2018-05-24 16:28:18   |   2325 dəfə oxunub

Aqşin Yeniseyin açıqlaması ədəbiyyat mövzusu oldu

Yazarlar da razılaşır ki, yaradıcı adamlar əsərlərini həyatları ilə təsdiqləməlidir




Türkiyədə yaşayan şair Aqşin Yenisey gənc yazarlarla bağlı maraqlı açıqlama verib. Onun sözlərinə görə, istedadlı yazarlarımız var. Ancaq onlar istedadlarına uyğun həyat tərzi seçmədikləri üçün yaza bilmirlər, yaşamaqdan, ailələrindən və adlarına söz çıxacaqlarından qorxurlar.

A.Yenisey həmçinin bildirib ki, gənc yazarların əksəriyyəti öz üzərində işləmir: "Təsəvvür edin, müasir gənc şairimiz haqqında film çəkmək istəsən, şairə aid bircə detal tapa bilməzsən. Mən yazdıqlarını həyatı ilə təsdiqləməyən heç bir şairə, yazıçıya inanmıram. Ona görə də müasir ədəbiyyatımızı bir-iki müəllifi çıxmaqla cəfəngiyat hesab edirəm”.

"Şərq” qəzeti şairin söylədiyi tənqidi fikirlərlə bağlı gənc yazarlarımızın münasibətini öyrəndik.
İstədiyi kimi həyat yaşadığını deyən gənc yazar Oğuz Ayvaz bildirib ki, yaşadıqlarını yazıya, şeirə çevirir: "Aqşin müasir poeziyamızda sözünü demiş şairlərimizdəndir. Onun gəncləri tənqid etməyini də dəyərləndirirəm. Yaşamaq barəsində hər gün düşünürəm və çalışdığım qədər ən kiçik detallarla, ən kiçik həyat fraqmentləri ilə içimi doldururam. Yaradıcı adamlar əlbəttə həyatından razı qalmırlar. İstəyirlər maddi imkanları yaxşı olsun, rahat yaza bilsinlər və ilaxır. Yaradıcılıq ağır prosesdi, onu izah eləmək çətindi. Aqşin yəqin ki, gənclərdən gündəm yaratmaqlarını, hadisələrə reaksiya vermələrini istəyir. Birmənalı razıyam. Özünə istedadlı deyən adam cəmiyyətdə baş verən problemlərə göz yummasın, fikrini bildirsin. Təəssüf ki, bizim cəmiyyətdə də yazıçının, şairin fikrinə əhəmiyyət vermirlər. Buna görə də gənc yazar qalmaqal yaradaraq diqqəti özünə çəkir. Çəkir ki, görün, baxın, mən də yazıram. Burada yazarın ciddi mətni ona arxa-dayaq durmalıdır. Mən şəxsən hər gün kitab oxuyuram, mütəmadi olaraq filmlər izləyirəm. Bütün bunlar yaradıcı şəxslərin hava-su kimi lazımlı ehtiyaclarıdır”.

Yazarların əksəriyyətinin ailələrinə görə narahat olması fikrini təsdiqləyən yazar Eminquey Akif bu mənada A.Yeniseylə razılşadığını bildirdi:

 "Aqşin Yenisey "istedadlarına uyğun həyat tərzi” deyəndə, nəyi nəzərdə tutur, bilmirəm. Qismən haqlıdır. Bəli, əksəriyyətimiz ailəmizə görə narahatıq. Çünki mənim heç bir qohumum, hətta anam belə, ədəbiyyat oxumur, yazarları tanımır, indiki dövrün təfəkkürünə bələd deyil. Onlar hələ də 80-90-cı illərdə qalıblar. Quranla bağlı statusum gündəm olanda tanımadığım qohumlarım da üzə çıxdılar, zəng vurdular, qınadılar. Anamı güc-bəla ilə başa saldım, sakitləşdirdim. Şəxsən mənə görə öz adım məni bircə qram da maraqlandırmır. Kim nə söz çıxarır, çıxartsın, məni ancaq anam qorxuda bilər. Ola bilər, Aqşin belə şeylərdən uzaqdır, amma hərəmizin bir həyatı və bir səbəbi var. Məsələn, mən sağ qalan bircə anamı necə vecimə almayım? Üstəgəl, Aqşin özü də çox gözəl bilir, indiki dövrdə yaşamağın özü belə müşkül məsələdir, o ki qaldı istedada uyğun yaşamaq. Mənim üçün yazmaq, məşhur şairin sözü olmasın, yaşamadıqlarımdan intiqam almaqdır. Öz adıma deyirəm, öz üzərimdə daim işləyirəm. Aqşin Yeniseyin bu fikri bəzi müxaliflərin Hollandiyadan camaatı ayağa qaldırmağına bənzəyir”.

