2018-05-18 12:11:51   |   1677 dəfə oxunub

“Efir örnək, nümunə olmalıdır”

Dilarə Səlim: “Yaşı 40-ı keçmiş aparıcılara inam daha çoxdur”





"Çox istərdim ki, Azərbaycan teleməkanında sənədli filmlər daha çox təqdim edilsin. Dünya telekanallarında sənədli filmlərin təqdimatı üstünlük təşkil edir”






Son vaxtlar efir məkanımızda olan qüsurlar cəmiyyətin müzakirə mövzusuna çevrilir. Teleməkanımıza bir də peşəkar baxışı maraqlı olar deyə, onunla həmsöhbət olmaq istədik. Məlahətli səsi ilə yanaşı, səmimiyyəti, sadəliyi ilə söhbətimizə şirinlik qatdı. Müsahibimiz 28 ildir televiziya sahəsində külüng vuran, Azərbaycan Dövlət Televiziyasından çox yaxşı tanıdığımız, ölkəmizdə ilk tok-şou müəlliflərindən olan diktor və aparıcı Dilarə Səlimdir.

- Azərbaycan teleməkanına baxışınız maraqlıdı. Efir məkanımızı nə rəngdə görürsüz?
- Mən kənardan bu aləmi görə bilmərəm. Çünki özüm də bu sahənin içindəyəm. Amma peşəkar yanaşılsa, bu gün Azərbaycan teleməkanı solğun da deyil. Rəngarənglik var. Amma şəxsi münasibətimi soruşsanız, istərdim ki, daha maraqlı layihələr təqdim edilsin. Çox istərdim ki, Azərbaycan teleməkanında sənədli filmlər daha çox təqdim edilsin. Bu, sadəcə bir misal ola bilər. Elmi-sənədli filmlərin olmaması məni üzür. Dünya telekanallarında sənədli filmlərin təqdimatı üstünlük təşkil edir. Bizdə bu yoxdu. İnformasiya və əyləncə baxımından isə bu gün belə verilişlər var.

- Bəs əyləncəli və informasiya formatında olan verilişlərin keyfiyyəti necə, qənaətbəxşdimi?

- Təbii ki, qüsurlar var və çox istərdim ki, bu qüsurlar zamanla aradan qalxsın. Çünki televiziya qüsuru sevmir.

- Bu gün teleməkanlarımızda aparıcıların nitq mədəniyyəti, ünsiyyət səviyyəsindən də danışmaq istərdik. Sizi narahat edən məqamlar varmı?

- Bilirsiz, hər bir verilişin formatına uyğun aparıcısının olması vacibdi. İnformasiya aparıcısından tamamilə başqa bir keyfiyyət tələb olunur, əyləncəli verilişin aparıcısı isə fərqli bir keyfiyyətə sahib olmalıdır. Elmi, maarifləndirici verilişlərin aparıcısı isə tam başqa olmalıdır. Aparıcı bütün sahələri hərtərəfli bilmək iqtidarında deyil. Nadir hallarda ola bilər ki, aparıcı bütün sahələrdən tam xəbərdar ola bilsin. Bu, xüsusi bir istedad tələb edir. Uzun illər informasiya aparıcısı olaraq çalışdığım üçün öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, xəbər aparıcısı mütləqdir ki, dünyada baş verən hadisələrdən xəbərdar olsun. Çünki biz informasiya ilə çalışırıq, informasiya bizim efirdə silahımızdı. Burda mütləq savad olmalıdır. Əgər əyləncəli verilişlərin keyfiyyətindən söhbət gedirsə, çox təəssüflə qeyd edək ki, bu sahədə ciddi problemlər var. Bir çox əyləncəli verilişlərin səviyyəsi o qədər aşağıdır ki, aparıcıdan savad da tələb etmir. Bəzi aparıcılar efirə çıxıb oynayıb əylənməklə aparıcılıq missiyalarını tamamlamış olurlar.

- Xəbər aparıcılarından fərqli olaraq əyləncəli verilişlərin aparıcıları daha çox tənqid olunurlar. Onların dil problemləri, qonaqlarla ünsiyyəti daha çox müzakirələrə səbəb olur. Əyləncəli veriliş deyib sərbəstlik adı ilə bu qədər çılpaq efirdə danışmaq doğrudurmu?

