2018-06-13 11:25:16   |   350 dəfə oxunub

Şagird sıxlığı aradan qalxacaq

İlk növbədə məktəblərə həmin ərazidə yaşayan uşaqlar qəbul olunacaq

Kamran Əsədov: “Müəllim-şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək”




Parlamentin dünənki iclasında "Təhsil haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən ilk növbədə ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə qəbul olunacaqlar.
Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bir müddət əvvəl Təhsil naziri Ceyhun Bayramov paytaxtdakı məktəblərdə şagird sıxlığı ilə bağlı problemlər olduğunu bildirmişdi. Nazir bu sıxlığı şagirdlərin yaşadıqları ərazidə deyil, kənar yerlərdəki məktəblərdə təhsil almaları ilə əlaqələndirirdi. Hətta problemin həlli olaraq orta məktəbin yerləşdiyi ərazidə yaşayan şagirdlərin ilk növbədə həmin təhsil müəssisəsinə qəbul edilməsi ilə bağlı təkliflər irəli sürüldü. Maraqlıdır, qanunvericiliyə edilən dəyişiklik təhsilimizə hansı müsbət keyfiyyətlər verə bilər?

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında bildirib ki, təhsilimizin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılması vacibdir: 

"Hazırda Azərbaycanın 4472 orta məktəbində 1.5 milyona yaxın şagirdə 151 min müəllim dərs deyir. Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi, lakin burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmaya ehtiyac duyulur. 

Düşünürəm ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır. Xarici ölkələrdən misal olaraq deyim ki, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir. Hazırda Bakıda bir müəllimə düşən şagirdlərin sayı 12-dir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədris sisteminin qurulmasıdır. 

Hesab edirəm ki, müəllim-şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək. Ümumiyyətlə Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır. Buna görə də gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var. 

Artıq 2 ildir ki, şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür ki, bu da sosial ədalət prinsipini qoruyur. Bir çox hallarda valideynlər övladlarını digər ərazilərdə yerləşən məktəblərə yollayırdı və bu zaman həmin məktəbin mikroərazisində sıxlıq formalaşırdı. 

Cari tədris ilindən təkcə məktəbəqədər və ibtidai siniflərə yox, eyni zamanda 5-ci siniflər üçün liseylərə qəbulun da mərkəzləşdirlmiş qaydada həyata keçirilməsi şagird sıxlığının aradan qalxmasına və ərazi üzrə yerləşdirmənin tam şəkildə həyata keçirilməsinə müsbət təsir edəcək”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-06-22