2018-05-25 13:35:54   |   350 dəfə oxunub

“Efirlərimizin 90 faizi ucuz bazarı xatırladır”

Gövhər Həsənzadə: “Bizim dövrümüzdə reytinq yox idi, biz sənətkar ola bilmədik ki?”

“Efirlərdə peşəkar insanlar çalışmalıdı, əyləncəli musiqili proqram departamentində musiqini bilən insanlara şərait yaradılmalıdır”





Bu gün musiqimizin bayağılaşdığı, kütlə musiqisinin ciddi musiqini kölgədə qoyduğu iddia edilir. Əslində deyilənlərdə həqiqət payı var. Son illər ciddi bəstəkar mahnılarına az hallarda rast gəlirik. Bunun səbəbi nədir? Niyə səhnəyə gələnlər bayağı musiqilərə üstünlük verirlər. Ən acınacaqlısı bu musiqilər həmin sənətçilərə yetərincə populyarlıq da gətirə bilir. "Şərq” suallarını bəstəkar Gövhər Həsənzadəyə ünvanladı.

- Deyirlər ki, yaxşı mahnı yazan bəstəkarlar yoxdu. Yaxşı mahnı tapa bilmirik.

- Bu sözü bilirsiz kimlər deyir, o gənclər ki, səhnəyə gələndə heç bir məsuliyyət hiss etmirlər. Bizim vaxtımızda belə deyildi, o dönəmlərdə tənzimləmə deyilən bir şey, nəzarət edən insanlar, sənətkarlar var idi. Bilmədiklərimizi öyrənməyə çalışırdıq, sənətkarlarla hesablaşırdıq. İndikilər daha asan yol tapıb səhnəyə gələ bilirlər. Gənclər elə hesab edirlər ki, onlar müasir düşüncəyə sahibdilər, özlərini buna inandırıblar. Elə bilirlər ki, yaşlı nəsildən daha fərqli, daha maraqlı, gözəl musiqi zövqünə sahibdirlər. Bugünkü zəmanəyə uyğun ancaq onlar yaradıcılıq ortaya qoya bilirlər, biz bitmişik. Elə düşünürlər ki, bir az onlardan yaşlı nəsil müasir fikirli ola bilməz, müasir zamanla ayaqlaşa bilməz. Bizim dövrümüzdə sənətkar asanlıqla yetişmirdi, efirə çıxa bilmirdi, yaradıcılığını təqdim etmək üçün uzun müddət sərf edirdi. Yaxşı ki, o zamanlar bizim üçün o qapılar rahat açılmayıb da. Tənzimləmə var idi, özünü təsdiq üçün zamana ehtiyac var idi. Ona görə də biz sənətə öyrənərək, mənimsəyərək gəlmişdik. Bu gün isə sənətə gəlmək ona görə asan olub ki, hər şey sərhədsizdi. Musiqimiz, incəsənətimiz sərhədsizlik adı altında bayağı olmağa başlayıb. Bu gün bizi niyə bəyənmirlər, istəmirlər? Ona görə ki, biz peşəkarlıq tələb edirik. Sənətə gedən yol mürəkkəb deyilsə, orda yaradıcılıqdan danışmağa dəyməz. Onlar öyrənmək istəmirlər, asan yolla məşhurluğun arxasınca qaçırlar. Əvvəllər orta məktəbdə bütün fənləri şagird öyrənməyə məcbur idi, indi elə deyil. İndi sənə hansı vacibdisə, onu öyrənirsən. Elə səhnədə də eyni vəziyyətdi. Bugünkü gənclərin məktəbə münasibəti məktəbdə ərköyün uşağın ciddi müəllimə olan münasibəti kimidir. Belə bir bənzətmə daha doğru olar. Bu gün uşaqların, gənclərin zövqünü korlayıblar.

- Səhnə bu gün o qədər adiləşib ki, ucuz görünür. Səbəbi nədir?

