2018-05-16 11:11:44   |   780 dəfə oxunub

Azərbaycan Cümhuriyyətinin diplomatı və publisisti...

Yusif Vəzir Çəmənzəminlinin böyük irsi tədqiq olunmalıdır




Y.V.Çəmənzəminli Azərbaycan ədəbiyyatının görkəmli yazıçısı, milli mətbuatımızın formalaşmasında əvəzsiz xidməti olan şəxsiyyətlərdən biridir. O, ədəbiyyatımızda bir çox ölməz əsərlərin müəllifi kimi tanınsa da, bütün dövrlər üçün aktual olacaq publisistik irsə də sahibdir. 1937-ci ilin təlatümlü dalğası bir çox istedadlı şəxslər kimi onun da yanından sükutla keçmədi.

169 №-li istintaq sənədlərində ona qarşı yazılmış ittihamlar hansılar idi?
4 fevral 1940-cı il Y.Vəzir ibtidai istintaqda 1937-ci ilə qədərki tərcümeyi-halı təhqiq olunur, məhz o "Studentlər” pomanına görə Azərbaycan Yazıçılar İttifaqından xaric edilir və bir müddət işsiz qalan yazıçı Urqençə getməyə məcbur olur...
1940-cı il 26 fevral tarixində Y.Vəzirə qarşı belə bir ittiham sürülür:
1918-ci ildə Müsavat hökumətinin konsulu olan Y.Vəzir ingilis-fransız və türk əkskəşfiyyatında fəaliyyət göstərmişdir...”
Məhz bu sətirlər bizi 1918-1920-ci illərin unudulmuş arxiv sənədlərinə müraciət etməyə vadar etdi.
Bəli, fəxrlə qeyd etmər lazımdır ki, Yusif bəy Azərbaycan hökumətinin Ukrayna, Krım, Polşa və Konstantinopolda diplomatik nümayəndəsi olub. O bu ölkələrdə sadəcə olaraq yaşamırdı, harda olsaydı çətinliklər də olsa həmişə Azərbaycanın mənafeyinin müdafiəçisi idi və öz millətinə, vətəninə şərəflə, vicdanla xidmət edirdi. Bu haqda onun Cümhuriyyətin xarici işlər nazirliyinə aid fondlarda çoxsaylı məruzələri, məktubları, teleqramları saxlanılır.
Arxiv sənədlərinə əsasən biz Y.Vəzirin diplomatik fəaliyyətini qiymətləndirməklə, onun üzərindən qara pərdəni götürməyə müvəffəq ola bilərik.
O məruzəsində hər hansı bir hadisələrə obyektiv qiymət verir, ağıllı məsləhətləri ilə yeni yaradılan gənc milli hökumətə yaxından köməklik göstərir, ən əsası isə Azərbaycan xalqının ağrı və acıları onu rahat buraxmırdı. Çünki dünya xalqlarının Azərbaycan haqqında təsəvvürü yox idi, əgər məlumatlar var idisə də o da düşmənlər tərəfindən vəhşi kimi qələmə verilməsi idi. Ona görə də Y.V.Çəmənzəminli diplomatik fəaliyyətlə yanaşı, mətbuatla da sıx əlaqə saxlayır, gənc Azərbaycan Cümhuriyyəti barədə səfiri olduğu ölkələrdə məlumatlar verirdi.
Y.Vəzir məktubunun birində yazırdı: "Bitərəf hökumətlərə, dost ölkələrə tez-tez diplomatik nümayəndələr göndərin və Azərbaycan haqqında geniş informasiyalar verin”.
