2018-05-16 11:06:43   |   144 dəfə oxunub

Sağ ikən özünə qəbir qazdırmaq doğru deyil

Çünki heç kəs harada öləcəyini bilməz



Ölkədə qəribə bir tendensiya "dəb”ə düşüb. Yox, bu dəfə nə intihar edən gənclərdən, nə də evdən qaçan gəlinlərdən yazırıq. Budəfəki "qəhrəmanlarımız” diri ikən ölənlərdir. Normal məntiqlə düşünəndə bir insanın özünə məzar satın alıb, başdaşı düzəltdirməsi absurd görünə bilər.

Ancaq artıq sağ ikən özünə məzar sifariş verən insanlar bir-iki nəfərlə məhdudlaşmır. Sayları getdikcə artmaqdadır. Qəbiristanlıqda elə qəbirlər var ki, onların başdaşı, sahibinin adı, soyadı, doğum tarixləri də var. Amma ölüm tarixi göstərilməyib. Çünki qəbirlərin içi boşdur. Belə hallara paytaxtın əksər qəbiristanlıqlarında rast gəlmək mümkündür.

İddialara görə, belə adamlar tez-tez qəbirlərini ziyarətə gedib, Yasin də oxudurlar.
İctimaiyyət nümayəndələri, din mütəxəssisləri isə bu məsələyə birmənalı yanaşmır.

Qəribədir, insan diri ikən niyə özünə qəbir qazdırır? Bunun fəlsəfəsi nədir?

Şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, insanların məzarlıqda əvvəlcədən qəbir hazırlığı görməsi xoş olmayan əməl sayılır. Çünki insan harada, hansı şəraitdə öləcəyini bilmir: "Bəzən insan elə şəraitdə dünyasını dəyişir ki, heç nəşi tapılmır. Yaxud da ona tamamilə başqa ölkədə ölmək nəsib olur. Buna görə də insanların əvvəldən yaxınlarının dəfn olunduğu məzarlıqda özünə qəbir yeri alması, yaxud hazırlatması düzgün sayılmır”.

Onun sözlərinə görə, insan öldükdən sonra onun yaxınlarının, yaxud əzizlərinin qəbrinin olmadığı yerdə dəfn edilməsi heç bir məna daşımır. Ona görə də insanlara bu barədə ilahiyyatçılar tərəfindən düzgün istiqamət göstərilməlidir: "Bəzən adlarını din adamı qoyan insanlar da bu əməllərə yol verirlər. Amma islam dininin mənasını dərk edən insan məzarı üzərində dəbdəbəli məzar daşı hazırlatmağın, qəbiristanlıqda belə seçilmək arzusunun boş, ölən insan üçün heç bir anlamı olmadığını dərk edir. İnsan çalışmalıdır ki, bu dünyada yaxşı əməlləri ilə seçilsin. Yəni, bahalı mərmərdən məzar daşı sifariş verincə, imkansız ailəyə dəstək olmaq daha savab əməl sayılır ki, bu, dünyasını dəyişdikdə ona savab əməl kimi yazılır”.

Şərqşünas S.C.Əzizbəyli bu kimi halların artmasını dini mühitdə boşluğun yaranmasından irəli gəldiyini söyləyir: "İnsanların dünyasını dəyişdikdən sonra bir ölkədən başqa ölkəyə aparılması, nəşini dəfn etmək üçün uzun məsafə qət etməsi də doğru deyil. İnsan harada dünyasını dəyişdisə, orada da dəfn olunmalıdır. Bəzən insanlar məzar yerini ziyarət etmək üçün ölən insanın nəşini başqa ölkədən gətizdirirlər. Bunu özlərinə asan olsun deyə edirlər. Amma təcrübə göstərir ki, müəyyən müddətdən sonra həmin insanlar ölülərinin məzarını ildə bir dəfə, iki ildə bir dəfə belə ziyarət etmirlər. Ona görə də, ölən insan üçün yaxınlarının ən böyük hörməti onun adına tez-tez Quran oxutdurmaq, onun adına savab əməllərə imza atmaqdır”.

İlahiyyatçı-alim Əkrəm Həsənov isə hesab edir ki, islam dini baxımından yanaşdıqda hər bir müsəlman axirəti üçün çalışmalıdır. Bunun şərtləri içərisində imanın bütün əsaslarına inanaraq ona uyğun həyatda yaşamalı, ibadətlərini vaxtlı-vaxtında yerinə yetirməlidir: "Ancaq bir müsəlmanın qabaqcadan özünə qəbir yeri düzəltdirməsi doğru hesab edilmir. Çünki Allah-təala Quranda bir neçə ayədə insanın nə zaman, harada, necə vəziyyətdə öldüyünü bilməməsini bizə xəbər verib. Allah-təala xüsusi ilə Loğman surəsinin sonuncu 34-cü ayəsində belə buyurur: 

"...Heç kəs harada öləcəyini bilməz”. Buna görə də qabaqcadan özünə qəbir yeri hazırlatdırmaq doğru deyil. Ola bilər ki, yaşlı bir insanın imkanı var, özünə qəbir yeri hazırlayır, ancaq onun yerinə övladı dünyasını dəyişə bilər. Qabaqcadan özünə qəbir yeri hazırlatdırmaq əslində həyatın barədə, gələcəyin barədə hər şeyini bilmək demək deyil. Bu yalandır. İnsan çalışmalıdır ki, yalandan uzaq olsun. Həm də hər bir müsəlman Allah Rəsulunun həyatına baxıb ondan örnək götürməlidir. Allah Rəsulu heç zaman özü üçün qəbir yeri hazırlatdırmayıb və bunu öz ümmətindən kiməsə tövsiyə etməyib. Bu baxımdan insan belə xoşagəlməz və mənasız işlərdən çəkinməlidir. 

Onun əvəzinə çəkdiyi xərci ehtiyacı olanlara verməli, acları, yetimləri doyurmalıdır. Hər bir müsəlman Allahın razılığı qazanaraq həyatda yaşasa, o heç, zaman özünə qabaqcadan qəbir yeri seçməsi kimi mənasız bir işin ardınca getməz. Belə insandan Allah da razı olmaz, insanlar da razı qalmazlar. Çünki kim Allahın razılığını qazanaraq həyatda yaşayarsa, Allah onun üçün gözəl bir yer qismət edər ki, orada dəfn olunsun. Ümumiyyətlə, qabaqcadan özünə qəbir yeri seçmək dinimizdə icazəli olmasa da, bu barədə mənbələr bir söz yazmasa da, qadağan olunması barədə də heç bir göstəriş yoxdur. Ancaq şəriətdə belə bir adət, ibadət olmadığına görə belə etməmək daha yaxşıdır”.

Şəymən







SON XƏBƏRLƏR

2018-08-18
2018-08-17