2018-06-13 11:17:02   |   445 dəfə oxunub

Paşinyan iki dünya gücünün arasında qalıb

Ermənistandakı bütün proseslər xaricdən idarə olunur




Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandasının verdiyi açıqlamaların çoxu qeyri-ciddi və qeyri-adekvatdır. Bunun da əsas səbəbi onun və ümumiyyətlə, Ermənistan hakimiyyətinin iqtisadi, siyasi və hərbi proqramlarının olmamasıdır. Mitinqlər yeni başlayanda bunu "məxməri inqilab” kimi qələmə verməyə çalışan Paşinyan əslində özü də bilirdi ki, onun konkret proqramları yoxdur.

Buna rəğmən yalançı vədlər verərək ermənilərin dəstəyini qazanmağa cəhd etdi. Lakin çox qısa zaman sonra ona dəstək verənlər Paşinyanın müəyyən qüvvələrin əlində maşa olduğunu anladılar. Əslində separatçılara "müstəqillik” vəd edən Paşinyan Azərbaycanın heç vaxt separatçı rejimi tərəf kimi qəbul etməyəcəyini, beynəlxalq aləmdə ciddi siyasətçi kimi qəbul olunmadığını çox yaxşı bilir. Bu səbəbdən də danışıqlardan yayınmaq üçün absurd fikirlər səsləndirir.

Düşmən ölkə rəhbərliyinin qeyri-müəyyənliyi ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov deyib ki, Ermənistanda mitinqlərə on minlərlə insanın çıxması və etirazçı kütlənin Serj Sarkisyan üzərindəki qələbəsi Paşinyanın və onun ətrafındakı üç-beş dılğır erməninin imkanı daxilində deyil. Deputatın sözlərinə görə, bütün bunların hamısını təşkil və idarə edən qüvvələr var: 

"Bu qüvvələr Ermənistanda yox, xaricdədir. Ermənistan tarixi himayədarı Rusiya ilə Qərbin arasında çıxılmaz vəziyyətdə qalıb. Bu gün ermənilər iki tərəfə oynayır. Məlumdur ki, düşmənə ən çox maliyyə yardımı göstərən Qərbdir. Ancaq onların əsas qoruyucusu Moskvadır. Hələlik Paşinyan və ətrafı iki güc arasında get-gəl edir. Həmsədrlərin Ermənistana səfəri öncəsi Paşinyanın yenidən Moskvaya çağırılması isə baş nazirin təlimatlandırılması, başa salınması məqsədi güdür. Tarixən Stalinin və ondan sonrakı sovet rəhbərlərinin yanında daim Mikoyanların olduğu kimi, müasir dövrdə də hörmətli Putinin yanında Lavrov və onun kimi ermənipərəst qüvvələr var. 

Ermənistanı "danışdıran” da məhz həmin şəxslərdir. Hamı bilir ki, Ermənistan iqtisadiyyatının əsas hissəsi də Rusiyanın əlindədir. Ölkənin sərhədi, hava məkanı rus əsgərləri və texnikası tərəfindən qorunur. Silah-sursatla təminat Rusiya tərəfindən həyata keçirilir. Kremldə Paşinyana açıq şəkildə başa salacaqlar ki, sərsəm açıqlamalar verməsin. Çünki düşünülməmiş ifadələr nəinki yeni hökumətin, ümumiyyətlə Ermənistanın sonunu gətirə bilər”.

Millət vəkilinin sözlərinə görə, ermənilər sərsəm bəyanatları, təxribatçı açıqlamaları ilə bizə deyirlər ki, gəlin torpaqlarınıza yiyə çıxın, işğal olunmuş ərazilərinizi azad edin: 

"Axmaq fikirlərlə bizi qıcıqlandırmağa çalışırlar. Əlbəttə, bunun cavabı olacaq. Azərbaycan tərəfi BMT-nin qətnamələrinə uyğun olaraq, hərbi gücü ilə öz ərazi bütövlüyünü təmin edəcək. Artıq ermənilər "qan-qan” deyirlər. Özlərini ipə-sapa yatmayan ərköyün uşaq kimi aparırlar. O uşağın qulağını çəkməyin vaxtı çatıb. İki il bundan qabaq Talış və Füzuli istiqamətində, daha sonra Naxçıvanda öz sözünü deyən qəhrəman ordumuz növbəti dəfə daha tutarlı zərbələr vuracaq”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-08-18
2018-08-17