2018-06-01 12:27:03   |   607 dəfə oxunub

Psixi xəstələrin sayı artıb

“Kimsə psixoloq həkimə müraciət edəndə ətrafdakılar “dəli olmusan?” sualını verir”

“Psixoloji problemləri olan insanlar psixi xəstəlik daşıyıcısı olmadan mütəxəssis dəstəyi almalıdır”




Azərbaycanda psixi xəstələrin sayında artım müşahidə olunur. Hazırda Azərbaycanda 96 min 848 nəfər psixi xəstəliklərdən əziyyət çəkir. Dövlət Statistika Komitəsindən açıqlanan sonuncu statistik göstəricilərə əsasən il ərzində 3 min 863 nəfərə ilk dəfə psixi xəstəliklərə bağlı diaqnoz qoyulub. Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı isə 769 nəfər artıb.

Psixoloq Taryel Faziloğlu isə " Şərq”ə açıqlamasında deyib ki, psixi xəstəlikdən əziyyət çəkən insanların yox, psixi sağlamlıqla bağlı həkimə müraciət edənlərin sayı ildən-ilə artmaqdadır:

- Son illərə qədər Azərbaycan insanı psixoloji problemi olan övladını, valideynini cəmiyyətdən gizlədirdi, onu "dəli həkimi”nə aparmırdı. Ancaq çox yaxşı haldır ki, yavaş-yavaş insanlar psixoloqların "dəli həkimi”, psixoloqa, psixiatra müraciət edən xəstələrin heç də hamısının "dəli” olmadığını dərk edə bilirlər. Yəni, insanlar bu gün çəkinmədən rahat şəkildə psixiatra müraciət edə bilirlər. Bu da öz növbəsində müraciətlərin sayının artmasına səbəb olur.
Amma bu da bir reallıqdır ki, son ildə Azərbaycanda psixi problemləri olan insanların sayında da xeyli artım müşahidə olunur. Səbəb isə insanların yaşadıqları sosial-iqtisadi problemlər və psixoloji travmalardır. Müasir Azərbaycanın genetik dəyərləri ilə müasir dünyada tətbiq olunan informasiya axını arasında bəlli bir uçurum var. Bu da insanlarda müəyyən mənada psixoloji gərginliklər yaradır. Psixikası zəif olan insanlar isə bu cür gərginliklərə davam gətirə bilmir və səhhətində ciddi dəyişikliklər baş verir.

- Bəs, bu artımın qarşısını almaq mümkün deyil?

- Əlbəttə, mümkündür. Bunun üçün cəmiyyətdə psixoloji cəhətdən maarifləndirmə tədbirləri keçirilməlidir. Psixoloji problemləri olan insanlar psixi xəstəlik daşıyıcısı olmadan mütəxəssis dəstəyi almalıdır.

- Psixi xəstəliklərin müalicəsi nə qədər davam edir?

- İlkin halda müşahidə olunan psixoloji problemlərlə psixi xəstəliyə keçiddən sonrakı vəziyyət arasında çox böyük fərq var. Xəstəliyin ilk mərhələsində 4-16 seans arasında problem tamamilə aradan qalxır. Müasir psixoterapiyalar buna tam imkan verir. Amma psixoloji problemlər psixi xəstəlik sferasına keçdikdən sonra həkimə müraciət edilirsə, onun müalicəsi aylarla, illərlə çəkir. Əksər hallarda isə xəstənin əvvəlki sağlamlığına qovuşması mümkünsüz olur.

- Psixi xəstəlikləri dərmansız müalicə etmək olur, yoxsa ancaq psixoloji problemlər terapiya ilə aradan qalxır?

- Mümkün deyil. Psixi xəstələrin zehni inkişafı pozulur, şüuru da normal işləmir. Ona görə, bu cür insanlarda dərman müalicəsi ilə xəstəliyin inkişafını ləngidib, sosial bacarıqlarını aktiv saxlamaq mümkün olur... Onlar heç vaxt sağalmır.

- Psixi xəstəliklər digər orqanların fəaliyyətinə necə təsir edir?

- 2006-cı ildə Dünya Səhiyyə Təşkilatının yaydığı hesabatda təşkilat açıq-aşkar göstərir ki, bütün xəstəliklərin yaranma səbəbi psixoloji problemlərdir. Qan-damar, mədə-bağırsaq, uroloji və digər xəstəliklər psixi gərginlik fonunda meydana çıxır. Gərginlik beynin bütün metobolizmasını sürətləndirir, damarlar normadan artıq vurur və harmoniyanın pozulması bədənin zəif orqanlarında disfunksiyalar yaradır.

Şəymən







SON XƏBƏRLƏR

2018-06-22