2018-06-12 11:40:15   |   343 dəfə oxunub

“Sammit önəmli nəticələrə səbəb olmayacaq”

Azər Rəşidoğlu: “Rusiyaya qarşı sanksiyaların uzadılması fikirləri Kremli qıcıqlandırır”




ABŞ prezidenti Donald Tramp Rusiyasız G7 ölkələri liderlərinin görüşünün keçirilməsini əhəmiyyətsiz adlandırıb. Tramp bəyan edib ki, Rusiya mütləq "Böyük səkkizliyin” tərkibinə qaytarılmalıdır. Lakin Avropa ölkələri buna qəti etiraz ediblər. Almaniya kansleri Angela Merkel deyib ki, Rusiyanın "Böyük səkkizlik” formatında danışıqlar masasına qayıtması, yalnız Ukrayna münaqişəsinin həlli üzrə irəliləyiş olarsa mümkündür.

Merkel vurğulayıb ki, böhranların həllində Rusiya Qərb ölkələrinə lazımdır. Amma onun "G8” formatına qayıtması üçün Minsk razılaşmasına əməl etməsi labüddür. Merkel mövcud fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə dialoqun Almaniya üçün əhəmiyyətli olduğunu və qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyini bəyan edib. Xatırladaq ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra ABŞ, Almaniya, Kanada, Fransa, Böyük Britaniya, Yaponiya və İtaliya G8 çərçivəsində Rusiya ilə birgə işləməkdən imtina edib. Həmin vaxtdan etibarən bu ölkələrin liderləri G7 formatında toplanırlar.

Politoloq Azər Rəşidoğlu "Şərq”ə açıqlamasında deyib ki, əslində, Rusiyanın iştirakı olmadan keçiriləcək G7 sammiti önəmli nəticələrə səbəb ola bilməz. Lakin Rusiyaya qarşı belə sərt tədbirlər həyata keçirilmədikdə Kreml daha da aqressivləşir: 

"Bu gün dünya siyasətində aparıcı rolu ABŞ oynayır və Rusiya bununla barışmaq istəmir. "Böyük yeddilik” ölkələrinin Ukrayna-Rusiya münaqişəsinin qiymətləndirilməsində nümunəvi yekdillik nümayiş etdirmələri və Rusiyaya qarşı sanksiyaların uzadılması fikirləri Kremli qıcıqlandırır. İstər Amerika, Çin, istərsə də Rusiya kimi dünya oyunçularının hər biri hətta kritik vəziyyətdən belə maksimum mənfəət əldə etmək istəyir. Bu isə öz əksini yenə də beynəlxalq siyasətdə güclərin bölüşdürülməsində tapır”. 

Analitikə görə, G7 formatının artıq öz səmərəliliyini itirməsi fikri də hakimdir: 

"Rusiya, Çin və Hindistanı da cəlb etməklə G10 yaratmaqla bağlı təkliflər səslənir. Yaxın gələcəkdə yeni formatda Rusiyanın da iştirak etməsi istisna deyil. İstənilən halda Rusiyanı beynəlxalq auksiondan uzaqlaşdırmaq o qədər də asan olmayacaq”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-08-16
2018-08-15