2018-05-21 13:37:03   |   506 dəfə oxunub

"Hökumətin təşkilində parlamentə istinad əlamətdar hadisədir" - Zahid Oruc



"Aprelin 11-də keçirilən prezident seçkiləri ölkənin gələcəyinin müəyyənləşməsində mühüm mərhələ oldu. İştirak edən namizədlərin irəli sürdüyü təkliflər, müxtəlif təhlilli mövqelər, xalqdan gələn düşüncələrin dövlətin rəhbərliyinə çatması cəmiyyətin gözləntilərini doğrultmağa imkan verdi”.

Bu barədə "Sherg.az”a millət vəkili Zahid Oruc bildirib. O vurğulayıb ki, ölkə rəhbərinin nüfuzu yüksək olsa da, eyni fikirləri digər hakimiyyət qolları haqqında söyləmək mümkün deyil:

"Bunu rəy sorğularına əsasən və sıradan müşahidələr sayəsində görmək olurdu. Hökumətin daxilində müxtəlif sahələrə məsuliyyətli olan nazirliklər cəmiyyətin müsbət rəyini qazana bilməmişdi. Bundan əlavə, ölkə başçısı yeni dövr üçün daha böyük planları, ambisiyaları qarşıya qoyub. Belə olan təqdirdə, seçkilərdən sonra ölkə başçısı qlobal siyasəti uğurla quraraq, daxili siyasətə zərbə gətirən qüvvələrdən xilas olub, xalqa söykənir. Nəticə etibarı ilə hökumətin tərkibi 60-70 faizə qədər dəyişmiş oldu.

Yeni hökumətdə yalnız adlar dəyişmədi. Sistem dəyişikliyi, funksional islahatlar və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün yeni təyin olunan hər bir vəzifəli şəxsin üzərinə düşən məsuliyyəti yerinə yetirmək tələb olunur. Həmin şəxslər əvvəlki vəzifəlilərin cinayətlərinin, nöqsanlarının nədən ibarət olduğunu anlayırlar. Bundan başqa ölkə başçısının tələbləri, Azərbaycanın regionda idarəçilik baxımından fərqlənməyə meyl etməsi qarşıya daha böyük məsuliyyətləri qoyur”.

Z.Oruc hesab edir ki, prezident seçkilərindən sonra aparılan struktur və kadr islahatları ölkənin həyatında önəmli olan prinsipləri müəyyənləşdirdi. Onun sözlərinə görə, artıq hər kəs əvvəlki dövrün eyforiyasında qalmağın inkişafa xidmət etmədiyini anlayır:

"Yeni hökumətin müəyyən olunmasında parlamentə istinad olunması da əlamətdar hadisədir. Hökumətin parlamentləşməsi ölkə rəhbərinin qanunvericilik sistemində yer alan şəxslərin fəaliyyətini dəyərləndirdiyini göstərir. Dövlətçiliyə yaxından xidmət edən şəxslərin kariyera pilləkənində irəliləməsinə şərait yaradılır. Həmçinin, parlamentdə təmsil olunan şəxslər xalqla işləmək, onların problemlərinə bələd olmaq baxımından bir addım öndədir".

Deputatın qənaətincə, Azərbaycan üçün yeni mərhələnin nəticəsində bir-iki ilə komandanın siyasi, sosial, iqtisadi fəaliyyətindəki uğurları görmək mümükn olacaq:

"Kadr dəyişikliyinin özünü doğrultması bir qədər vaxt tələb edir. Ona görə, prezident seçkilərinin ən böyük nəticələrindən biri xalqın ölkə başçısına göstərdiyi etimadı ifadə etdiyi kimi daxildə kəskin dəyişikliklərə getmək imkanını da artırdı. Prezident İlham Əliyevin liderlik qabiliyyəti xalqımızın, ölkəmizin xeyrinə işlədi. Bu vəziyyət qanunverici və məhkəmə orqanlarına da təsir etməlidir. Çünki bu strukturlarda da yeniliyə ehtiyac var. Əvvəlki templə dayanmaq, qeyri-aktiv siyasi mövqe tutmaq, yerində saymaq olmaz. Media və cəmiyyətlə fəal çalışmaq, aktiv iş aparmaq lazımdır ki, insanlar bütün strukturların yeni dövrün tələbləri çərçivəsində fəaliyyət göstərdiyini müşahidə etsin”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-10-24
2018-10-23