2018-05-25 12:35:37   |   3127 dəfə oxunub

“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol”

Bəxtiyar Qaraca və Akif Aşırlının həmmüəllifi olduğu kitabın təqdimat mərasimi keçirildi



Dünən Beynəlxalq Mətbuat Mərkəzində Bəxtiyar Qaraca və Akif Aşırlının müəllifi olduğu "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol” kitabının təqdimatı keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitaba ön sözü filologiya üzrə fəlsəfə doktoru, "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov yazıb.

Son iki əsrdə milli məfkurəni, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitabda öz əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir.

Tədbiri açıq elan edən millət vəkili Əflatun Amaşov qonaqları salamlayıb və hər kəsi bir neçə gün sonra qeyd olunacaq Cümhuriyyətin 100 illik yubileyi münasibətilə təbrik edib. Millət vəkili "İstiqlal düşüncələri” kitabının AXC-nin 100 illik yubileyi ərəfəsində çap olunmasını yüksək qiymətləndirib. O bildirib ki, son iki əsrdə milli məfkurəni, özünüdərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitabda əksini tapıb: "Bu gün fərəh hissi ilə qeyd edirik ki, xalqımız Şərqdə ilk demokratik Respublikanı yaradıb. Məhz AXC Azərbaycan xalqının həyatında yeni bir mərhələnin əsasını qoydu. "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol” kitabı AXC-nin 100 illik yubileyi münasibəti ilə "Veysəloğlu” şirkətlər qrupunun xalqımıza hədiyyəsidir.

Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir. Kitabda Azərbaycan xalqını Cümhuriyyətə aparan yol və tarixi şəxsiyyətlərimiz haqqında kifayət qədər geniş məlumatlar verilib. Tarixçilər sübut edir ki, AXC birdən-birə meydana gəlməyib. AXC-nin ideoloji əsaslarını hazırlayan, Azərbaycan xalqının azadlığını düşünən çoxsaylı qəhrəman şəxsiyyətlərimiz olub. Bu qədər vacib faktların toplanıb vahid şəkildə nəşr edilməsi müasir gəncliyimizin inkişafı üçün də böyük töhfədir”.

Tədbirə qatılan Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş deyib ki, Cümhuriyyət dövründə qadınlara seçki hüququnun verilməsi, mətbuat azadlığı, senzuranın ləğv olunması, parlamentdə həmkarlar ittifaqlarının təmsil olunması ilə bağlı qərarın qəbul olunması mühüm addımlardan idi: "Bu kitab Azərbaycan xalqına bir töhfədir. Avropa Şurasının Bakı nümayəndəliyi adından kitabın müəlliflərinə dərin təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu kitab təkcə Azərbaycan xalqının yaddaşının təzələnməsi baxımından deyil, bir sıra ölkələrdə demokratik dəyərlərin təşviqi baxımından da çox dəyərlidir”.

"Kaspi” qəzeti və "Kaspi Təhsil Mərkəzi”nin təsisçisi Sona Vəliyeva Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki yeri haqqında danışıb, kitabın dövlətçilik tariximizə böyük töhfə olduğunu deyib: "Cənab prezident İlham Əliyevin sərəncamı ilə AXC-nin 100 illik yubileyi ölkəmizdə böyük bir bayram səviyyəsində keçirilir. Çoxlu kitablar ərsəyə gəlir, tədbirlər keçirilir və Cümhuriyyətimizin 100 illiyi təntənə ilə qeyd olunur. Cümhuriyyət dövrü bizim yaddaşımız, dövlətçilik tariximizdir. Məni sevindirən məqamlardan biri də odur ki, AXC-nin 100 illiyi ilə bağlı orta məktəblərimizdə də mərasimlər keçiriləcək. Bu yubileyi milli bayram kimi qeyd eləmək xalqımızın yaddaşına çox şeylər yazacaq.