- Təbii ki, normal tamaşaçı kimi də, bu işdə olan professional televiziya insanı olaraq da istəməzdim ki, bu hallar baş versin. Baxıram, üzülürəm. Bu gün efir məkanımızda əyləncəli, sosial layihələri aparan aparıcılar arasında mənə maraqlı olan adı çəkməyə çətinlik çəkərəm. Çünki mən onların verilişlərindən məlumat əldə edə bilmirəm. Mən onların təqdimatında olan verilişlərdən yenilik əldə edə bilmirəmsə, o layihə də, aparıcının danışığı da mənim üçün maraqlı ola bilməz. Şou proqramının aparıcısından bəzən intellekt gözləmirik. Bu yanaşma doğru deyil. Efirdə, tamaşaçı qarşısında olan hər bir aparıcıdan intellekt tələb olunur. Bu vacibdi. Amma təəssüf ki, bizdə intellektual verilişlərin aparıcılarının əksəriyyətində bu yoxdu. Rusiya kanallarına, digər ölkələrin əyləncəli verilişlərinin aparıcılarına diqqət yetirin, fərq göz önündədir. Onlar verilişlərdə o qədər maraqlı təqdimatlarla adi oyunu, hansısa şou verilişini tamaşaçı ilə bölüşürlər ki, tamaşaçı həvəslə izləyir. Çünki o əyləncənin arasında belə hansısa ciddi bir musiqi barədə də informasiya verirlər ki, bu, gözəl haldı. Təəssüf ki, bizim əyləncəli verilişlərin əksəriyyətinin aparıcılarında bu keyfiyyət, intellekt yoxdu.

- Bu günlərdə tanınmış diktor, sizin həmkarınız Sabir Ələsgərovun da açıqlaması diqqət çəkdi. Konkret adlar çəkərək bəzi əyləncəli, şou verilişi aparan aparıcıların nitq mədəniyyətini, qonaqlarla kobud ünsiyyətini tənqid etdi.

- Əslində düşünürəm ki, mən verilişə qonaq dəvət edirəmsə, ona hörmətlə yanaşmalıyam. O mənə maraqlıdır ki, verilişimə dəvət edilib. Bu mənim şəxsi fikrimdi. Əgər o qonağın səviyyəsi, intellekti məni qane etmirsə, onu dəvət etməyə də ehtiyac qalmır. Qonağı verilişə təhqir etmək üçün çağırmazlar axı. Düzgün, səviyyəli, peşəkar televiziya aparıcısı təbii ki, dəvət etdiyi qonağa hörmətlə yanaşaraq onu açmağı bacarmalıdır. Təbii ki, suallar yarana bilər, hətta tənqid də səslənə bilər. Amma bu, çərçivə dairəsində, təhqirə yol verilmədən baş verməlidir. Çünki qonaq sənindisə, onu təhqir etməməlisən. Əgər aparıcı verilişinə dəvət etdiyi qonağı təhqir edirsə, onu alçaltmaq, ya da gözdən salmaq məqsədilə reytinq olsun deyə qonağına kobudluq edirsə, bu da həmin aparıcının intellekt səviyyəsini, daxili mədəniyyətinin nə qədər olduğunu göstərmiş olur. Əgər aparıcı efirdə qarışısındakını təhqir edirsə, artıq onun səviyyəsindən danışmağa ehtiyac qalmır.

- Aparıcılarımızın ləhcə və şivələrlə danışmağı nə qədər doğrudur?

- Təbii ki, efir bir örnək, nümunə olmalıdır. Əgər biz dilimizi qoruyuruqsa, ona mütləq hörmət etməliyik. Dilimizlə bağlı dövlət səviyyəsində proqramlar, sərəncamlar çıxıb. Bunlara nəzarət olmalıdır. Efir bu baxımdan bir nümunə olmalıdır. Demirəm ki, hər verilişdə mütləq ədəbi dildə danışılmalıdır, amma normal danışıq dilində efirdə danışmaq lazımdı. Efirdə ləhcə, şivə ilə danışmaq qətiyyən yolverilməzdi, doğru deyil. Ləhcə bilirsiz nə zaman gözəl görünə bilər, əgər əyləncəli verilişdə parodiya olarsa, ya hansısa zarafatla deyiləcək bir söz, məqam olursa, ləhcə şirin səslənə bilər. Yəni zarafatla nəsə deyilərsə, bu yerindədirsə, gözəl görünə bilər. Amma verilişin özündə, əvvəldən axıra kimi aparıcının ləhcə ilə danışması qəbahətdi. Aparıcının efirdə heç bir ləhcə və şivə ilə danışığı olmamalıdır.

