2018-05-24 14:38:38   |   3413 dəfə oxunub

“Ermənilər tələyə qoyulmuş pendirə aldanan siçan kimidir”

Sərdar Cəlaloğlu: “Paşinyan çox böyük vədlər vermişdi, amma yerinə yetirə bilməyəcəyi gün kimi aydındır”

“Putin görüşdə Paşinyana Qarabağ münaqişəsinin mahiyyətini çatdırıb”

O, bəyan edib ki, Ermənistan burada sadəcə Rusiyanın maraqlarını təmin edən dekor rolunu oynayır

Ötən gün Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan görüş yenidən gündəmə gəlib. Buna səbəb Paşinyanın Putinlə görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıldığını deməsi olub. Lakin əksər ekspertlər Putin-Paşinyan görüşündə mühüm müzakirələrin olması barədə ermənilərin iddialarını ciddi saymırlar.

Onların fikrincə, bu barədə açıqlamalar təkcə erməni tərəfdən verilir. Rusiya mediası isə məsələyə toxunmur. Hesab edilir ki, Paşinyanın əsas məqsədi daxili auditoriyaya xitab etməkdir. Baş nazir hamıya sübut etmək istəyir ki, təhlükəsizlik çətiri Rusiyanın əlindədir və Moskva Ermənistanı qorumaqda davam edir. Soçi görüşü Paşinyana daha çox Putinin sürpriz qərarlarından və qəzəbindən sığortalanmaq üçün lazım idi. Ümumiyyətlə, Paşinyan hakimiyyətindən sonra Qarabağ problemi ətrafında müəyyən əndişələr formalaşmaqdadır. Xüsusən, yeni hökumətin israrla "Qarabağ tərəfi danışıqlarda iştirak etməlidir” tələbini irəli sürməsi və Naxçıvan istiqamətində təxribata əl atması münaqişənin çözüm ehtimalını bir qədər də mürəkkəbləşdirir. 

Bölgədə cərəyan edən proseslərlə bağlı "Şərq”ə müsahibə verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu maraqlı məqamlara toxunub. Partiya sədri bildirib ki, Ermənistan baş nazirinin bəyanatları populizmdən başqa bir şey deyil...

- Paşinyanın Soçi görüşündən sonra müəyyən bəyanatlar səsləndirməsi, biri-birinə zidd açıqlamalar verməsi erməni mediasında geniş müzakirə olunur. Sizcə, baş nazir hərəkətlərinin fərqindədir, yoxsa iddia edildiyi kimi siyasətdən başı çıxmır?

- Ermənistanın baş naziri hakimiyyətə gəlməzdən qabaq çox böyük vədlər verib. Amma həmin vədləri yerinə yetirə bilməyəcəyi gün kimi aydındır. Mövcud reallığı görən baş nazir hər fürsətdə siyasi demoqogiya ilə öz tərəfdarlarını inandırmağa, aldatmağa cəhd göstərir. Dağlıq Qarabağ məsələsi Ermənistan dövlətinin müstəqillik və suverenlik məsələsidir. Ermənilər Dağlıq Qarabağdan çəkilmədiyi müddətcə müstəqil ola bilməzlər. Əslində erməni ictimaiyyətinin və bəzi liderlərin irəli sürdüyü bütün problemlər məhz Ermənistanın müstəqil olmamasından qaynaqlanır. Paşinyan verdiyi vədləri yerinə yetirməsi üçün ilk növbədə Dağlıq Qarabağdan imtina mövqeyini seçməlidir. Amma məlum səbəblərdən bu da mümkün deyil. Həm də ermənilər öz ab-havalarına uyğun olaraq Qarabağ məsələsini özləri üçün "vazkeçilməz” sayırlar. Qarabağ mövzusunda hansısa geri addımı, güzəşti özləri üçün xəyanət hesab edirlər. Ermənilər tələyə qoyulmuş pendirə aldanan siçan kimidir. Onların istəkləri ilə reallıq arasında böyük fərq var. Ona görə də Paşinyan sələflərindən fərqli olaraq, Dağlıq Qarabağ məsələsini daha radikal şəkildə qabardır. Deyir ki, Sarkisyan Qarabağ klanının təmsilçisi kimi hakimiyyətə gəlib və dövləti, xalqı pis günə qoyub. Bunu deyən adamın özü Qarabağ kartından istifadə edir. Hətta əvvəllər söydüyü klanla indi əməkdaşlıq edir.

