2018-06-13 11:23:20   |   398 dəfə oxunub

Azərbaycanın yeni silahları düşmənə göz dağıdır

Əsas üstünlük uzaq məsafədən düşmənin məhv edilməsi üçün nəzərdə tutulan texnikaların alınmasına verilir




Azərbaycan İsraildən "LORA” əməliyyat-taktiki raket kompleksi alıb. LORA İsraildə təkmilləşdirilən taktiki raketdir. Bu silah uzaq mənzilli kvaziballistik raket sistemidir. LORA maksimim 300-400 kilometr mənzilə sahibdir.

Atışdan hədəfə dəyənə qədərki uçuş vaxtının 10 dəqiqədən daha az olduğu bildirilir. Bundan başqa Azərbaycanla Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə 301 mm-lik "Polonez” raketləri gətirilib və ordumuzun silahlanmasına daxil edilib. 

"Polonez”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir, istismar müddəti isə 10 ildir. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

Alınan hərbi texnikalarla bağlı "Şərq”ə danışan hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirib ki, son illər Azərbaycan Silahlı Qüvvələrinin silah arsenalının yenilənməsi prosesində əsas üstünlük uzaq məsafədən düşmənin məhv edilməsi üçün yaradılan texnikaların alınmasına verilir: 

"Bu, əraziləri işğal altında olan ölkənin seçdiyi ən düzgün yoldur. Dünya döyüş taktikası da hazırda özünü bu istiqamətdə gücləndirir. Müasir döyüş havadan, aviasiya və raket qoşunları ilə aparılır. Yerüstü əməliyyatlar isə növbəti döyüş tapşırığı kimi icra edilir. Demək istəyirəm ki, Azərbaycan Ordusunun operativ-taktiki raket sistemlərinə önəm verməsi və bu texniki vasitələrlə gücləndirməsi hərbi qüvvələrimizə böyük üstünlük verir. Birincisi, "yer-yer” tipli raketlər düşmənin dərinliklərindəki hərbi mövqelərini məhv edə bilir. İkincisi, düşmən daim psixoloji gərginlikdə saxlanılır.

Konkret olaraq demək lazımdır ki, Azərbaycanın hazırda "yer-yer” tipli raketlərə sahib olması Ermənistan üçün ciddi təhdiddir. Ermənilərin narahat olduğu məqam isə bu komplekslərin Naxçıvan ərazisində yerləşdirilməsidir”.

Ekspertin sözlərinə görə, məsafə baxımından İrəvan şəhərinə yaxın olan Naxçıvanda bu raket komplekslərinin mövcudluğu ermənilər üçün "Damokl qılıncı”dır: "Bu məqam Azərbaycan üçün ən böyük üstünlüklərdən biridir. Bundan sonra ermənilər hər gün səksəkə ilə yatıb-durmalıdırlar”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-10-24
2018-10-23