2018-06-05 13:00:24   |   1152 dəfə oxunub

Milli mətbuatımızın “Məşəl”i, “Tartan-partan”ı...

Cümhuriyyət dövrünün satirik jurnalları azadlıq və istiqlal düşmənlərini, imperializmin müstəmləkəçilik siyasətini, geriliyi, cəhaləti və xurafatı “atəş”ə tuturdu




(əvvəli ötən sayda)

Azərbaycan Xalq Cümhuriyyəti illərində nəşr olunan çoxsaylı mətbu orqanlar arasında satirik janra üstünlük verən jurnallar da var idi. 1918-20-ci illərin satirik mətbuatı mütərəqqi ideyaların carçısı olan "Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələrindən faydalanaraq, azadlıq və istiqlal düşmənlərini, imperializmin müstəmləkəçilik siyasətini, geriliyi, cəhaləti və xurafatı "atəş”ə tuturdu. Satirik mətbu orqanlar xalqı elmi biliklərə yiyələnməyə və müasirləşməyə səsləyirdi. Həmin dövrdə milli ideyalı satirik nəşrlər - "Şeypur”, "Zənbur” jurnalları ilə yanaşı, bolşeviklərin nəşr etdirdiyi "Məşəl” və s. jurnallar da çap olunurdu...


Cümhuriyyət dövründə nəşr olunan satirik "Şeypur” jurnalının 7-ci sayında "Mərqub” imzasıyla verilmiş "Təqsirkar gücsüzdür” adlı məqalədə 1918-ci ilin mart hadisələrində daşnakların təkcə Bakıda 13 min azərbaycanlını əsir götürməsi, onların ev-eşiyini talan etməsi barədə danışılır: "Bu on üç min nəfərin evi, məlum olduğu kimi, Caparidze və Məşədi bəyin söylədiyinə görə talan edilib. Aparılan aparılıb, yerdə qalan stəkan, nimçə kimi şeylər sındırılıb”. Məqalədə o da vurğulanıb ki, ermənilərin törətdiyi vəhşilik və talanın miqyası daha böyük olmuş, bolşeviklər isə "camaatı həyəcana gətirməmək üçün birə üç dəfə az demişlər”. 

8-ci saydakı "Bu gün” məqaləsində isə Andranikin "Qarabağda müsəlmanları qırmağa başlaması”, Ermənistan hökumətinin ona dəstək verməsi, ermənilərin əsassız iddiaları nəzərə çatdırılır: "Həyasız adamdan hər nə desən, baş verər. Bu həyasızlardan biri də Ermənistan hökumətinin baş komandanı Andranik kirvədir ki, yenə Qarabağda baş qaldırıb müsəlmanları qırmağa başlayıb. Ermənistan hökuməti də gözlərini yumub, əli ilə işarə eləyir. Ermənistan hökumətinin nə tövr siyasət yeritdiyini və nə fikirdə olduğunu təfsir etmək artıqdır. Bu hökumət deyir ki, Qafqazda Gürcüstan və Azərbaycan ola bilməz. Burda ancaq bir Ermənistan ola bilər. Qafqazın hamısı ya gərək Ermənistan olsun, ya da Ermənistana tabe kimi bir şey olsun”. Məqalə müəllifi onu da vurğulayır ki, Tiflisdə çıxan "Qruziya” qəzeti Upuçnin adlı rus yazıçısının "Keçmiş xülyalar” adlı məqaləsini öz səhifələrində dərc etməklə ermənilərə cavab vermək istəyib. 

"Azərbaycan” qəzeti də həmin məqalənin tərcüməsini dərc edib. Bu məqalədə Upuçnin aşkar şəkildə yazır ki, Qafqazda Ermənistan adlı bir şey olmayıb. Ruslar Qafqazı tutanda burada bir Gürcüstan olub, bir də Azərbaycan xanlıqları... Həmin saydakı "Teleqraf xəbərləri”ndə, eləcə də "Özciyəzim” imzasıyla verilmiş "Azərbaycan” adlı məqalədə Andranikin və Biçeraxovun Zəngəzur və Cəbrayıl qəzalarında soydaşlarımıza qarşı qırğınlar təşkil etməsi, Ermənistanın Kaçaznuni hökumətinin buna dəstək verməsi faktları önə çəkilib. Bu sayda "Kənarçı Pompuşalı”nın "Ziyalılarımız” felyetonunda bolşevik-daşnak qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan danışılıb. Həmçinin, tarixi saxtalaşdıran, hətta Nuh peyğəmbərin, Adəm ilə Həvvanın erməni olduğunu iddia edən ermənilərin cəfəng uydurmaları satirik tənqid hədəfinə çevrilib. Jurnalın 9-cu və 10-cu sayında "Teleqraf xəbərləri”ndə də Andranikin vəhşilikləri faktlarla ifşa olunub. Yuxarıda vurğuladığımız kimi, H.Həşimlinin "Şeypur” jurnalının tədqiqi sahəsində atdığı ən böyük addım onun tam şəkildə yenidən nəşrinə nail olmasıdır. 

