2018-05-17 19:39:38   |   2682 dəfə oxunub

Salatın Əhmədlinin “Böyük ömrün salnaməsi” kitabı işıq üzü görüb


Filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü Salatın Əhmədovanın dövlət xadimi Səmədağa Ağamalıoğlunun həyatı və fəaliyyətindən bəhs edən "Böyük ömrün salnaməsi” kitabı işıq üzü görüb.

"Sherg.az”ın məlumatına görə, "Böyük ömrün salnaməsi” monoqrafiyası etno-mədəni düşüncə sistemində məxsusi yeri olan böyük dövlət xadiminin anadan olmasının 150 illiyinə həsr olunub. Monoqrafiya Azərbaycanın müstəqilliyinin bərpasından sonra S.Ağamalıoğlunun həyat və fəaliyyətinin elmi baxımdan sistemli tədqiqatına edilən ilk cəhddir. Kitab həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfədir.

Səmədağa Ağamalıoğlu həm Cümhuriyyətə qədər, həm Cümhuriyyət dövründə, həm də Cümhuriyyətdən sonra (sovet dövründə) ölkənin ictimai –siyasi, mədəni həyatında nə qədər əhəmiyyətli rol oynasa da, onun şəxsiyyəti, tarixi fəaliyyəti, xalqı qarşısındakı xidmətləri barədə cəmiyyətə lazımi qədər məlumat verilməyib. Sovet dövründə S. Ağamalıoğlunun gördüyü işlərdə türkçülük-millətçilik "izləri” tapılıb. Müstəqillik illərində isə, o "Sosialist ideoloqu” və ya "sovet dövləti qurucusu” elan olunub.

S.Əhmədova kitabında bildirir ki, görkəmli dövlət xadimi haqqında tədqiqatın əsas məqsədi S. Ağamalıoğlunun gerçək obrazını tarixi faktlarla, elmi əsaslarla ortaya qoymaqdır. Müəllifin fikrincə, bu monoqrafiya S.Ağamalıoğlunun fəaliyyəti ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin müxtəlif ideoloji aspektlərdən tədqiqi üçün mənbə rolunu oynayacaq.

"Böyük ömrün salnaməsi”nin elmi redaktoru akademik Nizami Cəfərov kitabın ön sözündə bunları yazır:

"Salatın Əhmədovanın "Böyük ömrün salnaməsi” kitabının dəyəri ondadır ki, yaxın tarixə münasibətdə obyektiv baxışların qərarlaşmağa başladığı bizim günlərin əhval-ruhiyyəsinə uyğun olaraq, görkəmli ictimai-siyasi xadim haqqında aydın, əsaslandırılmış və kifayət qədər geniş təsəvvür yaradır. Həyatı, dünyagörüşünün formalaşması, milli məfkurə mübarizələri, Cümhuriyyət Parlamentində bir sosial-demokrat olaraq göstərdiyi qızğın fəaliyyət, Sovet dövrünün xüsusilə ilk illərində "mədəni inqilab” prosesinə rəhbərliyi - buraya ilk növbədə, "yeni əlifba”ya keçid hərəkatı, I Türkoloji qurultayın təşkili və s. daxildir - Azərbaycanda, ümumən Şərqdə qadın azadlığı uğrunda mücadilələri və s. barədə həm ətraflı, həm də sistemli məlumatlar verən müəllif Azərbaycan xalqının tarixində S. Ağamalıoğlunun, həqiqətən, mütərəqqi bir şəxsiyyət kimi mühüm yer tutduğunu bir daha təsdiq edir”.

Məlumat üçün bildirək ki, Salatın Əhmədova monoqrafiyasında S.Ağamalıoğlu haqqında məhdud sayda olan araşdırmalardan, arxiv materiallarından, S. Ağamalıoğlunun çap olunmuş və geniş ictimaiyyətə az məlum olan kitab və məqalələrindən istifadə edib, bir neçə maraqlı fotoşəkil verib.

Əminliklə deyə bilərik, S. Əhmədovanın "Böyük ömrün salnaməsi” kitabı bütün ömrünü xalqının tərəqqisinə həsr etmiş görkəmli ictimai-siyasi xadimin, dövlət adamının Azərbaycan cəmiyyətinə daha yaxından tanıdılmasına yardım etməklə qalmayacaq, Səmədağa Ağamalıoğlunun həyatı, fəaliyyəti, mübarizələri barədə monoqrafik tədqiqatların yaranmasına da təsir göstərəcək.

Aysel Aslan









SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18