2018-05-21 12:45:02   |   282 dəfə oxunub

"Uşaqların həyatı riskə atılır"



"Nikahdan kənar doğulan 20 min körpə sadəcə doğum evlərində qeydiyyata alınanlardır. Xəstəxana şəraitindən kənarda dünyaya gələn körpələri də nəzərə alsaq, bu göstərici yüksəkdir”.

Bunu "Sherg.az”a nikahdan kənar doğulan körpələrin taleyi barədə danışarkən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. 

O bildirib ki, statistikada açıqlanan 20 min körpənin heç də hər biri atılmaq ehtimalı ilə qarşılaşmır:

"Biz qeyri-rəsmi nikaha qarşı çıxan cəmiyyət formalaşdırmalıyıq. Çünki belə hallarda uşaqların həyatı riskə atılır, onların müdafiəsi təhlükədə qalır. Qeyri-rəsmi nikahlardan doğulan uşaqların himayəsi, hüquqlarının təmin olunması prosesində ciddi problemlər ortaya çıxır. Bu baxımdan, həmin uşaqların hər biri həssas qrup olaraq, qeydiyyata götürülməlidir. Həmin uşaqların ailəsinin məsuliyyəti, ata və ananın imtiyazlarının qəbul etdirilməsi sahəsində iş aparılmalıdır. Belə məsələləri icra strukturları, yerli idarəetmə orqanları məşğul olmalı, həmin uşaqları diqqətdə saxlamalıdırlar”.

Qeyd edək ki, "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova nikahdan kənar 20 min uşağın dünyaya gəldiyi barədə məlumat açıqlayıb. Onun sözlərinə görə, bunlar sosial ailələrdə dünyaya gələn uşaqlardır: "Biz bu məsələlərdə dövlətin dəstəyini istəyirik, çünki dövlət onları izləyə bilər. Hansısa QHT-lərin bunu izləmə mexanizmi yoxdur. Ailə siyasətinə dəstək olmaq üçün sosial paketlər olmalıdır”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-06-22