2018-05-16 11:13:49   |   218 dəfə oxunub

Avro 3 ayda 19 faiz bahalaşıb

Dərmanların qiymətində ona görə ciddi artım var



Bəzi dərmanların adı, tərkibi və göstəriciləri eyni olsa da, apteklərdə birinin qiyməti digərindən çox fərqlənir. Bir ay bundan əvvəl şəhərin müxtəlif apteklərində 11 manata satılan Ciprolex "Elnur” aptekdə az qala iki dəfə artıq qiymətə satılır. Türkiyədən idxal olunan bu dərman hazırda ölkədə tapılmır. Şəhərdə fəaliyyət göstərən əksər apteklərdə eyni adlı, ancaq Danimarkadan idxal olunan dərman preparatı satılır.

Aralarındakı qiymət fərqi də kifayət qədərdir. Ancaq burada diqqət çəkən məqam Türkiyədən gətirilən dərmanın birdən-birə bahalaşaraq 19 manata satılmasıdır. Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli isə deyib ki, bu kimi faktlar dərman bazarındakı tənzimləmənin kağız üzərində olduğunu deyib:

"Dərmanların qiymətlərinin molekullar üzrə müəyyənləşdirilməsi ilə bağlı Tarif Şurasına səlahiyyətlər verildi və ölkəyə idxal olunan dərman preparatları bölgələr üzrə qruplaşdırıldı. Avropadan, Amerikadan, Asiya ölkələrindən gətirilən dərmanlar üçün regional qiymət qoyma mexanizmləri hazırlandı. Görünən odur ki, bu tənzimlənmə hələlik müsbət nəticə verməyib. Ya bunun nəzarət mexanizmi kifayət qədər işlənib hazırlanmayıb, ya da ki ölkəyə gətirilən dərmanların bir qismi avro ilə alındığı üçün qiymətlər artıb. 

Faktiki olaraq son 3 ayda avro Azərbaycan manatına nisbətən 18-19 faiz bahalaşıb. Bu faktor isə Avropa ölkələrindən gələn məhsulların, dərmanların qiymətlərində müəyyən qiymət artımına səbəb olub. Bu da vətəndaşların cibindən əlavə vəsaitlərin çıxması ilə nəticələnir. Hesab edirəm ki, bu istiqamətdə fundamental qərarlar qəbul edilməlidir. Azərbaycanda istehsalı olmayan və yaxın gələcəkdə istehsalı nəzərdə tutulmayan dərman preparatları gömrük rüsumlarından azad olunmalıdır. 

Gömrüyün fəlsəfəsi daxili istehsalçını qorumaqdan ibarətdir. Əgər ölkədə daxili istehsalçı yoxdursa, həmin molekulların Azərbaycanda istehsal ehtimalı sıfıra bərabərdirsə, ölkəyə gətirilən dərman preparatlarından 15 faiz civarında rüsum tətbiq edilməsi absurddur. Tarif Şurası öz səlahiyyətlərindən istifadə etməklə nəzarət mexanizmini gücləndirməlidir. Hansı ki, ölkədə normal rəqabət mühiti formalaşdırılsa, Şuraya belə bir səlahiyyətin verilməsinə heç ehtiyac da yox idi. Dövlət prosesə birbaşa müdaxilə etməli deyildi. Xarici şirkətlərin birbaşa bazara daxil olmasına şərait yaradılsa, qiymət öz-özünə ucuzlaşacaqdı. Rəqabət mühiti olmayanda ucuzlaşma da dayanıqlı olmur. Dərman insanların sosial həyatına, gündəlik dolanışığına birbaşa təsir etdiyindən dövlətin dərman preparatlarına gömrük rüsumu tətbiq etməsini başa düşmürəm”.

İqtisadçının sözlərinə görə, 1 ay əvvəl 11 manata alınan dərmanın apteklərin əksəriyyətində yoxa çıxması və tək-tük apteklərdə 19 manata satılması süni qiymət artımının göstəricisi deyil: "Lirə dollar qarşısında təxminən 20 faiz dəyər itirib. Əslində dərmanlar Türkiyədən lirə ilə alınıb, Azərbaycanda dollar ekvivalentində satılırdısa, elə bir fərq olmamalı idi. Çünki bizdə dolların qiyməti dəyişməz olaraq qalır. Dərman avro ilə alınırsa, qiymət dəyişimi normaldır”.

İqtisadçının sözlərinə görə, Ciprolexin birdən-birə bu qədər bahalaşması həmin dərmanları gətirən şirkətlərin üzləşdiyi problemlərlə bağlıdır. Təklif azaldıqca, qiymətlər də bahalaşır. Bir məsələ də var ki, əvvəllər dərmanların hamısı qeydiyyata alınmırdı. Son zamanlar isə gömrükdə qeydiyyat sərtləşib. Əvvəllər 10 qutu gətirilən dərmanın 5-i qeydiyyata alınırdı. Bu da gətirənə sərf edirdi. Amma indi hər qutunun rüsumu verildiyi üçün qiymətlər də qalxır. Çox qəribə bir situasiya yaranıb ki, gömrükdə şəffaflıq artdıqca, qiymətlər də artır. Bunun qarşısını almağın yeganə yolu ölkədə istehsal olunmayan dərman preparatlarının gömrük rüsumlarından azad olunmasıdır”.

Şəymən







SON XƏBƏRLƏR

2018-08-18
2018-08-17