Azərbaycan hökumətinin Ukraynadakı nümayəndəsi Y.Vəzir 6 fevral 1919-cu ildə Sevastopoldan xarici işlər nazirliyinə yazırdı:
"15 gün bundan əvvəl hökumətimizin diplomatik nümayəndəsi kimi təyin olunduğum haqqında Azərbaycan komissariatının Kiyevdəki nümayəndəsi Simferopolda mənə xəbər verdi.
Öz işimə başlayarkən qarşıma məqsəd qoydum ki, Azərbaycana birinci olaraq un, qənd və s. ibarət ərzaqla təmin edim.
Ümüdvaram ki, biz əgər əvəzində pambıq, yun və digər mallar versək asanlıqla Ukrayna tacirlərinin və sənayeçilərin diqqətini cəlb edərik. Əfsuslar olsun ki, buranın camaatı Azərbaycan barədə heç nə bilmir. Yaxşı olardı ki, Bakıda rabitə üçün radiostansiya yaradılsın. Buna respublikada böyük ehtiyac duyulur...
Öz hesabatımda Polşadakı Azərbaycanın diplomatik nümayəndəliyinə vəzifəyə namizəd göstərirəm.
Şəxsən mən Krıma nümayəndə göndərməyə çox böyük ehtiyac görürəm. Çox ehtimal ki, Solomon dövləti Krıma və Krım da Dona birləşər. Məncə ortada yaxşı bir konsul saxlamaq lazımdır.
9 mart 1919-cu il tarixdə Y.Vəzir yazırdı: "Bir ay bundan əvvəl mən Sizin adınıza məktub göndərdim. Oradakı vəziyyət barədə müfəssəl məlumat verdim. Kiyev və Ukraynanın böyük bir hissəsi bolşeviklərin əlindədir. Onların qüvvələri artırılır. Don tərəfə onlar yeni hərbi qüvvələr göndərirlər. Krım tərəfə də irəliləyirlər. "Dobrovollar” bizi rəsmən tanımadılar bu isbat edir ki, onların başqa millətlərə qarşı siyasətləri xeyli təhlükəlidir. Fransızların siyasəti bizə qeyri müəyyəndir. Ukrayna ilə danışıqlar heç bir nəticə vermədilər. Bunu hamını nəzərə alıb, məcburəm qeyri-rəsmi yanaşam ki, mənim vətənim üçün xoşa gəlməyən hadisə üz verməsin. Danışıqlar hələ davam edir, onların axırını gözləyirəm. Ukraynanı rəsmi tanıdıqdan sonra, öz vəzifələrinin icrasına başlayaram...
Diplomatik nümayəndələrimizi ilk növbədə bitərəf və dost ölkələrə göndərək. Bu cəhətdən də Paris konfransını olmuş hadisə qarşısında qoymaq olar. Bundan əlavə Azərbaycanın daxili işlərində cəsarətli addım atmaq lazımdır. İlk növbədə xalq maarifini milliləşdirmək lazımdır; qulluqçuların türkcə təhsil almaqdan ötrü kurslar açmaq lazımdır. Xaricdə Azərbaycanı heç kəs tanımır. Mətbuatda Qafqazda erməni və gürcülərdən başqa hər hansı millət haqqında təsəvvürləri yoxdur. Azərbaycana gələn mətbuat nümayəndələrini yaxşı qəbul etmək məsləhət görürəm. Tiflis qəzetlərində çoxlu məlumat verməyimiz pis olmazdı. Əgər Siz müəyyən məlumatlar göndərsəniz onları dərc etdirərəm”.
Azərbaycan hökuməti Y.Vəzirin yaxşı diplomatik keyfiyyətlərini görüb onu ən ağır nöqtələrə göndərirdi.