"Şeypur jurnalı” adlı kitabda mətbu orqanın bütün 14 sayında gedən ədəbi-bədii və publisistik materiallar transliterasiya edilərək tam halda ədəbi ictimaiyyətə təqdim edilib. Kitaba yazılmış irihəcmli ön sözdə "Şeypur”da müxtəlif imzalarla çıxış edən ayrı-ayrı ədəbi simaların kimlikləri müxtəlif qaynaqlardan gətirilən zəruri faktlarla göstərilib. Xüsusilə jurnalın nəşrinə daha çox səy göstərən M.Sidqi və S.Mənsurun "Şeypur”dakı fəaliyyəti daha çox araşdırılıb. Jurnalda verilən qeydlərdən isə məlum olub ki, onun maddi-texniki bazası heç də ürəkaçan olmayıb. Ancaq buna baxmayaraq jurnal 14 nömrə çap oluna bilib. Bu nöqteyi-nəzərdən M.Sidqi və S.Mənsur böyük bir işin öhdəsindən uğurla gəlib. Fikrimizcə, M.Sidqi və S.Mənsurun gördüyü iş ədəbiyyatşünaslığımız və mətbuat tariximiz üçün nə qədər böyük və əhəmiyyətlidirsə, Əməkdar elm xadimi H.Həşimlinin də apardığı tədqiqat bir o qədər vacib və əhəmiyyətlidir”.

"Zənbur” jurnalı

Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan satirik jurnallardan biri də "Zənbur” jurnalı idi. 1918-ci ilin aprel-noyabr aylarında çap olunan "Zənbur”un təsisçisi "Türk Nəşriyyat Cəmiyyəti” idi. 1909-cu ildə nəşr olunan eyniadlı jurnalın və Molla Nəsrəddin ədəbi məktəbinin davamçısı olan "Zənbur”un naşiri Mirzə Əbdülxaliq Axundov, rəssamı isə Əzim Əzimzadə idi. Jurnalda Əliabbas Müznib, Əli Nəzmi, Səməd Mənsur, Hacı Qasım Səyyah kimi müəlliflər fəal iştirak edirdi. "Zənbur” jurnalında Məmmədəli Sidqi, Balaqardaş Səttaroğlu və başqa müəlliflərin gizli imzalarla şeir və publisist yazıları dərc olunurdu. Jurnaldakı rəngli karikaturalar rəssam Əzim Əzimzadəyə məxsus idi. "Zənbur” jurnalı həftədə bir dəfə çıxırdı. "Zənbur” jurnalının meydana gəldiyi şərait "Azərbaycan mətbuat tarixi antologiyası”nda təfsilatı ilə şərh edilir: "Böyük inqilabçı-demokrat yazıçımız Cəlil Məmmədquluzadənin məşhur "Molla Nəsrəddin” jurnalı geniş xalq kütlələri içərisində böyük şöhrət tapdığı üçün o dövrün bir çox mətbuat xadimləri bu jurnalın yolunu tutmağa çalışır, onun kimi bir mətbuat orqanı yaratmaq istəyirdilər”.

"Zənbur” jurnalı öz ətrafına dövrün müxtəlif əqidəli, fərqli dünyagörüşünə malik mütərəqqi ziyalılarını toplamışdı. İctimai-siyasi məzmunlu mətbuat orqanı olduğu üçün jurnalın səhifələrində Azərbaycan xalqının həyat və məişətini əks etdirən müxtəlif məsələlər yer alırdı. "Zənbur” jurnalı "Molla Nəsrəddin”in ideya istiqamətini özü üçün rəhbər tutsa da, qoyduğu problemlərin ideya məzmunu və həlli cəhətdən "Molla Nəsrəddin” səviyyəsinə çata bilməmişdi. Hadisələrə tənqidi mövqedən yanaşan jurnal istər məqalələri, istərsə də karikaturaları vasitəsilə gerçəklikləri göstərməyə, ictimai təfəkkür tərzi formalaşdırmağa çalışırdı. Ümumilikdə 70 nömrəsi dərc edilən "Zənbur” junalı istər rəsmləri, istərsə də əsərlərilə XX əsrin əvvəllərində mətbuat tariximizdə satiranın qüvvətlənməsində mühüm rol oynayıb. Jurnalda Azərbaycan teatrına, səhnə sənəti ustalarına, o cümlədən Üzeyir bəy Hacıbəyliyə qarşı haqlı-haqsız hücumlar edilirdi. Maraqlıdır ki, Üzeyir Hacıbəyli "Zənbur” jurnalı haqqında rəy yazmış, həm də mətbuatda "Zənburçu”lara açıq məktubla çıxış etmişdi: "Yazıq qələm, yazıq oxucular, yazıq ədəbiyyat ki, tərbiyəsizlər əlinə düşübdür! Nifrət, nifrət olsun müqəddəs qələmi qərəzi-şəzsi aləti edənlərə, nifrət!”.

