2018-06-01 11:35:20   |   296 dəfə oxunub

8 milyon manat niyə xərclənməyib?

Əhməd Qəşəmoğlu: “Mənim kimi kasıb alimin 200 dolları yoxdur ki, məqaləsini Amerikada çap etdirsin”




Milli Məclisin dünənki iclasında millət vəkili Qüdrət Həsənquliyev büdcədən elm və təhsil sahəsinə ayrılan xərclərin yetərli olmadığını deyib, eyni zamanda elmə ayrılan vəsaitin bir qisminin xərclənmədiyinə diqqət çəkib:
"Məni narahat edən məsələ elm xərcləridir. Ötən il elm xərclərinə 118 milyon vəsait ayrılıb, 8 milyon 220 min manat istifadə edilməyib.

Buna aydınlıq gətirilsin. Elmə və təhsilə yetərincə vəsait ayırmadan ölkənin inkişafı çətin olur. Böyük Britaniyada xarici tələbələrdən hər il 20 milyard funt-sterlinqdən çox gəlir götürülür. Bunun hesabına hər il 200 mindən çox iş yeri açılır. Bunun üçün bizim potensialımız var. İran, Türkiyə Asiya ölkələrindən tələbə cəlb etməyimizə imkan var”.

Həqiqətən də, 8 milyon 220 min manatın niyə istifadə olunmadığı maraq doğurur.

Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu bu qədər vəsaitin niyə sərf edilmədiyinin təəccüb doğurduğunu dedi:

- Vəsaitin istifadə olunacaq yerləri çoxdur. Nəinki çoxdur, hətta zəruri ehtiyac duyulan işlər var. Mən özümün "Ahəngyol” nəzəriyyəmi Elmlər Akademiyasında təqdim edəndə, hamı məni təbrik etdi, dünya miqyaslı konsepsiya olduğunu dedilər. Yekunda soruşdum ki, beynəlxalq jurnallarda çap olunmaq, ezamiyyətə getməyə kömək olacaqmı? Dedilər, bunun üçün büdcədə vəsait nəzərdə tutulmayıb. Ötən il Çindən mənə dəvət gəlmişdi, təhsillə bağlı tədbirə moderator kimi dəvət edilirdim, sadəcə yol pulu lazım idi. Yenə də dedilər, vəsait yoxdur. 

ABŞ-ın aparıcı jurnallarından birindən mənə xəbər verildi ki, məqaləm çap edilir, 200 dollar lazımdır ki, jurnalı mənə göndərsinlər. Mənim kimi kasıb alimin 200 dolları olmadı onlara göndərməyə, Akademiyaya müraciət etdim, yenə "yox” cavabı aldım. İndi bildirilir ki, 8 milyon manat istifadə olunmamış qalıb. Görün, bu məbləğə nə qədər elm adamını ezamiyyətlərə göndərmək, nə qədər elmi məqaləni xarici dərgilərdə çap etdirmək olardı. Elm Fonduna layihə təqdim etmişəm, hələ də cavab yoxdur. 

"Ahəngyol” nəzəriyyəsi Əhməd Qəşəmoğlunun adına deyil, Azərbaycanın adınadır. Başqa ölkədə olsaydı, indiyədək çoxdan təbliğ edib, dünyaya yayardılar. Elmi nəzəriyyələr hər il ərsəyə gəlmir. 100 il, 50 il fasilələrlə yaranır. Halbuki vəsait var, elmi işləri həyata keçirə, nəzəriyyələri dünyaya tanıda bilərik. Vəsait olduğu halda, onun istifadə edilməmiş saxlanılması, özü də ehtiyac olduğu bir halda, sadəcə, paradoksdur, məntiqsizlikdir. Fikrimcə, bu, vəsaitlərin bölünməsi, xərclərin hesablanmasında normal planlaşdırmanın aparılmamasının nəticəsidir.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2018-06-22