2018-06-09 13:31:20   |   661 dəfə oxunub

“Təcili yardım” işçiləri döyüldü

Xəstə yaxınları həkimin yubandığını deyib, hücum ediblər





"Bir stansiyada 4 həkim xidmət göstərirsə, onlar eyni vaxtda bütün çağırışlara necə çata bilər? Şəxsən mənim xirtdəyimdən tutublar ki, hardasan?!”



Çağırışa gedən "təcili yardım”ın işçiləri döyülüb. Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub. Hadisə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər. Təcili tibbi yardım maşınının şüşələri sındırılıb. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu, təcili yardım işçilərinin döyülməsi ilə bağlı yaşanan ilk hadisə deyil. Vaxtaşırı mətbuatda bu kimi xəbərlərə rast gəlirik. Xəstəsi öldükdən sonra həkimi döyən, gec gəldi deyə həkimi döyən, istədiyi iynəni vurmadı deyə həkimi döyənlərin sayı günü-gündən artır.

Bəs həkimlər niyə döyülür? Bunun qarşısını almaq üçün nə etməliyik?

Təcili tibbi yardım işçilərinin döyülməsini, onlara qarşı fiziki təzyiq göstərilməsini yolverilməz hesab edən uzun illərdir təcili yardım həkimi işləyən Şahvələd Məmmədovun "Şərq”ə açıqlamasına görə, həkimlərin gecikməsinin obyektiv səbəbləri var:

"Təcili Tibbi Yardım Stansiyasının heyəti yerləşdiyi ərazidə əhalinin sayına görə təyin edilir. Paytaxtda isə əhalinin sayı kəskin şəkildə artıb. Əhalinin sayı 10 il, 20 il əvvəlki kimi deyil. Axşam vaxtı, əhalinin işdən çıxdığı vaxtlarda çağırışlar olur, yollarda tıxaclar, təcili yardım da gecikir. Bir stansiyada 4 həkim xidmət göstərirsə, onlar eyni vaxtda bütün çağırışlara necə çata bilər? Təcili yardım həkimlərinin sayı ilə əhali sayı arasında 50 faiz kəsir var. Bizə çağırışlar ratsiya vasitəsilə bildirilir, lakin xəstə yanında olduğumuzdan həmin çağırışlara vaxtında gedə bilmirik. Şəxsən mənim xirtdəyimdən tutublar ki, hardasan?! Demişəm, bax, bu sənəd, görürsən, çağırış daxil olub 22:00-da, mənə çatdırılıb 22:40-da. 5 dəqiqəyə bura gəlmişəm. 35 dəqiqə çağırış gecikib. 

Ona görə də həkim briqadalarının sayı ən azı 6-7 dəfə artırılmalıdır. Əlbəttə, əhalinin sayı burada nəzərə alınacaq. Ancaq bu da nəzərdən qaçmamalıdır ki, hazırda şəhərdə nə qədər qeydiyyatsız əhali yaşayır. Sənədsiz, ünvansız evlər çoxdur. Bu da təcili yardımın işini çətinləşdirir. Həm əhali sayına görə həkim sayı düzgün təyin edilmir, həm də çağırışlarda ünvanları tapmaq olmur. Yəni, təcili yardımın gecikmələrində bir yox, bir neçə səbəb var ki, bura əhalinin statistikası, qeydiyyat, ünvan problemi, yol infrastrukturu da daxildir. Əlaqədar qurumlar bu problemlərin həllini tezləşdirməlidir. Təcili tibbi yardım stansiyası həkimlərinin sayı artırılmalıdır. O qədər əli diplomlu küçələrdə qalan həkimlər var ki, imtahan keçirib, götürsünlər işə”.

Şahvələd Məmmədovun fikrincə, vətəndaşlarla həkimlər arasında yaşanan narazılıqlara, dava-dalaşlara səbəb insanların həddindən artıq aqressivləşməsidir:

 "Xüsusən də gənclərimiz çox dözümsüz və bəzi hallarda mədəniyyətsiz olublar. Mən özüm də dəfələrlə vətəndaşların təzyiqlərinə məruz qalmışam. Döyülməsəm də, bəzi vaxtlar döyülməkdən artıq sözlər eşitməli oluruq. İnandırım sizi, Bakıda yaşayan əcnəbilər, əcnəbi əsilli azərbaycanlılar həkimləri o qədər mədəni qarşılayıb, yola salır ki, insan məəttəl qalır. Burada söhbət maddi qarşılamadan getmir, səhv anlamasınlar məni. Məsələ insani rəftardan gedir. 

Ancaq qanı- qanımızdan, canı-canımızdan olan bəzi vətəndaşlar bizi az qala qılınc-qalxanla qarşılasın. Sözsüz ki, bunu hamıya şamil etmək doğru deyil. Bakıda yaşayan kifayət qədər alicənab ailələr var. Amma aqressiv və dözümsüz insanlarımız da az deyil. Mədəni səviyyəsi, etikası aşağı olan gənclərin sayı sanki artır”.

Mübahisələrin, davaların Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarının astagəlliyi və xəstələrin həyatına qarşı biganəliyi ilə əlaqələndirilməsinə gəldikdə isə həkim bu kimi iddiaların əsassız olduğunu deyib. 

Onun sözlərinə görə, mərkəzlərdə kadr çatışmazlığı problemi yaşanır, müraciətlər çox olanda "103” evlərə göndərməyə həkim tapmır deyə müəyyən gecikmələr olur:


"Təcili tibbi yardım həkimlərinin bir sıra hallarda xəstənin son nəfəsinə çatması heç də sadəcə onların peşəkarlıq keyfiyyəti ilə bağlı deyil. Müraciətlərin çox olması, növbədə həkimlərin sayının az olması və yollardakı tıxac və maşınların texniki hərəkət imkanlarının məhdud olması təcili yardım maşınlarının gecikməsinə səbəb olur. İnsanlarımız da aqressiv olduğu üçün biz bunu onlara izah edə bilmirik. Hamımız üçün doğmalarımız, yaxınlarımız əzizdi. Xəstənin özünə də, yaxın adamına da keçirdiyi narahatlıq, həyəcandan dolayı elə gəlir ki, həkim gecikir. Halbuki bunun səbəbi "103”ün məsuliyyətsizliyi deyil. Əlaqədar qurumlar bu problemlərin həllini tezləşdirməlidir. Həkim briqadalarının sayı yetərli olarsa, çağırışlara da vaxtında gedilər”.

Şəymən







SON XƏBƏRLƏR

2018-06-22