Hər sətrində tarix yatan "İstiqlal düşüncələri” kitabının müəllifləri Cümhuriyyət dövrünün əksər mərhələlərini elmi yanaşmadan çox, bədii salnamə dilinə çevirə bilib. Bəxtiyar Qaraca və Akif Aşırlının təqdimatında yer alan publisistik qeydlər kitabın adına uyğun olaraq ardıcıllıqla oxucuya çatdırılır. Maraq doğuran cəhətlərdən biri də odur ki, müəlliflər siyasi rejimlərin, dövlət idarəçilik formalarının dəyişikliyinə fərq qoymadan AXC faktına bütöv bir istiqlal epoxası kimi yanaşır. Tarixdə gizli qalan qatlar bu kitab vasitəsilə bizə çatdırılacaq. Kitabda milli şüurun oyanması, imzalanmış müqavilələr, istiqlal düşüncəsinin tam formalaşaraq dövlətçilik təfəkkürünün və AXC-nin yaranması xronoloji qaydada əks olunub. Həmçinin dövlətimizi quran M.Ə.Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və Əli bəy Hüseynzadə kimi dahi şəxsiyyətlərimizlə bağlı faktlar da qeyd olunub.

"Veysəloğlu” şirkətinə təşəkkür edirəm ki, onlar mədəniyyət xəzinəmizi zənginləşdirən tədbirlərə imza atırlar. Bütün xalqımızı bayram münasibəti ilə təbrik edir, dövlətçiliyimizin əbədi olmasını arzulayıram”.

"İstiqlal düşüncəsi”nin bütöv bir dövrü əhatə etdiyini deyən professor Cahangir Məmmədli nəşri "Cümhuriyyətə çatan, ondan keçən və davam edən yol” adlandırdı: "Bu nəşr hər kəsin, xüsusilə BDU-nun jurnalistika fakültəsinin stolüstü kitabı olmalıdır. A.Aşırlı Cümhuriyyət dövrünü dərindən təhlil edən tədqiqatçılardan biridir. Klassik maarifçilərimizin, AXC tariximizin ortaya qoyulmasında kitabın böyük rolu var. Ümid edirəm ki, xalqımızın zəngin tarixi ilə bağlı belə kitablar hər zaman işıq üzü görəcək”.

B.Qaraca və A.Aşırlının Cümhuriyyət dövrü ilə bağlı araşdırmasını yüksək qiymətləndirdiyini deyən millət vəkili Elman Nəsirli bildirdi ki, kitabda qeyd olunan bir sıra vacib faktlar heç bir mənbələrdə qeyd olunmayıb: "Xüsusilə Nuri Paşa ilə bağlı bəzi məlumatlar başqa yerlərdə yoxdu. Cənab prezident İlham Əliyev Cümhuriyyətin 100 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bir azərbaycanlı olaraq bu sərəncamla fəxr edirik. AXC fəaliyyətinin ən böyük nəticəsi o oldu ki, bizim 5 min illik dövlətçilik tariximizdə heç vaxt Azərbaycan adlı bir dövlət yox idi. Azərbaycan coğrafi bir məfhum idi, bu coğrafi məfhuma siyasi məna verən, dövlətçilik yaradan məhz Cümhuriyyət liderləri oldu. 5 min illik dövlətçilik tariximizə baxanda görürük ki, ya sülalə, ya da tayfa əsasında dövlət mövcud idi. Cümhuriyyət isə məhz xüsusi ideologiya əsasında yaranmış dövlətdən ibarət olub.
Cümhuriyyətin süqutundan sonra Stalin ironiya ilə M.Ə.Rəsulzadədən "axı bu Cümhuriyyət sizə nə verdi, nəyə nail olduz?”- deyə soruşub. 

Rəsulzadə cavabında "Ola bilsin ki, çox şeyə nail ola bilmədik. Amma xalqımıza istiqlalın dadını yaşada bildik” cavabını verib. Bəli, xalqımız istiqlalın dadının nə olduğunu bildi. İnsan xisləti elədir ki, bir şeyin dadını biləndə, yenə həmin dadı yaşamaq istəyir. Biz bu gün AXC-nin siyasi varisiyik, Azərbaycan Respublikası Cümhuriyyətin edə bilmədiklərini edə bilir. Cümhuriyyət Konstitusiyanı qəbul edə bilmədi, amma ulu öndər H.Əliyev 1995-ci ildə Konstitusiyanı qəbul etdi. Cümhuriyyət Azərbaycan neftinin həqiqi sahibi olub onu ümumdünya bazarına çıxara bilmədi. 1994-cu ildə H.Əliyev əsrin müqaviləsini imzalamağa nail oldu və 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü. AXC aqrar islahat keçirib torpağı kəndliyə verə bilmədi, lakin 1996-ci ildə Azərbaycan Respublikası bunu edə bildi.