- Səbəbini izah edim. Bu gün bu şəraitin, səhnədə olan bu anlaşılmaz görünüşün səbəbi efirlər, telekanallardı. Musiqimizin bu qədər korlanması, səhnəyə hər çatanın çıxa bilməsi, hər yerindən duranı tamaşaçı qarşısına çıxarmaq sənət aləmini ucuz göstərir. Günahkar axtarmaq istəyiriksə, ilk əvvəl günahkar efirlərimiz, teleməkanlarımızdı. Mən bunu deyəndə hər kəs payını götürəcək. Efirlərimizin 90 faizi ucuz bazarı xatırladır. Məni ən çox qıcıqlandıran, narahat edən reytinq sözüdür. Bu gün efirlər sənəti reytinq sözünün qurbanı ediblər. Hərçənd mən o reytinqə inanmıram. Hansı cihazla o reytinqi ölçə bilirlər? Bizim dövrümüzdə reytinq yox idi, biz sənətkar ola bilmədik ki? Efirlərdə peşəkar insanlar çalışmalıdı, əyləncəli musiqili proqram departamentində musiqini bilən insanlara şərait yaradılmalıdır. Musiqili redaksiyalarımızda əvvəllər peşəkarlar var idi. Hanı bu gün efirlərdə hazırlanan konsert proqramları? Mahnılardan ibarət televiziya konsertləri? Biz ciddi musiqi deyəndə az qala retroya müraciət edirik, keçmişi xatırlamağa məcbur qalırıq.

- Ən tanınmış müğənnilərimizin belə repertuarında bu gün yaxşı musiqi eşitmək çətinləşib.

- Elə bizi də yandıran odur ki, axı əvvəlki müğənnilər peşəkar bəstəkarlarla işləyiblər. Onlar ki, bizim yaradıcılığımıza bələddilər. Onlar ki, keyfiyyətli musiqinin nə demək olduğunu bilirlər. O musiqilərdən bəhrələniblər. İndi onların da repertuarlarında bayağı musiqilər yer almağa başlayır. Bu gün ancaq Mədəniyyət kanalını izləyəndə normal Azərbaycan musiqiləri dinləyə bilirik. Əgər xaricdən qonağımız olursa, rahatlıqla Mədəniyyət kanalını açıb musiqimizi təqdim edə bilirik. Başqa kanalları ürəklə aça bilmirik, tərəddüd yaşayırıq. Çünki ehtiyat edirik ki, birdən elə bir musiqi, elə bir ifa təqdim edilər ki, Azərbaycan musiqisi barədə qonaqda yanlış təəssürat yarana bilər. Sonra onun izahını belə vermək çətinlik yaradar. Qalan kanalları izləyərkən utana bilərsən. Mən yenə deyirəm ki, efirlərdə peşəkar musiqi rəhbərləri olmalıdır. Musiqiyə heç kim əyləncə kimi baxmasın. Musiqi ciddi sənətdir.

- Sizləri niyə belə unudublar?

- Məni yandıran da budur. Bizim haqqımızda keçmiş zamanla danışmasınlar. Biz varıq, hələ ki yaşayırıq. Deyirlər bəstəkar yoxdu? Biz varıq, niyə bizi öldürmüsüz? Efirlər bizi az qala basdırıblar. Gənc nəslin musiqi zövqünü də elə efirlər korlayır. Mən bunu məsuliyyətlə söyləyirəm. Əvvəllər bizim mahnılarımızı repertuarlarına daxil etmək üçün müğənnilər növbə gözləyirdi. İndi niyə bizi yox hesab edirsiz. Həmin sənətkarlarıq, həmin bəstəkarlarıq. Bizim ruhumuz o qədər qocalmayıb ki, gənc nəslin nəbzini tuta bilməyək. Sadəcə gənc nəslin nəbzi elə qaçıb ki, onları istəsək də, ciddi sənətə kökləyə bilmirik. Qaldı tanınmış müğənnilərin, əvvəlki səhnədə olan sənətçilərin niyə son illər bizə müraciət etməmələrinə, səbəbini deyim. 

