2018-05-16 10:59:07   |   591 dəfə oxunub

Tanınmışların çoxu oruc tutmayacaq

Onlar bunu sağlamlıqları və iş şəraitləri ilə bağlayır



On bir ayın sultanı Ramazan ayının ilk günüdür. Müsəlmanlar orucu islamın əsas şərtlərindən biri və Allahın tövsiyəsi kimi qəbul edirlər. Hər il olduğu kimi bu il də Ramazan ayını səbirsizliklə gözləyənlər var.

"Şərq” qəzeti tanınmışların oruc tutub-tutmayacaqları ilə bağlı sorğu keçirib.

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə əvvəlki illərdə oruc tutduğunu bildirdi: 

"Lakin son illər oruc tutmaq niyyətim olmayıb. Bu il də oruc tutmaq fikrində deyiləm. Həm də işlərimlə bağlı belə bir imkanım olmur”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu səhhəti ilə bağlı oruc tuta bilmədiyini dedi: "Xəstə olduğum və gündə 3 dəfə dərman qəbul etdiyim üçün oruc tuta bilmirəm. Amma hər zaman belə bir niyyətim, arzum olub. Ramazan bayramı müqəddəs bir bayramdır. Oruc tutan insanları alqışlayıram, onların hər birinə Ramazan ayının gözəl keçməsini arzulayıram”.

Bütün ay boyu oruc tutmaq imkanının olmadığını deyən iqtisadçı Natiq Cəfərli bildirdi ki, buna baxmayaraq hər il müxtəlif günlərdə oruc tuta bilir: "Çox vaxt səfərlərdə olduğum üçün tam olaraq oruc tuta bilmirəm. Elə builki Ramazan ayında 4 xarici səfərim planlaşdırılıb. Amma hər il Ramazan ayı ərzində bir neçə gün oruc tutmağa çalışmışam. Yəqin ki, bu il də həmin qayda ilə oruc tutacam. Bütün ay boyu oruc tutan yaxın dostlarım var. Onlara 1-2 dəfə iftar süfrəsi açmağı özümə borc bilmişəm”.

"Həftə içi” qəzetinin əməkdaşı, jurnalist Naibə Qurbanova oruc tutmaq niyyətindədir: "Bəzi illəri çıxsaq, şüurlu həyatımın demək olar ki, bütün illərində oruc tutmuşam. Düşünürəm ki, Allahın mənim ac və ya toxluğuma ehtiyacı yoxdur və bunu ona xoş getmək üçün deyil, sadəcə bir müsəlman olaraq yerinə yetirməyə çalışmışam. Günahların bağışlanması, niyyətimin hasil olması kimi məsələlərə görə yox, sağlamlığa faydalı olduğunu bildiyim üçün oruc tutmuşam. Bu il də səhhətimin imkan verdiyi dərəcədə oruc tutmağa çalışacam”.

Politoloq Azər Rəşidoğlunun sözlərinə görə, göstərişlə oruc tutanlar səmimi deyillər:

 "Oruc tutursan?” sualına heç vaxt cavab vermirəm. Nə tutduğun orucun, nə ibadətin sən və Ondan başqasına dəxli yoxdur. Oruc ac qalmaq deyil, daha dərindir, daha böyükdür. Nəsibi olanlar bu feyzi dadarlar. Hər Ramazanda dini hissləri təhqir edən ateistləri feysbukda dostluğumdan silirəm, bu il də belə olacaq. Bu il məzhəbçiləri, nifaq yaratmaq istəyənləri də dostluqdan siləcəyəm və heç kəsə istisna olmayacaq. İftar məclislərində oruc tutmayanların da iştirakına yaxşı baxıram, ən azı o feyzi kənardan da olsa, müşahidə etmək istəyirlər. Oruc tutub, tutmamasından asılı olmayaraq, insanları iftar məclisinə dəvət edənləri də alqışlayıram. Allah bütün gerçək oruc tutanların niyyətini qəbul etsin. Allah bizlərə də nəsib etsin!”.
Yazar xanım Sevinc Elsevər oruc tutmaq fikrində olmadığını dedi: "Ətrafımda oruc tutan insanlar çoxdur. Amma özüm tutmuram, mənə dindar demək olmaz, çünki dini ritualları yerinə yetirmirəm. Uşaqlıqda bir neçə dəfə oruc tutmuşam. Oruc tutmağın mahiyyəti insanlara nəfsini sınağa çəkməyi öyrətməkdir. Mənim nəfsimlə bağlı problemim yoxdur, nəfsimi kifayət qədər idarə edə bilirəm. Aclığı da çox görmüşəm, 90-cı illərdə elə bir aclıqdan keçmişəm ki, heç bir oruc tutan o qədər ac olmayıb (gülür).

Oruc tutanlar yalnız günorta yeməyini buraxırlar, səhər və axşam yeyirlər. Əslində yaxşı olardı ki, oruc tutan şəxslər həmin günorta yeməyini ac və yoxsullara versinlər. Düşünürəm ki, oruc tutmaqdansa, yeməyi ac adamlara vermək daha yaxşı olar. Yox əgər oruc tutmağa niyyətlisənsə, həmin qidadan küçədə olan kimsəsiz uşaqlara da vermək olar. Belə olduqda daha çox savab qazanılar”.
S.Elsevər körpə uşaqların oruc tutmasının əleyhinə olduğunu da dedi: "Bir də görürsən ki, analar uşaqlarının oruc tutması ilə fəxr edir. Uşaqlar dini adətləri yerinə yetirməsə də olar. Onların nə günahı var ki, oruc tutub savaba da girsinlər? Hətta bəzi valideynlər var ki, özü oruc tutur və uşağa da bunu təbliğ edir. Uşağı oruc tutmağa məcbur eləməsə belə ona psixoloji-mənəvi basqı edir. Düşünürəm ki, bütün bunlar yolverilməzdir.