- İndiki şəraitdə Putin-Paşinyan arasında hansı ciddi danışıqlardan söhbət gedə bilər?

- Diplomatiyada siyasilər dildən həqiqi fikirlərini gizlətmək üçün istifadə edirlər. Verilən aşkar bəyanatların heç bir əhəmiyyəti yoxdur. Məntiqə görə, Rusiya rəhbəri Dağlıq Qarabağ probleminin məhz Moskvanın maraqlarına uyğun bir problem olduğunu Paşinyanın diqqətinə çatdırıb. Burada ermənilərin söz sahibi olmadığını baş nazirə başa salıb. Problemin uzun müddət davam etməsində Moskvanın maraqlı olduğunu izah edib. Anladıb ki, Kreml müəyyən planlar cızaraq, münaqişənin həll olunmamasına, naməlum vaxta qədər uzanmasına çalışır. Rusiya bu problem üzərindən həm Ermənistana, həm də Azərbaycan təzyiq göstərir. Hesab edirəm ki, Putin-Paşinyan görüşündə vurğuladığım məsələ müzakirə olunub. Paşinyana açıq şəkildə Qarabağın mahiyyəti çatdırılıb və bəyan edilib ki, Ermənistan burada sadəcə Rusiyanın maraqlarını təmin edən dekor rolunu oynayır.

- Yeni hökumətin Qarabağdakı qondarma rejimi israrla danışıqlara sövq etməsinin arxasında nə dayanır?

- Bunların hamısı siyasi konyukturadır. Narazı kütləni aldatmağın ən yaxşı yolu bu cür çağırışlar etməkdir. Demaqoq şüarların səsləndirilməsi və radikal mövqe sərgilənməsi ermənilərdə ümid doğurur və yanlış seçim etmədiklərini düşündürür. Reallıq isə başqadır. Dağlıq Qarabağ nə Rusiyanındır, nə də Ermənistanın.

- ATƏT-in Minsk Qrupu həmsədrlərinin iyun ayında Paşinyanla görüşü nəyisə dəyişəcəkmi?

- Həmsədrlərin məqsədi Dağlıq Qarabağın dinc yolla Ermənistana verilməsini təmin etməkdir. Rusiyanın ABŞ və Fransa ilə mövqeyini fərqləndirən amil odur ki, Kreml tezliklə bu problemin həllində maraqlı deyil. Amma Amerika və Fransa münaqişənin daha tez həllində maraqlıdır. Yəni hər üç həmsədr ölkə eyni amala xidmət etsələr də, sadəcə müddət məsələsində və problemin həllinin gedişində fikir ayrılığına düşürlər. Həmsədrlərin Paşinyanla görüşündən asılı olmayaraq, bizə məlumdur ki, Minsk Qrupunun üzvləri heç bir halda Azərbaycanın mövqeyini dəstəkləmirlər.
- Naxçıvan istiqamətində erməni hərbi birləşmələrinin təxribata əl atmasının səbəbi nə idi?

- Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı müəyyən sərt bəyanatlar səsləndirdi. Prezident Azərbaycan ordusunun, daha doğrusu, Naxçıvan birləşmələrinin istənilən an düşmənə ağır zərbə vura biləcəyini dedi. Məhz bundan dolayı ermənilər Naxçıvan istiqamətində təxribata əl ataraq, guya, Azərbaycana cavab verdilər. Bunu başqa yerə yozmağa ehtiyac yoxdur. Ermənilər heç vaxt Qarabağ münaqişəsini Naxçıvana daşıya bilməz. Çünki Naxçıvan üzərində Türkiyənin söz hüququ var. Ermənilərin Naxçıvana hər hansı təcavüzü Türkiyə ilə müharibə deməkdir. Düşmən ölkə bunu gözə almaz.

- Rusiya XİN-in təşkilatçılığı ilə Abxaziyada qondarma rejimlərin nümayəndələri toplandı. Moskvanın açıq şəkildə separatçıları bir araya gətirməsini necə dəyərləndirirsiniz?

- Bu görüşdə separatçı qurumların rəhbərlərinin iştirakı bilavasitə göstərir ki, Rusiya rəsmi şəkildə keçmiş SSRİ məkanındakı bütün separatçı hərəkətlərin yaradıcısı və dəstəkçisidir. Əlbəttə, bu hərəkət Rusiyanın BMT üzvü bir dövlət kimi missiyası ilə bir araya sığmır. Faktiki olaraq separatçılıq bütün dünyada pislənildiyi halda Moskva açıq şəkildə həmin güclərə dəstək verir. İspaniyanın Kataloniya bölgəsində referendum keçirilsə də, bütün yerli rəhbərlər həbs olundu. İraqda kürdlərin keçirdiyi referendumu dünya qəbul etmədi. Separatizm müasir dünya düzəninə real təhlükə hesab olunduğu üçün beynəlxalq qurumlar tərəfindən qəbul edilmir. Rusiya separatçı qüvvələrə dəstək verərək, keçmiş SSRİ məkanına bu yolla öz təsir gücünü saxlamaq niyyəti güdür. Ona görə də hər dəfə deyirik ki, regional münaqişələrin, o cümlədən Qarabağ probleminin arxasında Rusiya dayanır. Əslində bu görüşü reallaşdıran Rusiya özü dünyaya elan edir ki, separatizmi yaradan və arxasında duran məhz odur.

- Son günlər Ermənistandan Rusiyaya Abxaziya ərazisi ilə dəmir yol çəkilməsi müzakirə olunur. Sizcə, separatçıların Abxaziya toplantısının bununla əlaqəsi varmı?

- Abxaziya dəmir yolu heç vaxt bərpa edilə bilməz. Çünki Abxaziya Gürcüstandan qopardılmış bir ərazidir. Bu ərazi Rusiya tərəfindən ilhaq olunub. Məlumdur ki, Ermənistandan keçən dəmir yolu Gürcüstan ərazisindən keçməlidir. Gürcülər nə qədər başı xarab olmalıdır ki, özlərinin işğal olunmuş ərazilərindən hansısa kommunikasiya xəttinin keçməsinə razı olsunlar?! Bu, Ermənistanla yanaşı separatçı Abxaziyanın da iqtisadi imkanlarının genişləndirilməsi deməkdir. Əgər gürcü hökuməti buna razılıq versə, faktiki olaraq Abxaziyanın işğalı ilə barışmış olacaq. İdeya kimi şirnikləndirici olsa da, reallaşması demək olar ki, mümkün deyil. Onu da deyim ki, blokada şəraitində olan Ermənistandan Rusiyaya çəkiləcək dəmir yolu o qədər də perspektivli olmayacaq. Sovet hökuməti zamanında Ermənistandan Gürcüstana gedən hərbi xarakterli bir yol olub. Amma ərazinin dağlıq və relyefin əlverişsiz olması kommunikasiya xətlərinin çəkilməsini mümkünsüz edib. Belə yerlərdə qatarların ağır yük daşıma imkanları yoxdur. Real şərtləri nəzərə alsaq, hesab edirəm ki, bu ideya gerçəkləşməyəcək.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-15
2018-12-14