Dini Komitəyə müraciət etdi ki, məsələnin həllində onlar da yardımçı olsun”. İlahiyyatçının fikrincə, problemin sadəcə inzibati yollarla həll edilməsi ağlabatan deyil: "Cəmiyyət ayıq olmalıdır.

 Dini işlərlə bağlı xidmət təklif edən şəxslərin kimliyi ilə maraqlanmaq lazımdır. Saxta din xadimləri insanların bilgisizliyindən yararlanaraq, öz fəaliyyətlərini davam etdirirlər. 

Mərasimlərə dəvət etdiyimiz din xadimlərinin harada təhsil aldığını, hansı əsasla fəaliyyət göstərdiyini mütləq aydınlaşdırmalıyıq. Bunları topluma aşılamaq lazımdır ki, yalançı mollaları mərasimlərinə dəvət etməsinlər. Bəzi din xadimləri "Quran”ı üzündən oxuya bilmir, amma əzbərdən yanlış şəkildə Yasin surəsini oxuyurlar. Hesab edirəm ki, Şeyx həzrətlərinin bəyanatı həm də cəmiyyətə ünvanlanıb. Hər kəs məsuliyyətli davranmalıdır”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-05-26
2018-05-25