İnsanın oruc tutması onun sağlamlığı və iş şəraiti ilə bağlıdır. Kimsə səhərdən axşama qədər günün altında fəhləlik edirsə, bu, oruc tutub nəfsini sınamaq yox, özünə zülm etməkdir.
Orucluqda imkanlı şəxslərin biri-birlərinə iftar süfrəsi açmağını da başa düşə bilmirəm. Düzdü, bu cür süfrələr insanları yaxınlaşdırır, görüş fürsəti yaradır. Amma bunu adi günlərdə, toyda-düyündə, ad günlərində də edirlər. O iftar süfrələri həqiqətən ehtiyacı olan adamlara açılsa, daha yaxşı olar. Oruc tutan hər kəsin orucunun qəbul edilməsini arzulayıram”.

Psixoloq Elnur Rüstəmov oruc tutmağı düşünür: 


"Allah nəsib edərsə, yəqin ki, oruc tutacam. Düzdür, oruc tutmaq dinin buyurduğu bir göstərişdir, eyni zamanda insanın daxili tələbatı da olur. Oruc tutmaq yalnız ac qalmaq deyil, insanın nəfsinə, özünə qalib gəlməkdir. Bunun tibbi, psixoloji, mənəvi faydaları da çoxdur və ildə bir dəfə müsəlmanlara belə fürsət verilir. Çünki insanların böyük qismi oruc tutur, biri-birlərinə dəstək olurlar, bir yerə yığışırlar, ünsiyyətdə olurlar. Bu gün belə ünsiyyət də çox vacibdir, çünki bu istiqamətdə böyük problemlər yaşayırıq”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla ağır iş rejimi ilə əlaqədar olaraq oruc tuta bilməyəcəyini dedi: "Əvvəllər oruc tutmuşam. Amma hər zaman buna nail ola bilmirəm. Çünki iş rejimim elədir ki, bəzən saatlarla əməliyyatda oluram və ya başqa problemlər olur. Əslində orucluq ayında istirahət olmalıdır. Ağır işlə oruc tutmaq bir az uyğun gəlmir. Buna baxmayaraq hesab edirəm ki, imkan daxilində oruc tutmaq məsləhətdir”.

Deputat Zahid Oruc da iş rejimi ilə bağlı olaraq oruc tutmağa imkanının olmadığını bildirdi: "Fəal siyasi çalışmalarda olan insanlar üçün oruc tutmaq mümkün olmur. Əgər qəbul prosesində iştirak edirsənsə, xarici səfərlərə qatılırsansa və müxtəlif siyasi görüşlərdə olursansa, hansısa əcnəbi diplomata deyə bilmirsən ki, "siz süfrə arxasında əyləşin, mən konkret saatdan sonra sizə qoşulacam”. Həmkarlarımdan xeyli sayda oruc tutanlar görmüşəm və onları alqışlayıram ki, iradələrini böyük sınaq qarşısında qoyub ilahi iş görürlər.

Oruc tutmaq özünü yalnız hansısa təamlardan məhrum etmək anlamına gələ bilməz. Ramazan ayının hikməti yüz illərdir ki, qlobal məna daşıyır. Acı, yoxsulu hiss etmək, kasıbın ağrısını duymaq, onlara yardımçı olmaq, xeyirxahlığı təşviq etmək, qulağını, dilini, əllərini, həmçinin qəlbini təmiz saxlamağı bacarmaq Ramazanın əsas şərtlərindən biridir. Oruc olmaq pəhriz rejiminə girmək deyil.
Hər dəfə bu mövzuda danışanda deyirəm ki, gərək soyadımı doğruldum, mütləq bir dəfə real olaraq bunu həyata keçirim. Lakin bu bir könül məsələsi, ruh halından doğan bir işdir. Arzulayıram ki, insanlarımız yalnız bu ay yox, həmişə dara düşənlərə yardım etsin, qeybəti, naxələfliyi, xəyanəti özlərindən uzaqlaşdırsın. Yalnız 1 ay özünü təmiz saxlayıb, cinayətlərinə haqq qazandırmaq üçün Ramazan ayından istifadə etmək çox yanlış olar. Oruc tutan hər kəsə dualarının reallaşmasını diləyirəm”.

Sosioloq Əhməd Qəşəmoğlu hər il oruc tutduğunu bildirdi: "Oruc tutarkən özümü çox yaxşı hiss edirəm. Yaxşı ki, orucun tutulması ilə bağlı tibbi ədəbiyyat yayılmaqdadı. Lakin oruc tutmaq yalnız qida ilə bağlı deyil, Ramazan ona görə ayların sultanıdır ki, insanın nəfsi müəyyən olunur. İnsan qidada, əxlaqi davranışında, fəaliyyətində nəfsini tərbiyə etməlidir. Ona görə də orucluğu mühüm bir ay hesab edirəm”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-08-17