Həqiqətən də kitabda xalqımızı Cümhuriyyətə aparan yollardan söhbət gedir və burda Həsən bəy Zərdabinin misilsiz xidmətləri olub. Çünki istiqlala aparan ideoloji xəttin formalaşmasında maarifçilərimizin böyük rolu olub”.

"Veysəloğlu” şirkətlər qrupunun baş direkotru İlqar Nuri Cümhuriyyətin 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsinin vacibliyini bildirdi: 

"Veysəloğlu” şirkəti bu cür tədbir və kitabların ərsəyə gəlməsinə dəstək verdiyi üçün fəxr edir. "İstiqlal düşüncələri” kitabında son 200 ildə Azərbaycanda baş verən hadisələr, müəyyən tarixi faktlar öz əksini tapıb. Müəlliflər Cümhuriyyətə aparan yolları aydın şəkildə əks etdiriblər. Bu kitabla Azərbaycanın görkəmli nümayəndələrinin bir daha şahidi olduq. Qürurverici faktdır ki, prezidentin keçən il Cümhuriyyətin 100 illiyi ilə bağlı sərəncamı hər kəsin qarşısında məsuliyyət yaratdı. Belə bir məsuliyyət bizim də üzərimizə düşür. Bu sahədə əlimizdən gələn xidməti əsirgəməyəcəyik. Çünki zəngin tariximizin gələcək nəsillərə ötürülməsi vacibdir”.
İstiqlalımızın tarixi ilə bağlı Azərbaycan Respublikasında müxtəlif səpkilərdə tədbirlər keçirildiyini deyən xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, Cümhuriyyət tariximizi əks etdirən kitabların ərsəyə gəlməsi xalqımız və dövlətimiz üçün vacibdir: 

"Bu cür tədbirlərin keçirilməsi bir millətin öz tarixinə sahib çıxmasının göstəricisidir. Müstəqilliyimizin əsası məhz 1918-ci ildə qoyulub. Müstəqil dövlətin elan olunmasında rolu olan bütün şəxsiyyətlərimizin xalqına, torpağına bağlı olduğu bu kitab vasitəsilə bir daha sübut olunur. Maarifçi şəxsiyyətlərimiz azad dövlət qurmaq üçün savaşıblar. Amma təəssüf ki, AXC uzun müddət yaşaya bilmədi. Bilinmir bu, tarixdə baş verən proseslərlə bağlı idi, yoxsa siyasi təcrübəsizlikdən irəli gəlirdi. Bəlkə Azərbaycanımız daha ciddi təhlükələrlə qarşılaşacaq. Lakin millətimizin bir olması meydana çıxan əngəllərdən yaxa qurtarmağın əsas yollarından biridir”.

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında tarixi yaddaşımızın haradan gəldiyini bilmək baxımından keçirilən tədbiri əhəmiyyətli adlandırdı: "Kitabda əməyi keçən hər kəsi təbrik edirəm. Düşünürəm ki, belə bir nəşrin ərsəyə gəlməsi tariximizə, xalqımıza olan hörmət və ehtiramın göstəricisidir”.

Tədbirdə iştirak edən digər qonaqlar da kitab haqqında fikirlərini bölüşüb, onun bədii və publisistik məziyyətlərindən danışıblar. Qeyd olunub ki, kitab Azərbaycan Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamına uyğun dövlətçilik tariximizin şanlı səhifəsi olan Xalq Cümhuriyyətinə həsr olunub.

Sonda kitabın müəllifləri Bəxtiyar Qaraca və Akif Aşırlı təqdimat mərasimində çıxış edən, kitab haqqında fikrini bölüşən qonaqlara təşəkkürlərini bildirib və xatirə şəkli çəkilib.






Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-11-20