2018-05-16 13:51:58   |   452 dəfə oxunub

Neftin dəyərinin 100 dolları keçməsi istisna olunmur

Ancaq siyasi gərginlik yaradan tərəflərin əl sıxması ilə qiymət əvvəlki məcrasına da qayıda bilər



Dünyada baş verən siyasi çəkişmələrin neftin qiymətinə təsirləri böyükdür. ABŞ-ın İrana qarşı sanksiyalarından sonra İsrail və Fələstin arasındakı gərginlik də neftin qiymətində iz buraxdı. Bu geopolitik hadisələrin nəticəsində neftin qiymətinin 100 dollar olacağını düşünürlər.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə "Sherg.az”a açıqlamasında deyib ki, hazırda neftin qiyməti 79 dolları keçib. Ekspert bunu Yaxın Şərqdə vəziyyətin mürəkkəb olması ilə əlaqələndirir:

Qüdsdə ABŞ səfirliyinin açılması, bundan sonra gərginliyin uzun müddət qalacağına siqnaldır. Belə qarşıdurmaların iri neft hasilatçıları olan ölkələrin ətrafında baş verməsi neftin qiymətinə birbaşa təsir göstərir. Xüsusi ilə proseslərin Səudiyyə Ərəbistanı və İran kimi ölkələrin ətrafında baş verməsi məsələni daha da aktuallaşdırır. Bundan əvvəl İrana qarşı sanksiyaların tətbiqi neftin qiymətinə təsir göstərmişdi. Sonrakı dövrdə sanksiyalar səngimək əvəzinə yenidən kəskinləşdi. İsrail və Fələstin arasında yaşanan gərginlik həmin zonada vəziyyəti daha da gərginləşdirdi. 

Hələ bu azmış kimi, Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsini də müşahidə edəcəyik. Dünyada OPEK üzvü olan və olmayan ölkələrə qarşı sərt sanksiyalar var. Belə sanksiyalar siyasi vəziyyətin tarazlığını pozur. Bütün bu siyasi vəziyyətlər neftin qiymətində özünü büruzə verdi.

Buna görə də qara qızılın dəyərinin 90-100 dolları keçməsini heç kəs istisna etmir. Amma neftin qiymətinin 65 dollardan indiki həddə qalxması onun bu səviyyədə qalması demək deyil. Siyasi gərginlik yaradan tərəflərin əl sıxması ilə neftin qiyməti əvvəlki məcrasına da qayıda bilər.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19