2018-06-12 11:44:28   |   357 dəfə oxunub

Kağız torbalara qayıdırıq

Plastik qablar günəş şüası altında uzun müddət qaldıqda bioksin adlanan toksiki maddələr, yəni zəhər ifraz edir




İlk baxışdan cəlbedici görünən və məişətdə geninə-boluna istifadə etdiyimiz plastik qabların təhlükəsindən çoxumuz xəbərdarıq. Avropa ölkələrinin əksəriyyətində ekologiyaya və insan sağlamlığına zərər vurduğu üçün belə qablardan istifadə qadağan edilib. Son zamanlar ölkəmizdə də bu sahədə müvafiq tədbirlərin görüldüyünü müşahidə edirik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi polietilen qablar və torbalardan istifadənin təhlükəli olduğunu qeyd edib. Nazirliyin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva polietilen qablar və torbaların böyük problem olduğunu bildirib: "Nazirlik polietilen qabların əvəzinə kağız və parça materialların istifadəsini məsləhət görür. Bu qablar hər birimizə hiss olunmadan zərər vurur. Mağazalarda təklif edilən məhsulların demək olar, 99 faizi polietilen və plastik qablaşdırmadır”.

U.Tağıyeva bildirib ki, artıq konteynerlər sifariş olunub: "Konteynerlərin Bakı, Sumqayıt və Gəncədə yerləşdirilməsi üçün məktublar göndərilib. Müəyyən məsələlər dövlət səviyyəsində həllini tapmalıdır. Əhali bu təhlükənin real olmasını bilərək düşünməlidir. Hər bir xanım öz çantasında parçadan olan torba apara bilər. Alış-veriş edərkən kağız və şüşə qablaşdırmaya üstünlük verə bilərik”.

Sosioloq-jurnalist Lalə Mehralı plastik qablardan istifadə etmədiyini bildirdi:

 "Meşələrə zərər verməmək adı ilə bütün dünyada kağız torba istehsalını dayandırdılar, polietilen torbalar, qablar istehsal edildi. Amma bir müddət sonra fərqinə vardılar ki, necə böyük bir problemin yaranmasına səbəb olublar. Polietilen torbalar, plastik qutular 8-9 yüz il torpaqda qalır, çürümür. Okeanların dibi plastik butulka, torba qəbiristanlığıdır, hər tərəfi bürüyüblər. Bəli, bir çox ölkələrdə qadağan edilir, kağız torbaya qayıdırlar, bizdə də etmək yaxşı olardı. 

Razıyam, birdən-birə alınmır, amma başlamaq olar. İlkin addım kimi, marketlərdə sellofan torbaları pullu edə bilərlər. Məsələn, mən evimə bazarlıq üçün marketə girəndə təxminən hər dəfə 5-20 arası sellofan torba ilə qayıdıram. Bu, həftədə bir dəfə olarsa, ayda 100-ə yaxın torba edir. Gündəlik çörək alarkən yığılan torbaları da əlavə etsək, vəziyyəti az-çox təxmin edə bilərik. Kağız istehsalı meşələrimizə zərər verə bilər, amma kağızı yenidən toplayıb təkrar istehsala da göndərə bilərik. Qutuları, torbaları xüsusi qablara yığıb yenidən emal etsək, heç nə itirmərik, əvəzində sağlamlığımızı qoruyarıq.
Övladlarım üçün plastik qablardan qətiyyən istifadə etmirəm. Rast gəlirəm, analar plastik su butulkasına qaynar çayı töküb uşağa verir, düşünmür ki, o isti su ilə plastik reaksiyaya girərək nə toksinlər, zəhərlər yaradır. Bəzən görürəm, fast-food-larda da isti çay-kofeni plastik qabda təklif edirlər, qətiyyən almıram”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da polietilen qablarla bağlı problemin bütün dünyanı narahat etdiyini təsdiqlədi: 

"Plastik qablar günəş şüası altında uzun müddət qaldıqda bioksin adlanan toksiki maddələr, yəni zəhər ifraz edir. Bu maddə qidanın tərkibinə qarışır və insan orqanizminə daxil olur. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı qərar verib ki, belə qabların istifadəsi dünyada qadağan olunsun. Bu gün polietilen qablar məişətimizin ayrılmaz hissəsini təşkil edir. Birdəfəlik qaşıqlar, çəngəllər, stəkanlar, sellofan torbalarda qida saxlayırıq, bütün bunlar sağlamlıq üçün ziyanlıldır. Məsələn, öz ölkəmizi götürək, nəyə görə Azərbaycan bu qablardan istifadə etməlidir? Biz sovet dövründə şüşə qablardan istifadə etmişik, indi də həmin şüşələrdə ərzaq saxlaya bilərik. Əhalinin genefondunu qorumaq üçün lazımi təbdirlər görülməlidir. 

Əgər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi varsa, hesab edirəm ki, indidən bu qabların yığışdırılmasına başlamalıyıq. Düşünürəm ki, 2020-ci ili gözləmək lazım deyil. Ölkəyə idxal olunan plastik qabları mümkün qədər azaltmaq və ya bu məhsulların qadağan edilməsi haqqında qərar qəbul etmək lazımdır”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-06-22