2018-05-25 15:41:20   |   341 dəfə oxunub

"Dilqəm Əsgərovun oğlu Fransaya getmək istəyir - Girovlarımız üçün




"Üç ildir, Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi Avropa Məhkəməsinə verilib. Nəhayət, nəticə olacağına ümid edirik”.

Bunu "Sherg.az”a erməni girovluğundakı azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı materialların, sənədlərin Avropa İnsan Haqları Məhkəməsinə göndərilməsindən danışarkən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. 

O vurğulayıb ki, məhkəmə işə baxmır:

"Bu dəfəki müraciətlərə reaksiya veriləcəyini arzu edirik”.

K.Əsgərov Fransada yerləşən İnsan Hüquqlarının Müdafiəsi Təşkilatının baş ofisinə girovlarla bağlı müsahibə göndərdiyini söyləyib. Onun sözlərinə görə, müsahibədən sonra qondarma Dağlıq Qarabağın nümayəndələri girovların vəziyyətinin yaxşı olduğunu açıqlayıb:

"Dediklərinə görə, Dilqəmlə Şahbazın vəziyyəti, saxlanma şəraiti qaydasındadır. Onların səhhətində heç bir problem yoxdur. Amma bu açıqlamalara inanmaq olmur.

Mən istərdim ki, Fransaya gedib, həmin təşkilatda məsələni qaldırım. Düşünürəm ki, bu təşkilat Avropa Məhkəməsinə də müəyyən qədər təsir edə bilər. Hələlik Fransaya getməyim alınmır. Ümid edirəm, reallaşdıra biləcəyəm”.

K.Əsgərov onu da bildirib ki, Dilqəm Əsgərovdan sonuncu dəfə 2017-ci il noyabrın 1-də məktub gətirilib:

"O vaxtdan sonra atamdan heç bir məlumat əldə etməmişik. Beynəlxalq Qızıl Xaç Komitəsinin Əməkdaşları yeddi aydan çoxdur, ancaq şifahi məlumat verirlər. Bildirdiklərinə görə, atam məktub yazmaq istəmir”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş. Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-08-16
2018-08-15