2018-05-16 11:09:02   |   271 dəfə oxunub

Nazarbayevin təklifi sual altındadır

Qara dənizlə Xəzər dənizi arasında gəmiçilik kanalının tikintisi asan məsələ deyil



Qazaxıstan Avrasiya İqtisadi İttifaqının üzv ölkələrinə Qara dənizlə Xəzər dənizi arasında gəmiçilik kanalının tikintisini nəzərdən keçirməyi təklif edib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Soçidə çıxışı zamanı deyib ki, hər iki dənizi birləşdirəcək "Avrasiya” kanalı perspektivli layihələrdən ola bilər. Bundan başqa, Nazarbayev Rusiya və Qazaxıstan ərazisindən keçəcək "Avrasiya” avto-magistralının tikilməsi təklifi ilə də çıxış edib.

Təklifi "Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, bu ideya hələ 1960-70-ci illərdə mövcud idi. Amma o zaman layihənin reallaşması mümkün olmadı. Çünki çoxlu problemlər gündəmə gəldi: 

"Layihənin həyata keçməsi üçün ciddi məbləğdə maliyyə tələb olunurdu. Ona görə də alternativ "Volqa-Don Kanalı”nı inşa etdilər. Hazırda fəaliyyət göstərən bu kanal vasitəsi ilə Xəzər dənizindən gedən gəmilər Qara dənizə ötürülür. Eyni zamanda Qara dənizdən yola çıxan gəmilər kanaldan keçərək Xəzərə gəlir. Ancaq bu kanalla sadəcə çay-dəniz tipli, yəni kiçik gəmilər işləyə bilirlər. 

Yükləri çox olmadığı üçün kanaldan keçmələri problem yaratmır”. Analitik bildirib ki, Nazarbayevin təklif etdiyi "Avrasiya” kanalının inşası sual altındadır: "Layihəni kim reallaşdıracaq, Rusiya və Qazaxıstan maliyyəni boynuna götürəcəkmi? Həm də söhbət ondan gedir ki, həmin xətt üzrə başqa nəqliyyat marşrutları, məsələn, avtomobil və dəmir yolları da mövcuddur. Yük daşımaları həmin vasitələrlə də həyata keçirilə bilər. Özü də bu cür yükdaşımalar daha ucuz və sərfəli sayılır. Hesab edirəm ki, bu, sadəcə ideyadır, hələ ətrafında çox müzakirələr gedəcək. Reallaşması çox çətin olacaq”.


İsmayıl







SON XƏBƏRLƏR

2018-08-18
2018-08-17