- Bu problemlərin mövcudluğunun mütaliəsizliklə, savadsızlıqla bağlılığı varmı? Təsadüfən televiziyaya gələnlər də var...

- Biz televiziyaya gələndə rəhmətlik Rafiq Hüseynov bizə məsləhətlər verərdi. Hər birimizin ustadı sayılırdı. Rafiq müəllim deyirdi ki, efir lupa kimidir. Həyatda ən xırda nöqsanlar belə efirdən, ekrandan 10 dəfə böyük görünür. Ona görə də efirdə olan insanın məsuliyyəti ağır olur. O bu məsuliyyəti hiss etməlidir, dərk etməlidir ki, onu milyonlar izləyir. Əgər aparıcının intellekti, savadı yoxdursa, bu mütləq efirdən hiss olunur. Səviyyə varsa, o mütləq görünür, yoxdusa, dediyim kimi, böyüdücü lupa formasında özünü büruzə verir, danışıq qabiliyyəti zəifdisə, tamaşaçı bunu hiss edir. Ümumiyyətlə, düşünürəm ki, mediaya gələn, mətbuata gələn insanın mütaliəsi vacibdi, o, savadlı olmalıdır. Axtarışda olması vacibdi, üzərində hər zaman çalışmalıdır. Əgər dünyagörüşünün güclü olmasını istəyirsənsə, mütaliə etməyə maraqlı olmalısan. Dilinin düzgün olmasını, tələffüsdə qüsursuz olmaq istəyirsənsə, kitab oxumalısan, mütaliə etməlisən. Bir məqamı xüsusi vurğulamaq istəyirəm. Mətbuata, televiziyaya gələn insan ilk əvvəl özünə sual verməlidir ki, mənim məqsədim nədir? Tamaşaçıya nə təqdim etmək istəyirəm. Əgər özünü göstərmək xətrinə efirə çıxırsa, o aparıcının intellekti də düşüncəsi qədər olacaq. Yox əgər məqsədi tamaşaçıya maraqlı veriliş, layihə təqdim etməkdirsə, informasiya çatdırmaqdırsa, demək, o aparıcının hədəfi bəllidir, o, televiziyada özünü təsdiqləmək niyyətindədir.

- Aparıcıların verilişlərə hazırlıqlı daxil olması da televiziyada vacib məqamdı. Aparıcı qonağını tanımırsa, artıq orada polemikadan, diskusiyadan söhbət gedə bilməz.

- Aparıcının verilişə hazırlaşması vacib nüanslardan sayılır. Əslində bu həm də aparıcının qeyri-peşəkarlığından xəbər verir. Bütün sahələri bilmək qeyri-mümkündü. Amma qonağın haqqında, müzakirə etdiyin mövzu barədə məlumatlı olmalısan ki, efirdə qonaqla təmasda kasıb, savadsız görünməyəsən. Sənin qonağın verilişdə hər hansı bir elm adamı da ola bilər, musiqiçi də, dünyaca məşhur sənətçi də. Sən buna hazırlıqlı olmalısan. Ən azından müğənnidirsə, onun yaradıcılığı ilə tanış olmalısan, elm adamıdırsa, onun elmi fəaliyyətini araşdırmalısan. Dərindən bilmək vacib deyil, amma verilişə gələnə qədər məlumat toplamalısan. Burda aparıcının bacarığı, savadı, bir də qarşısına qoyduğu məqsədi vacibdi. Digər tərəfdən də verilişi ərsəyə gətirən redaktor və digərləri ilə əlbir olmaq, onlarla birgə çalışmaq lazımdı. Hətta aparıcının savadı çatmırsa, o, verilişə hazırlıqlı deyilsə, verilişin redaktoru və digərləri aparıcını o verilişə hazırlamalıdır. Burda hər iki tərəfin peşəkarlığı vacibdi.

- Sosial tipli verilişlərə maraq da böyükdü, onların efirdə yer alması da çoxalıb. Bu kimi layihələrdə aparıcıların reytinq xatirinə qonaqlarını ağlatmaları, insanların şəxsi həyatlarına bu qədər icazəsiz müdaxiləsi, süni göz yaşları, insanların hisslərinə toxunmaqla onların şəxsi həyatlarını müzakirəyə çıxarmaq necə, televiziya peşəkarlığı baxımından nə qədər etik və doğrudu?