"Məşəl” və "Tartan-partan” jurnalları

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli mədəniyyətin inkişafı yolunda atılan mühüm addımlardan biri ilk vahid ədəbi cəmiyyətin - "Yaşıl qələm” cəmiyyətinin təşkili oldu. Cəmiyyətin təsis toplantısı 1919-cu il avqustun 26-da keçirildi və 35 nəfərin iştirak etdiyi iclasda Seyid Hüseyn cəmiyyətin sədri seçildi. Qəbul olunmuş məramnamədə göstərilirdi ki, "cəmiyyətin məqsədi Azərbaycan xalqının fikrən yüksəlməsinə çalışmaq, Azərbaycan ədəbiyyatında müşahidə edilməkdə olan yeniliyi qüvvətləndirmək, onu türklüyə və sadələşməyə sövq etməkdir”.

 Cəmiyyətin "Yaşıl qələm” adlandırılması bununla izah olunurdu ki, "yaşıl rəng baharı andırır, ümid və nicatın təzahürüdür”. Cəmiyyət üzvlərinin əksəriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını ruh yüksəkliyi ilə qarşılayan, Azərbaycanın istiqlaliyyət qazanması ilə ədəbiyyatımızda daha böyük uğurlar əldə ediləcəyinə inanan, milli mədəniyyətin inkişafı yolunda çalışan görkəmli ziyalılar, sənət adamları idilər. 1919-cu ildə bolşevik ideyalarına xidmət edən yazıçılar və jurnalistləri birləşdirən "Qırmızı qələm” cəmiyyəti də təşkil olunmuşdu. "Yaşıl qələm”dəki yaşıl rəngin baharı, yeniliyi, ümidi, nicatı andırırdısa, "Qırmızı qələm”dəki qırmızı rəng siyasi boya kimi - qanı, inqilabı, bolşevizmi rəmzləndirirdi. Ədəbi-mədəni həyata "şimal küləyi” gətirəcəyini vəd edirdi. 

Həqiqətən, "Qırmızı qələm” Cəmiyyəti milli bolşeviklərin ideoloji qanadı, təbliğat aləti kimi formalaşırdı. Hətta, Qırmızı qələmçilər nüfuzlarını və sıralarını artırmaq məqsədilə "Yaşıl qələm”in sədri Seyid Hüseynə alternativ olaraq Seyid Cəfəri "Qırmızı qələm” cəmiyyətinə sədr, birincilərin katibi Ağa oğlu Məhəmmədin əvəzinə Ağa Məhəmmədəlini özlərinə katib seçdilər. Məhz bu cəmiyyətin təşəbbüsü ilə yeni "Məşəl” satirik jurnalı yaradıldı. "Məşəl”in ilk nömrəsi Rusiya bolşeviklərinin Azərbaycan Parlamentində siyasi nümayəndəsi olan Əliheydər Qarayevin redaktorluğu ilə noyabrın 13-də işıq üzü gördü. 

Lakin "Şeypur”, "Məzəli”, "Babayi-Əmir” kimi məcmuələrdə fəal iştirak edən milli düşüncəli qələm adamları "Qırmızı qələm” Cəmiyyəti və onun "Məşəl” satirik jurnalı ilə əməkdaşlığa üstünlük vermirdilər. Çünki bu jurnal Qırmızı qələmçilərin "xalqa xidmət”də yanıldıqlarını, Azərbaycanın istiqlalına və müstəqilliyinə qarşı ironik münasibətlərini müşahidə edirdi.
Əliheydər Qarayevin rəhbərliyi ilə nəşr olunan "Tartan-partan” həftəlik satirik jurnalı isə 1918-ci ildə Tiflisdə işıq üzü görüb. Lakin yeganə nümunəsi çıxdıqdan sonra zərərli istiqamətinə görə çapı qadağan edilib.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16