2018-06-12 11:46:11   |   396 dəfə oxunub

“Təhsildə dəyər uşaqdır”

Kamran Əsədov: “Erkən yaş qruplarında təlimin təşkili müasir tələblər baxımından tələbatı ödəmir”





Ölkəmizdə 5 yaşlı uşaqların məktəbə hazırlıq qruplarına cəlb edilməsi təhsil sisteminin yeni formalarından biridir. Məktəbə hazırlıq təhsili ibtidai təhsilə keçidi asanlaşdırır və uşağın təhsilə adaptasiya olunmasına müsbət təsir edir. Bu təhsil sisteminə cəlb olunmuş uşaqların cəlb olunmayanlarla müqayisədə daha yüksək akademik göstəricilər əldə etdiyi deyilir.

Lakin uşaqların məktəbə hazırlıq qruplarına cəlb edilməsi məcburi deyil. Maraqlıdır, sistemə cəlb olunan uşaqların digərlərindən nə kimi fərqi ola bilər?

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında məktəbə hazırlıq sisteminin inkişafını Azərbaycan Respublikasının dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biri olduğunu deyib: 

"Hər il ölkə başçısı tərəfindən dövlət səviyyəsində məktəbəqədər təhsil məsələlərinə əhəmiyyətli dərəcədə diqqət ayrılır. Hərtərəfli inkişaf etmiş gələcək vətəndaşın formalaşmasından ötrü insana istənilən həyati problemləri həll etməkdə lazım olan bilik, bacarıq və vərdişlərin aşılanması üçün müvafiq şəraitin təşkili zəruridir. Uşaq şəxsi həyat fəaliyyətinin subyekti olmağı, öz potensialını görməyi, öz gücünə inanmağı, fəaliyyətində müvəffəqiyyət qazanmağı öyrənməlidir. Bu, uşaqları sosiallaşdırmaqla bərabər, onların məktəbəqədər müəssisədən məktəbə keçidini əhəmiyyətli dərəcədə yüngülləşdirir, məktəb təliminə maraq yaradır və inkişaf etdirir. Hazırda respublikamızda məktəbəqədər təhsil, təəssüf ki, hələ də 40-50 il bundan əvvəlki model əsasında fəaliyyət göstərir. Keçirilən məşğələlərin adı, məzmunun bilikyönümlü və müəllimyönümlü olması, erkən yaş qruplarında təlimin təşkili müasir tələblər baxımından tələbatı ödəmir. Uzun müddət məktəbəqədər təhsil sistemində uşağa bilik, bacarıq və vərdişlərin daşıyıcısı, tərbiyəçilərə isə bilik ötürən kimi baxılıb. Ancaq ənənəvi proqram üzrə pedaqoji prosesin müxtəlif bilik sahələrində məzmun həcminin genişlənməsi həddindən artıq yüklənməyə gətirib çıxarır. Bu zaman bir növ "uşağa daha çox bilik vermək” arzusu ilə məktəbəqədər yaşlı uşağın psixi və fiziki imkanları arasında ziddiyyət yaranır. Belə problemlərin həll olunması, yeni dövlət standartları əsasında işə başlanılması üçün, ilk növbədə, inteqrasiyadan istifadə etmək zərurəti meydana gəlir. Bir çox mütəxəssislər inteqrasiyanı məktəbəqədər təhsilin yeniləşdirilməsi və uşaq şəxsiyyətinin inkişafının səmərəliliyi, uşaq sağlamlığının qorunması, onu keyfiyyətli təhsilə nail olmanın yollarından biri kimi müəyyən edir. 

Pedaqoji prosesin humanistləşdirilməsi gündəlik həyatda və uşaq həyatının ənənəvi fəaliyyət növlərində tərbiyəçi-uşaq münasibətlərinin, ünsiyyətin dəyişdirilməsi, tərbiyənin şəxsiyyətyönümlü modelinin qurulmasını təklif edir. Tərbiyəçiylə uşağın gündəlik sərbəst ünsiyyəti prosesində inkişafetdirici vəzifələrin realizəsi xüsusi məşğələlərlə uyğunlaşdırılmalıdır”.

K.Əsədov məşğələlərin təşkilinin müxtəlif formalarda keçirilməsinin vacib olduğunu da diqqətə çatdırdı. Ekspertin sözlərinə görə, məşğələlərin fəal təlim əsasında keçirilməsi hər bir uşağın idrak fəallığını daha yaxşı təmin edir, əks əlaqəni qurmağa və uşaqların irəliləyişini nəzərə almağa kömək edir: "Həmçinin uşaq bağçası ilə ailənin qarşılıqlı əlaqəsinin də daha əlverişli qaydada qurulması diqqətdən kənarda qalmamalıdır. Uşaq problemlərinin həlli zamanı valideynləri aktiv müzakirəyə cəlb etmək, onları uşaqlarla birgə yaradıcılıq işinə cəlb etmək məqsədəuyğundur. Əşya mühitinin və qrup otağının təşkilində də ciddi dəyişikliklər aparılmalıdır. Artıq birmənalı şəkildə başa düşülməlidir ki, məktəbə hazırlıq təhsili uşağın dünyanı dərk etməsində, inkişafında kömək və dayaqdır. 
Respublikamızda belə situasiyanı inkişaf etmiş ölkələrin təcrübəsini (məsələn, Finlandiya, İsveç və s.) öyrənməklə, milli xüsusiyyətlərimizi əsas götürməklə dəyişmək olar. Bu ölkələrin məktəbəqədər təhsilinin əsasında şəxsiyyətyönümlü sosial-pedaqoji yanaşma durur. İnkar etmək olmaz ki, təhsildə əsas dəyər uşaqdır. Məktəbəqədər yaş dövrü isə təkcə məktəb həyatına hazırlıq mərhələsi deyil, eyni zamanda insan həyatının ən məsuliyyətli, ən mühüm yaş dövrüdür ki, bu dövrdə insanda bütün mənəvi dəyərlərin təməli qoyulur. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda deyildiyi kimi, "Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur”. 

Məktəbəqədər təhsilin keyfiyyəti uşaqların təlim və tərbiyə prosesinin vəziyyəti və nəticəliliyi ilə müəyyən edilir. Məktəbəqədər təhsildə yeni keyfiyyət göstəricilərinə nail olmanın başlıca strategiyası uşaq inkişafının diaqnostikasıdır. Məktəbəqədər təhsil üzrə dövlət standartlarının reallaşdırılmasının keyfiyyəti bilik, bacarıq və vərdişlər sisteminin deyil, hər bir uşağın inkişaf və nailiyyətlərinin yekun diaqnostikası əsasında səriştəliliyin inkişaf səviyyəsi ilə qiymətləndirilir. Hesab edirəm ki, məktəbəqədər təhsil müəssisələrinin inkişafı yekun nəticədə təhsilin inkişafına böyük təkan verəcək. Çünki başlanğıc nə qədər yaxşı olsa, yekun da yaxşı olacaq”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-08-16
2018-08-15