- Səmimi deyə bilərəm ki, efirdə olan informasiya verilişlərini izləməyə çalışıram. Amma digər verilişləri format baxımından sevmədiyim üçün, demək olar baxmıram. Amma bilirəm ki, bu verilişlərin öz tamaşaçıları var. Təbii ki, insan olaraq onun tərəfdarı deyiləm ki, insanların hissləri ilə oynayıb, kimisə ağlatmaqla reytinq qazanılsın. Amma dünya teleməkanında bu kimi sosial tipli verilişlərdə o göz yaşlarını görmək olur. Sadəcə bizdə, bu bir az daha çılpaq təqdim edilir. O formatda olan verilişləri sevmirəm. Mənim üçün maraqlı deyil bu kimi layihələr.

- Efir estetikası teleməkan üçün nə qədər vacibdi. Bizdə efir estetikası nəzərə alınırmı?

- Düşünürəm ki, bir çox məqamlarda efir estetikasını qorumağa çalışanlar var. Azdı, amma var. Aparıcının intellekt səviyyəsindən başlayaraq efir estetikası özünü göstərə bilir. Əgər peşəkar heyət varsa, o estetika qorunmağa çalışır.

- Yəqin ki, tələbələriniz var. Efirə gələn gənclərə nə məsləhət edərdiz. Efirdə nələrin olması vacibdi. Efir nəyi tələb edir?

- Bəli, tələbələrim var. Bakı Slavyan Universitetində, Bakı Dövlət Universitetində mühazirələr oxumuşam. İndi onların çoxları müxtəlif media qurumlarında çalışır. Təəssüf ki, son illər vaxtım az olduğundan universitetlərdə mühazirələr oxuya bilmirəm. Amma kanalın özündə yenə də tələbələrim var. Efirə gələn insandan ilk növbədə savad, dünyagörüşü, mütaliə tələb olunur. Bir də peşəsinə məsuliyyətlə yanaşma hissi vacibdi. Hər bir efirə çıxan insanda o məsuliyyətin olması vacibdi. Sən böyük auditoriyaya müraciət edirsən, bu məsuliyyəti dərk etməlisən. Əgər o məsuliyyət efirə çıxan insanda yoxdursa, ondan heç nə tələb etməyə dəyməz.

- Tamaşaçının aparıcıya inamı məsələsi də vacibdi. Xəbər aparıcısının yaşı tamaşaçının inamına təsir göstərə bilərmi. Xarici ölkələrdə 35-40 yaşın üstündə xəbər aparıcılarına daha çox üstünlük verilir. Bizdə isə xəbər aparıcıları arasında gənclər üstünlük təşkil edir.

- Tamaşaçının aparıcıya inamı çox vacibdi. Çox gənc insanın tamaşaçıya xəbər çatdırması ilə daha yaşlı aparıcının xəbər çatdırması məqamında fərq özünü göstərir. 40 yaşın üstündə olan aparıcıya inam daha çoxdu. Bu, dünya televiziya təcrübəsində qəbul olunan standartlardan sayılır. Tamaşaçı ciddi bir xəbəri gənc aparıcının dilindən qəbul edərkən onu ciddi qarşılamaya bilir. Bu artıq sübut olunub. Tamaşaçı gənc aparıcının ona ötürdüyü xəbəri dinləyərkən sualı yaranır ki, sən gəncsən, bu hadisədən nə anlaya bilirsən ki, bizə də nə çatdırmağa çalışırsan. Daha olğun yaşda olan aparıcılar xəbər aparıcısı olaraq efirə çıxmalıdır. Çünki 40 yaşın üstündə olan xəbər aparıcısı daha inandırıcı görünür. Səhv etmirəmsə, CNN-də belə bir qayda var ki, xəbərlərin aparıcısı 30-35 yaşdan yuxarı olmalıdır. Burada tamaşaçının inanmaq, güvənmək faktoru var. Çünki 30-35 yaşdan yuxarı insanların həyat təcrübəsi var. Bu baxımdan təbii ki, tamaşaçı 20 yaşlı aparıcıdan daha çox yaşı 30-35-dən çox olan aparıcının sözlərinə inanar.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24