Gənc şair Tural Turanın sözlərinə görə, şərt deyil ki, yazıçı və ya şair mütləq öz həyatını yazsın: 

"Aqşin Yenisey müəyyən mənada haqlıdır. Yazıçı cəmiyyətin bir parçası deyil, "palaza bürün, ellə sürün” problemi onlar üçün keçərli olmamalıdır. Yazıçı cəmiyyəti ovcuna alıb ondan yüksəkdə dayanmasa, yazdıqlarının heç bir əhəmiyyəti olmayacaq. Aqşin bu mənada doğru deyir.

Mən dəfələrlə müsahibələrimdə demişəm ki, öz yaşantılarımı yazıram. Həyat tərzimi isə özüm müəyyənləşdirirəm. Nə ailəm qarşı çıxıb, nə çevrəm. Bu mənada sərbəst olmuşam. Amma məsələnin digər tərəfi də var. Yazıçılıq və şairlik həm də müşahidə sənətidir. Başqasının həyatını da müşahidə əsasında yazmaq mümkündür. Özümdə hər iki halı müşahidə etmişəm, yaşadıqlarımı da yazmışam, müşahidə etdiklərimi də. Bilirsiniz əsas məsələ nədir, yolsuzluq var. Yazıçı və ya şairin ideyası olmalıdır. Nəyi, necə və nəyə görə yazdığını, kimə xitab etdiyini bilməlidir. Bizim ədəbiyyatımız - yazarlarımızın əksəriyyəti bu problemi uzun illərdir ki, həll edə bilmir. Üstəlik, yazı dilini də bir çox şair və yazıçımız müəyyənləşdirməyib. Belə olan halda yaşantılarını yazmağı onlardan tələb etmək, sadəlövhlük olardı”.

Yazıçı-publisist Kəramət Böyükçöl şairin fikirləri ilə birmənalı şəkildə razılaşdığını dedi: 

"Hətta elə bilirəm ki, o sözləri Aqşin yox, mən demişəm. Həqiqətən də insan yaşadıqlarını öz həyat tərzinə çevirməyəndə və yaxud həyat tərzini ədəbiyyata gətirməyəndə, o, süni təsir bağışlayır. Sadəcə Azərbaycanda elə bir şərait, mühit yoxdur ki, sən öz həyat tərzindən yazasan və yaxud ürəyin istədiyi kimi yaşayasan. Çünki hər birimiz fərqli yerlərdə işləyirik, nələrdənsə asılıyıq, hərəmizin bir müdiri var. Sosial şəbəkədə nəsə yazdıqda fikirləşirik ki, "görəsən müdir buna nə deyər?”. Məcburuq ki, qalstuk taxaq və özümüzü adam kimi aparaq.
Azərbaycanda oxucu kütləmiz olsa, kitab almaq-satmaq mədəniyyəti formalaşsa, yazar kitablarını satar və arxayın olar ki, o, kitablarından gələn qazancla yaşayır, heç nə vecinə deyil, azaddır, müstəqildir, ürəyi istədiyi kimi yaşayır. Beləliklə şair və yaxud yazar istədiyi adam haqqında istedadlı bir şey yaza bilər, qorxmaz, çəkinməz, nədənsə narahat olmaz. Bu mənada Aqşinin dedikləri fikirlərin hər biri ilə tam razıyam”.

Şair Fərid Hüseyn isə bildirib ki, A.Yenisey kimi o da ədəbi gəncliyin ümumi səviyyəsi haqqında elə də yüksək fikirdə deyil: 

"Aqşin Yeniseyin "yazdıqlarını həyatı ilə təsdiqləməyən heç bir şairə, yazıçıya inanmıram” fikriylə mən də razıyam. Fikir verirsinizsə, Aqşin bu fikri ancaq şairlərə aid edir və qənaəti də bundan dolayı müzakirəyə yer qoymur. Mən də o əqidədəyəm.

Gənc yazarların öz üzərində işləməmək məsələsinə gəldikdə isə, mən anlanmaq, məna tapma və məna qazandırmaq istedadı, səriştəsi, vergisi və s. olmayan adamların gecə-gündüz mütaliə etməsinin əleyhinəyəm. Belələri gözlərinin işığını kitaba tökməklə deyil, mahiyyətli nəticə əldə edə bilməyəcəklər.

Gənc yazarların yüksək səviyyədə elmi-bədii yaradıcılıqlarına nadirən rast gəlməyimizin çoxlu səbəbləri var:

təhsil axsaqlığı, yaradıcı insanı kamilləşdirən mühitin olmaması və s. Çox da döşümüzə döyməyək, 2-3 saatlıq ünsiyyət zamanı, bir yazısını oxuduğun müddətdə adamı darıxdırmayan 7-8 parlaq gənc ədəbi imzamız var. Zəhmətə anadangəlmə nifrətli, istedadına qar şumladan çoxları var ki, onlar tənqidlə-filan düzələn deyillər. Onların həyatı bu cür də axarındadır. Görünür, istedad, bilik, zəhmət, xarakter, içi-üzü bir adamlarla yaradıcı yolunun kəsişməsi kimi üstünlüklərin hamısı bir şəxsdə cəmlənmir. Belə gəlib, belə də gedir”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25