2018-05-25 13:32:37   |   398 dəfə oxunub

Medianı günahlandırmaq işin ən asan tərəfidir

Jurnalistlər millət vəkillərinin ittihamlarına cavab verdi




Son illər ölkəmizdə boşanmaların sayının kəskin şəkildə artması ölkə ictimaiyyətində ciddi narahatlıq doğurur. Sözügedən problemin aradan qaldırılması, boşanmaların sayının minimum endirilməsi məqsədi ilə Milli Məclisdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda dinləmə keçirilib. MM-də çıxış edən deputatlar boşanma xəbərlərinin yayılmasında mətbuatı qınayıb, mediada dərc olunan pis xəbərlərin cəmiyyətdəki aqressiyanı artırdığını bildiriblər.

İddialara görə, boşanmalar barədə xəbərləri mətbuatda yaymaq insanların psixikasına mənfi təsir edir. Yəni ayrılıq xəbəri özü növbəti boşanmaya yol açır. Bu tendensiyanın isə artıq medianın reytinq qazanmaq məqsədinə xidmət etdiyi vurğulanır. Üstəlik, hadisələrin, sadəcə, görünən üzü xəbər obyekti olur, ancaq onun başvermə səbəbləri fonunda cəmiyyətə heç bir maarifləndirici mesaj ötürülmür.


Ailələrin dağılmasının ciddi problemə çevrildiyini vurğulayan hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun sözlərinə görə, boşanmaların səbəblərindən biri də valideynlərin ailəyə müdaxiləsidir: "Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var... Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.

S.Novruzov qeyd edib ki, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var. Ailədən uzaq insanları mütəmadi olaraq televiziyada efirə çıxarırlar. Bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə belə halları təbliğ etmirdilər.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə Azərbaycanda ailələrin dağılmasına səbəb kimi sosial şəbəkələri, xüsusən də feysbukun adını hallandırıb. Komitə rəhbəri qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır: "Gənclərə ailə nədir, onu başa salmaq lazımdır”.
Qeyd edək ki, bu iddiada olan tək Siyavuş Novruzov, Hadi Rəcəbli deyil. Hesab edirlər ki, son illərdə zorakı hadisələrin, amansız qətllərin, dəhşətli qəzaların və intihar olaylarının, boşanmaların Kütləvi İnformasiya Vasitələrində (KİV) işıqlandırılması, hətta bəzi media orqanları tərəfindən həddindən artıq tirajlanması ciddi müzakirə mövzularındandır. Digər millət vəkilləri, psixoloqlar və digər ictimaiyyət nümayəndələri da vaxtaşırı ailə-məişət problemlərini gündəmə gətirib, saylarının artmasında medianı günahlandırırlar. Bəs, görəsən, media nümayəndələri və ekspertlər bu barədə nə düşünür? 

Boşanmaların, intiharların artmasında mətbuatın rolu varmı?

"Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı deputatların ittihamının əsassız olduğunu deyib. Onun sözlərinə görə, medianı qınayan millət vəkillərinin, məmurların əksəriyyətinin ən azından bir saytı var. Əgər media pisdirsə, niyə bu cənablar zəhmət çəkib, pul xərcləyib media qurumu saxlayırlar? Yəqin ki, o insanların özləri də medianın cəmiyyət üçün vazkeçilməz olduğunu yaxşı bilirlər. Bir az çox işlənmiş söz olsa da burada lap yerinə düşür, media cəmiyyətin güzgüsüdür və həmin insanların üzünə ayna tutur: "İndi kimsə orada özünü görüb hirslənirsə, bizim günahımız nədir? Millət vəkilləri neçə-neçə insanı təmsil edir və bu statuslarına görə də yaxşı maddi imkanlara sahibdirlər. İndi zəhmət çəkib onu araşdırsınlar ki, bu intiharlar, boşanmalar niyə baş verir? Və bunun qarşısını almaq üçün onlar nə ediblər? Medianı günah keçisi elan etmək təbii ki, işin ən asanıdır. Hansı millət vəkili öz bölgəsində intihar edənlər və boşananlarla bağlı xüsusi araşdırma aparıb? Getsinlər ailələrin vəziyyətini dərindən yoxlasınlar, psixoloji və maddi dəstək olmağa çalışsınlar. Və o zaman üzlərini bizə tutub desinlər ki, baxın biz neçə-neçə həyatı, ailəni dağılmaqdan qurtardıq. Əgər biz bunu təbliğ etməsək, onda nə isə bir söz deməyə haqları var. Hansı millət vəkili bilir ki, onun seçicilərinin neçəsinin uşağı bu il abituriyentdir və onların hazırlaşmağa gücü çatırmı? Və ya neçə ailədə boşanma üçün məhkəməyə müraciət olunub, qərar çıxmadan özümü onlara çatdırım və s. Bu suallarımıza cavab verəndən sonra bizi qınaya bilərlər”.

Səbinə xanımın fikrincə, media baş verən hadisəni və xəbəri gizlədə bilməz: "Bu başqa məsələdir ki, bəzi həmkarlarımız çox detallara gedir və təfərrüata varırlar. Quru, qərəzsiz xəbər kimi də hadisəni təqdim etmək olar. Amma heç kim mediadan ilhamlanaraq gedib ailəsini dağıtmır, nədə ki, həyatına son vermir. Bu insanların hamısının ciddi psixoloji və sosial problemləri var. Deputatlar da zəhmət çəkib bu problemləri həll etsinlər”.