Azərbaycan Nazirlər Şurasının sərdi X. Xoyski 14 fevral 1919-cu ildə Milli Krım Direktoriyasına yazırdı:

"...Azərbaycan Respublikası və ona yaxın Krım Direktoriyasının arasında əlaqələri möhkəmləndirməkdən ötrü hökumətin 1 noyabr 1918-ci il qərarına əsasən Ukraynada Mir Yusif Vəzir Azərbaycan Respublikasının Krım hökuməti yanında nümayəndəsi olsun”.
1919-cu il 5 iyun tarixdə Y.Vəzir xarici işlər nazirliyinə göndərdiyi məktubunda yazırdı: "Keçmiş ilin dekabr ayında mən Kiyevdə olan bizim yarırəsmi olan komissarından tapşırıq aldım. Ondan bildim ki, mən Ukrayna Respublikasına Azərbaycanın diplomatik nümayəndəsi təyin olunuram... Məmnuniyyətlə bizim hökumətimizin təklifini qəbul etdim və işlərini qurtarıb... Odessaya yola düşdüm. Odessada Azərbaycan konsulluğuna böyük ehtiyac hiss olunurdu...

18 may bizi Xalki (Prinsevi adalar) adasına gətirdilər. Hal-hazırda Konstantinopol dünya siyasi fikirlərinin və arzularının mərkəzidir. Burada bütün müstəqil və təyin olunmuş millətlərin nümayəndələri, dünya mətbuatının müxbirləri var. Əmma əfsus ki, belə bir mərkəzdə Azərbaycanın diplomatik missiyası yoxdur. Bundan keçmiş, hətta düz təşkil olunmuş konsulluqda yoxdur, bizim vətəndaşların hüquqları müdafiə olunmur, Azərbaycanın ticarət və iqtisadi mənafeləri çox zərər götürür.

Bizim ölkəmizin istiqlalını Konstantinopol diplomatik missiyasının tanıması böyük hadisədir.
Gələcək İstanbul missiyası Avropa ictimai fikrini bizim ölkəmizin ehtiyaclarını mətbuat və geniş informasiya vasitələri ilə tanışlığa digər ölkələr ilə dostluq əlaqələrini bərpasına, yerli Azərbaycan ticarətini bizim inkişafımız üçün təşkilinə müəllimlərin hazırlanmasında, dərsliklərin çapı Maarif Nazirliyinə kömək edər, Azərbaycan tarixinə sənədlərin toplanmasına şərait yaradar.
Ölkəmizin gələcək səadəti üçün İstanbuldan çox şey öyrənməliyik. Buna görə də təcili olaraq İstanbula mötəbər heyət göndərmək lazımdır...”

Türkiyədə işlərkən Y.Vəzir Rusuyada baş vermiş hadisələr ilə maraqlanır və onu müşahidə edirdi. 22 dekabr 1919-cu ildə Y.Vəzir Konstantinopoldan xəbər verirdi: "Ukrayna xalqının və hökumətinin notasının surətini Şərəfli Əlahəzrətin nəzərinə çatdırıram ki, Denikinin ona hücum etməsi ilə əlaqədar olaraq Ukrayna dövləti artıq Antanta ölkələrinə müraciət edib...”
Y.Vəzir hər hansı bir yerdə olursa olsun Azərbaycan haqqında geniş məlumatla mətbuat səhifələrində çıxış edirdi. Təsadüfi deyil ki, "Krım” jurnalının 12-ci sayında "Naüionalğnıe veçera” (Milli gecələr) məqaləsində yazırdı:
"Bütün Avropa baxsa, Rusiyada milli axşamların təşkil çoxdan bəri adət şəklində almışdı. Milli axşamlar yapmaqda məqsəd bir maddi cəhət deyil, bundan bir mənəviyyat da vardır. Bu axşamlar ilə əfkari-ümumiyyənin nəzərini də cəlb etmək məsələsi var. Odur ki, qaliba bu axşamları təşkil edən hər yerdə məhkum millət nə olur, çünki məhkum millət üçün birinci vəzifəsi kəndisinin (özünü-S.B.) tanıtmaqdır. Bir millət kəndisini dünyaya tanıdarsa kəndisinin mədəni həyata alışdığını və başlı-başına idarə olunmaq lüzumunu isbat edərsə, o millət istiqlalına doğru qədəmlər atar və aləmdə bu addımları təsdiq etməyə məcbur edər”.

Bu sətirləri oxuyarkən qarşımızda vətənini, xalqını sevən, elə bir insan canlanır ki, bütün aləmə var gücü ilə hayqırır: Azad müstəqil Azərbaycan dövləti var, özünün gözəl adət və ənənələri ilə dünyada məşhur olan Azərbaycan xalqı var.

S.Babayeva, 

filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Dövlət Arxivinin direktor müavini


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-08-17