Axı o müğənnilər indi Gövhərin mahnısını neynirlər? Gövhərin mahnısı 3-5 aya ərsəyə gəlməlidir, ona zaman, zəhmət sərf edilməlidir. Bu da indiki müğənnilərə əl vermir. Onlar 5 ay Gövhərin mahnısına zaman xərcləməkdənsə, bayağı musiqini bir günə lentə alırlar, toylarda da pul qazanırlar. Onlar da kütlənin arxasınca qaçmağa üstünlük verdilər deyə musiqimiz bu vəziyyətə düşüb. Bir də əvvəlki müğənnilər ki var, onlar qorxurlar öz publikalarını özlərinə etiraf etsinlər. Əslində onun publikası nə qədərdi, onu gizlədirlər, deməyə çəkinirlər. Hərə hansısa publika toplayıbsa, onu çoxaltmaq üçün kütlənin içinə qarışıb. O kütlənin ki, orda təqdim olunan musiqinin səs-küyündə əslində görünmürlər. Amma səs-küy onların guya publika sahibi olduğunu göstərmiş olur. Bu görüntü yalançıdır, aldadıcıdır axı. 

Onlar sənin sənətinin sorağına deyil, o səs-küyün arxasınca gəlib. Müğənnilər o kütləvi çıxışlarında özlərinə bununla təsəlli verirlər ki, mən alqışlanıram. Səni alqışlamırlar. O alqış səs-küydə olan reaksiyadır, səhv salma. Vaxtilə lirika ilə populyar olan insan bu gün axının kölgəsində itir. Əvvəllər bir mahnı yaranırdı, müğənninin ifası yadda qalırdı, seçilirdi. İndi hamınını səsi biri-birinə bənzəyir, hamı sanki eyni musiqi tempində, eyni janrda oxuyur. Çünki mahnı peşəkarlar tərəfindən yazılmayıb, bəstəkar mahnısı deyil, sadəcə hansısa studiyada səs tənzimləyən insandı, ya ordan-burdan oğurluq edərək guya mahnı yazanlardı. İndi hamı bəstəkar olub deyə əsl bəstəkarlara sıra gəlib çatmır. Dəhşətlisi budur.

- Deyirsiz müğənnilər sizdən uzaqlaşıblar...

- Demişəm. Müğənnilər məndən uzaqlaşıblar. Mən isə tək deyiləm. Onlar peşəkar bəstəkarlardan, hər kəsdən uzaqlaşıblar. Özlərini mükəmməl sayırlar ki, onların zövqünü yaşlı nəsil başa düşməz və həmin müğənnilər daha inkişaf ediblər. Hər kəs belə düşünür ki, mən heç kimin müdaxiləsi olmadan, heç kəsin mənə göstərişi olmadan, özüm hər şeyi edə bilərəm. Mənəm-mənəmlik gətirib ona çıxarır ki, bizim bu gün yeni nəslin istedadlı gəncləri də qeyri-peşəkar ab-hava yaratmaqdadırlar.
- Son 1-2 ildə hansı peşəkar müğənnilər mahnı üçün sizə müraciət edib?
- Əvvəllər çox olurdu, nə yalan deyim? İndi kimsə yığsın desin ki, mahnı istəyirəm, görüşək, mahnı seçək. Bu vərdişlər unudulub. Mən son illər belə təklifləri ancaq Türkiyədən alıram. Elə insanların, tanınmış müğənnilərin menecerləri, prodüserləri ilə əlaqə qururam ki, özüm şoka düşürəm. Bizdə bizi öldürsələr də, Türkiyədə bizi axtarıb tapanlar çoxdu.

- Deyirlər yaxşı mahnı yoxdu. Qəbul edirsiz bu iddianı?

- Yaxşı mahnı yoxdur?! Sayımız az olsa da, biz peşəkar bəstəkarıq, sağıq axı! Yaxşı mahnı və yaxşı bəstəkar yoxdur deyəndə, mən istəyirəm həmkarlarıma zəng edib deyim ki, salamatçılıqdır? Ürəyim ağrıyır ki, o sözü bizim vaxtımızda əziyyət çəkən müğənnilər də deyir. Yeni gələnlər haya-küyə düşüblər. Sizə nə olub? Siz ki, sənətkar görmüsünüz. Siz də onlara qoşulursuz? Niyə? Gövhər sizə indiyə kimi pis mahnı verib? Kim gəldi məndən yaxşı mahnı istədi dedim ki, yoxdur? Kimin cürəti çatıb deyə bilər ki, Gövhər xanımdan yaxşı mahnı istədim vermədi.

Tahirə Məmmədqızı








SON XƏBƏRLƏR

2018-10-24
2018-10-23