2018-06-13 11:21:42   |   605 dəfə oxunub

Türkiyə Azərbaycanı tək qoymayacaq

Əhəd Məmmədli: “Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin hərbi bazası qurulmalıdır”




"Əgər Türkiyə vaxtilə zəruri gücə sahib olsaydı, Azərbaycan ərazilərinin işğalına imkan verməzdi”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu qeyd edib ki, Azərbaycan Türkiyə üçün mühüm strateji ölkədir.

Nazirin sözlərinə görə, Ankara hər zaman Bakını dəstəkləyib və dəstəkləməkdə davam edəcək. Türkiyə ordusu Suriya və İraqda terrorçuları küncə sıxışdırır, uğurlu hərbi əməliyyatlar keçirir və heç bir dövlət buna mane ola bilmir. Paralel olaraq, Azərbaycan ordusu da ard-arda strateji yüksəklikləri ələ keçirir. Yəni həm Türkiyə, həm də Azərbaycan strateji hədəflərinə doğru irəriləyirlər. Mövlud Çavuşoğlunun sözləri isə Ermənistanın indiki hakimiyyətinə və beynəlxalq aləmə mesajdır. Düşmən ölkənin diqqətinə çatdırılır ki, Ermənistan-Azərbaycan müharibəsində qardaş Türkiyə izləyici mövqedə qalmayacaq. Əslində, Rusiya faktoru olmasaydı, Azərbaycan Türkiyə ilə birgə məsələni çoxdan həll etmişdi. Buna baxmayaraq, Azərbaycan ordusunun addım-addım strateji yüksəklikəri geri qaytarmasına Rusiya da səssiz qalır. Ermənistanı təşvişə salan da budur. 

Türkiyə rəsmilərinin bu cür açıqlamaları isə düşmən tərəfi ciddi şəkildə qorxuya salır. Politoloq Əhəd Məmmədli "Şərq”ə açıqlamasında əminliklə bildirib ki, əgər o vaxt Türkiyə indiki gücündə olsaydı, ələlxüsus indiki hakimiyyət tərəfindən idarə olunsaydı, Azərbaycan öz torpaqlarını qətiyyən itirməyəcəkdi: 

"Əlbəttə, qardaş ölkə hər an olduğu kimi, yenə də bizim yanımızda olacaq. Dəfələrlə bu haqda Türkiyə rəsmiləri bəyan ediblər. Aprel müharibəsində bir daha bunun şahidi olduq. Türkiyə ilə hərbi əməkdaşlığımız yüksək səviyyədədir. Amma bu əməkdaşlığın hərbi ittifaqa çevrilməsinin vaxtıdır. Bunun üçün də Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin hərbi bazası qurulmalıdır. Rusiya və İranla sərhədlərimiz bir yerdə mühafizə edilməlidir. Bizim də ordumuz İraq və Suriyada Türkiyəni dəstəkləməlidir. Birgə əməkdaşlıq şimal və cənub sərhədlərimizin təhlükəsizliyini artıracaq. Ən əsası isə Qarabağ münaqişəsinin həllində mövqeyimizi möhkəmləndirəcək”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-10-24
2018-10-23