2018-05-16 10:47:45   |   215 dəfə oxunub

Uşaqlar zərərli informasiyalardan qorunacaq

Qanun layihəsi komitə iclasında müzakirəyə çıxarıldı

Sənəd parlamentdə qəbul edilərsə, qanun 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək




Ötən gün Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclası keçirilib. Toplantıda yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə haqqında komitə sədri Aqiyə Naxçıvanlı məlumat verib. O bildirib ki, qanun layihəsi Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Komitə sədri qeyd edib ki, sənədlə Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib. O deyib ki, parlament layihəni qəbul edərsə, 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək, çünki bu qanun tam işlək hala gətirilməlidir.

Qanun layihəsində uşaqlar üçün zərərli informasiyanın növləri müəyyənləşib. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya zorakılığı və qəddarlığı təbliğ edən, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli, qorxu məzmunlu, erotik məzmunlu informasiyalar aiddir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

Uşaqlar üçün qadağan edilən informasiyalar...

Qanun layihəsinin "Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər” maddəsinə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir. Sənəddə teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər də müəyyən olunub.

Belə ki, "Teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər” maddəsinə əsasən, teleradio yayımı vasitəsilə yayımlanan "Universal”, "6-”, "6+”, və "12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur. Xüsusi dekoderlər vasitəsilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarda yayımı istisna olmaqla, aşağıdakı informasiya məhsullarının yayımına məhdudiyyət qoyulur. "18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir. Bundan başqa, qanun layihəsində Azərbaycanda informasiya məhsulunun yaş təsnifatı əksini tapıb. Layihənin müzakirəsi zamanı deputatlar təklif və fikirlərini səsləndiriblər.

"Valideynlər uşaqlara "Sən oxumasan, vəziyyətin pis olacaq”, deməklə düzgün etmirlər”

"Valideynlər uşaqlara "Sən oxumasan, vəziyyətin pis olacaq”, "Hüquq fakültəsinə və ya hansısa fakültəyə daxil olmasan, dilənçi olacaqsan” deməklə düzgün etmirlər. Belə şeylərlə uşağı yükləyirlər. İntiharların da səbəbi budur. Valideyn uşağa demir ki, sən filan peşəni seç. Amma məcbur edir ki, filan fakültəyə daxil olmalısan. Onlar uşaqlara düzgün istiqamət verməlidirlər”.

Bu sözləri müzakirə zamanı deputat Tahir Rzayev deyib. O qeyd edib ki, xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır: "Azərbaycanda "Peşə təhsili haqqında” qanun qəbul olunub. Hər bir insan özünə peşə seçməlidir, ona ləyaqətlə qulluq etməlidir. Uşaqlar niyə intihar etməlidirlər ki? Axı hamı alim ola bilməz... Burada televiziyaların da rolu var. Onlar da bu məsələni diqqətdə saxlamalıdırlar. Valideyn işdə olur, uşaq televiziyaya baxır. Bəzi hallarda verilişlərdə elə yanlışlıqlara yol verilir ki, uşaqlara mənfi təsir edir. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu qəbul edildikdən sonra tələbləri pozanlar ciddi cəzalandırılmalıdır”. Komitə sədri Aqiyə Naxçıvanlı da T.Rzayevin fikirləri ilə razılaşdığını qeyd edib.

"İlk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən?”

Bununla yanaşı komitə sədri boşananların sayının artmasından narahatlıq keçirdiyini deyib. O bildirib ki, hazırda rahatlıqla boşanırlar, ailə dağılır: "Çünki ictimai qınaq yoxdur. Toydan iki ay öncə rəqsə gedirlər. Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər, ailə necə olur, onu öyrənsinlər. Ailələrdə dözümlülük yoxdur”. O qeyd edib ki, milli-mənəvi dəyərləri qorumaq lazımdır: "Burada təhsilin də rolu var. Qadınlar komitəyə müraciət edirlər. Dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki... Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər. Heç yenidən ailə qurmaq haqqında da düşünməyiblər. İndi bəs nə baş verir?”.

"Uşaq sığınacağına getmişdik, orada gördüklərimizdən bir həftə özümüzə gələ bilmədik”

A.Naxçıvanlı uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün tədbir görülməsinin vacibliyini vurğulayıb: 

"Zorakılığın qurbanı olan uşaqları görəndə, dəhşətə gəlirik. Bilmirsən, yeməkdəndir, içməkdəndir, yoxsa tərbiyədən? Belə vəhşiliklərin qarşısı alınmalıdır. Uşaq sığınacağına getmişdik, orada gördüklərimizdən bir həftə özümüzə gələ bilmədik. Beş yaşında uşağın zorakılığa məruz qalması dəhşətdir. Bunu edən insana həbs cəzası yetərmi? Əlbəttə ki, yox, elələrinə ölüm cəzası verilməlidir”.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Anar Bayramoğlu







SON XƏBƏRLƏR

2018-08-17