"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova isə hesab edir ki, boşanmalar, intiharlar və bu qəbildən olan digər hadisələr cəmiyyətin sosial həyatına aid olan vacib məsələlərdir. Bunlar yazılmalı, problemin kökü araşdırılmalı və nəticə barədə aidiyyəti qurumlar mütəmadi məlumatlandırılmalıdır: "Əksinə, bunların gizlədilıməsi ziyandır. Problem varsa, çarə yolları axtarılmalıdır. Media da gərək problemə kompleks yanaşsın, şok başlıqlarla kifayətlənməsin. Deputatlar ona görə bu mövzuların yazılmasını istəmir ki, bu onlara sərf etmir. Çünki jurnalist hesabat istəyəcək, deputatın apardığı müşahidələrin xronologiyasını tələb edəcək, məsələyə münasibətini öyrənəcək ki, bu da millət vəkili üçün əlavə vaxt itkisidir. Ən əsası cavablandıracaq faktı yoxdur. Ancaq aidiyyəti komitələrin hesabatlarına arxayındılar, onu da hamısı yadında saxlamır. Ölkədəki sosial problemlərin həll olunmaması, əksinə, çoxalması həm də onların fəaliyyətsizliyinin nəticəsidir, ona görə hansısa problemi qabartmaq onlara sərf eləmir”.
Naibə xanımın fikrincə, ailə-məişət mövzusunda olan xəbərlərin cəmiyyətə təqdimatı, çatdırılması bərbad gündədir. Sanki qonşunun qonşu ilə söhbəti səviyyəsində: "Heç bir xəbər yükü olmur, araşdırılmır, həlli yolları göstərilmir. Hay-küylü başlıq xatirinə bir xəbər yazılır, vəssalam. Çox vaxt prosesin başvermə səbəbi və nəticə elə qeyri-müəyyən də qalır.

Hər məişət hadisəsi mətbuata çıxmamalıdır, çıxanda da bu, cəmiyyətin problemi kimi qoyulmalıdır, kiminsə şəxsi faciəsi kimi müzakirə olunmamalıdır.

Yəni məsələyə fundamental yanaşma olmasa, xüsusi proqramlar hazırlanmasa, problemli ailələrə, o cümlədən gənc ailələrə ciddi dəstək verilməsə belə hadisələr tez-tez təkrarlanacaq. Və səbəb kimi hərə öz primitiv düşüncəsini ortaya qoyacaq”.

Sputnik.az saytının əməkdaşı İradə Cəlil isə sosial mövzular yazarı olaraq millət vəkillərinin ittihamı ilə razılaşmadığını deyib: "Çox zaman millət vəkilləri və məmurlar arzulayır və cəhd edirlər ki, baş verən neqativ hadisələr KİV tərəfindən işıqlandırılmasın. Onlar belə hesab edir ki, bu kimi hadisələrin KİV-də işıqlandırılması hadisələrin artmasına səbəb olur. Bunu bəzən insanlar "verter sindromu” ilə də əlaqələndirir. Fikrimcə, bu fikir tamamilə yanlışdır. İnsanlar hər hansı bir addımı atdıqları zamanı bunu anidən etmirlər. İstər boşanma, istərsə də intihar hadisələrini zaman yetişdirir. Kiminsə boşanma xəbəri və ya intihar xəbəri intihara və ya boşanmaya əsla səbəb ola bilməz. Bunu psixoloqlarla araşdırsanız nə qədər haqlı olduğumu görə bilərsiniz.

O ki qaldı millət vəkillərinin bu məsələdə KİV-i günahlandırmasına hər bir məsələdə olduğu kimi burada da günah kiminsə üzərinə yıxılmalıdır. Borcu olduğu üçün intihar edən, kreditini verə bilmədiyi üçün intihar edən, ailə həyatında problemlər yaşadığı üçün intihar edən şəxslərin KİV-lə heç bir əlaqəsi yoxdur. Ancaq günahı kimin boynuna yıxmaq olar? Millət vəkillərinin və məmurların iç üzünü, fəaliyyətsizliyini cəmiyyətə açıq-aydın göstərən mətbuatın. Hesab edirəm ki, baş verən intihar və boşanma hadisələrinin artmasının səbəbi kimi jurnalistləri görməkdənsə, hadisələrin başvermə səbəblərini aradan qaldırmaq üçün həll yolu tapsınlar. Və bunu etmək üçün heç olmasa tez-tez seçiciləri ilə mütəmadi görüşüb problemləri ilə maraqlansınlar. Bu seçicilər isə xüsusi seçilmişlər deyil, sıradan olan seçicilər olsun. Millət vəkilləri mütəmadi olaraq bunu etsələr, məncə, boşanma və intihar halları azalar. Çünki problemi yetkili şəxsə danışmaq belə insanı mənən sakitləşdirə bilir. Elə ərazilər var ki, seçicilər heç millət vəkillərinin kim olduğunu bilmir, heç üzünü də görməyiblər. Buna görə də başqasını günahlandırmağa çalışan hörmətli vəkillərimiz öncə özlərindən başlasınlar. Hansı sonuncu dəfə problemi olan seçiciləri ilə görüşüb, probleminin həll edilməsində yardım edib? Heç biri. Danışanda da cavab belə olur ki, millət vəkilinin vəzifəsi kimisə işlə təmin etmək, kiminsə işığını yandırmaq deyil. Məncə, ilk olaraq öz vəzifə və məsuliyyətlərini müəyyənləşdirsinlər, hörmətli millət vəkillərimiz sonra KİV-dən danışa bilərlər”.

(Davamı var...)
Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb








SON XƏBƏRLƏR

2018-08-18
2018-08-17