2018-05-16 11:17:10   |   180 dəfə oxunub

Qadınların çoxu geyimlərinə nəzarət etmirlər

Erkən doğuşa səbəb olan amillərdən biri də hamilə qadınların hündür daban ayaqqabılardan istifadə etməsidir



Ötən il Azərbaycanda dünyaya gələn ekstremal çəkili (500-1000 qram) uşaqların sayı 332 olub. Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov bildirib ki, ölkəmizdə vaxtından əvvəl, 1000 q-dan az çəki ilə doğulanların 30-35 faizi sağ qalır. Baş neonatoloq bu göstəricini qənaətbəxş hesab edir. O bildirib ki, 10 il əvvəl vaxtında əvvəl, 1000 q-dan az çəki ilə doğulanların 5-10 faizi sağ qalırdı.

Vaxtından əvvəl doğuşun baş vermə səbəbləri müxtəlif ola bilər. Əsas məsələ körpələrin nə üçün az çəkili olmasıdır. Bəzən görürük ki, körpə vaxtında dünyaya gəlsə belə, onun çəkisi az olur. Beləliklə bəzi problemlər meydana çıxır. Görəsən bu göstərici nə ilə əlaqədardır?

Baş neonatoloqun fikirləri ilə razılaşdığını deyən radioloq Aynurə Hidayətqızı "Şərq”ə bildirib ki, əvvəlki illərə nisbətən son dövrlərdə körpələrin sağ qalma səbəbi müasir tibbi avadanlıqların olmasıdır. Radioloqun sözlərinə görə, hamilə xanımların düzgün qidalanmaması, stresli həyat tərzi erkən doğuşa gətirib çıxarır: "Əvvəllər erkən doğuş üçün küveyt aparatları az idisə, indi yetərincə və müasir aparatlar var. Klinikaların bir çoxu həmin aparatlarla təmin olunub. Çəkisi az olan və erkən doğulan körpələrin yaşamaq şansları ilk növbədə bu aparatlara görədir. Erkən doğuşa səbəb olan amillərdən biri də hamilə qadınların hündür daban ayaqqabılardan istifadə etməsidir. Hazırda hamilə qadınların bir çoxu geyimlərinə nəzarət etmirlər. Halbuki onlar sırf hamilə geyimlərindən istifadə etməlidirlər. Müayinəyə gələrkən müşahidə edirəm, bir də görürsən ki, qadın 4 aylıq hamilədir və hündür daban ayaqqabı geyinib. Bu istər-istəməz uşaqlıqda sallanma yaradır. Döl ağırlıq edir və hündür daban ayaqqabı çanağı oynadır.

Erkən doğuşda cinsi əlaqə də rol oynayır. Müəyyən ay müddətində cinsi əlaqəyə nəzarət edilməlidir”.
A.Hidayətqızı həmçinin bildirib ki, hamilə qadınlar həkim müayinəsindən yayınırlar. Nəticədə hamiləliyin növbəti dönəmlərində neqativ hallar yaşanır: 

"Sosial şəbəkələrdə bir çox səhifələr yaradılıb, xanımlar məsləhət üçün həmin səhifələrə müraciət edir. Evdar qadından tutmuş hamiləliyini sonlandıran bütün qadınlar başlayıb məsləhət verirlər ki, "mənim həkimim filan şeyi məsləhət görüb, sən də əməl et”. İndi hamilələr sosial şəbəkəyə daha çox inanırlar, nəinki ginekoloqun sözlərinə. Səhifədəki xanımların dediklərinə əməl edirlər və bunu ailədən heç kəs bilmir. Belə özbaşınalıqlar da erkən doğum riski yaradır. Hər bir hamilə qadının orqanizmi fərqlidir. Həkimə getmirlər və ginekoloq məsləhəti olmadan dərmandan istifadə edirlər. Həkim sözü onlar üçün maraqlı olmur.

Bəzən xanımlar müəyyən analizlari də verməkdən boyun qaçırırlar. Məsələn, qadından herpes və sitomeqalavirus analizlərini verməsini söylədiyimiz halda, onların cavabı belə olur - "1-ci uşaqda heç bir problem çıxmamışdı”. Başa sala bilmirəm ki, 1 ci və 2-ci hamiləlik dövrü fərqli keçir və orqanizm eyni olmur. Analizlər verilmədiyi üçün döl 6 ayına çatmamış tələf olur. Bütün bu hallar xanımların müayinələrə, analizlərə və həkim məsləhətlərinə laqeyd yanaşdığı üçün baş verir”

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-05-26
2018-05-25