2018-06-13 11:27:12   |   528 dəfə oxunub

Bakı başdan-ayağa sanki qəssabxanalara dönmüşdü

Artıq qeyri-qanuni yerlərdə ət kəsimlərinə qadağa qoyulacaq

“Yeni yaranmış qurum nəzarəti elə formada həyata keçirməlidir ki, istehlakçılarda inam yaransın”







Yaxın zamanlarda Bakıda müasir standartlara cavab verən ət kombinatlarının istifadəyə veriləcəyi gözlənilir. Bu isə şəhərdə addımbaşı qarşımıza çıxan ət kəsimi yerlərinin ləğv edilməsi deməkdir. Ət kombinatları istifadəyə veriləndən sonra tələblərə cavab verməyən sallaqxanalar yığışdırılacaq və bir müddətdən sonra isə Bakıya rayonlardan gətirilən diri heyvanlar buraxılmayacaq.

Bununla bağlı prezident İlham Əliyev sərəncam verib. Sərəncam ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, stasionar, modul və mobil tipli kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması və istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə verilib.

Sənəd qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsinə xidmət etməlidir.

Prezident Qida Təhlükəsizliyi Agentliyinə tapşırır ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı tədbirlər görsün. Bu zaman sakinlərin sıxlığı və onlara əlverişli sahələr nəzərə alınmalıdır. Həmçinin, yeni yaradılacaq heyvan kəsimi məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunmasına dair təkliflər iki ay müddətində prezidentə təqdim edilməlidir.

Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev məsələ ilə bağlı ətraflı izah verib.
Onun sözlərinə görə, agentlik tərəfindən əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə, iri və xırdabuynuzlu heyvanların qanunsuz kəsiminə qoyulacaq qadağalar, Azərbaycan dövləti tərəfindən qəbul ediləcək qərarlar əsasında, tədbirlər planına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək.
M.Piriyev deyib ki, müvafiq laboratoriyalarla təmin olunmaqla xüsusi ət kəsimi məntəqələri respublikanın şəhər və rayonlarında əhalinin sıxlığı və ət məhsuluna olan tələbatı nəzərə alınmaqla sahibkarlar tərəfindən təşkili nəzərdə tutulub:

"Bu kəsim məntəqələrində hər hansı bir say məhdudiyyəti yoxdur. Bundan başqa, sanitariya-gigiyena norma və qaydaları, qida təhlükəsizliyi baxımından standartlara cavab verən ət kəsimi məntəqələrinə dair layihələr Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmalıdır.

Ölkə başçısının fərmanına əsasən, Agentlik qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirir.

Sözügedən Fərmanın 9-cu hissəsinə əsasən, agentlik qeyd olunan fəaliyyətlərin icrasına 1 iyul 2018-ci il tarixdən başlayacaq. Agentliyin tabeliyində gələcəkdə "Qida Təhlükəsizlik İnstitutu” publik hüquqi şəxsi fəaliyyət göstərəcək ki, həmin İnstitut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasını həyata keçirəcək”.
Şöbə müdiri onu da qeyd edib ki, agentlik əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə mayın 22-dən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlayıb: "Monitorinqlər zamanı bu sahədə fəaliyyət, istehsal şəraiti və qida zəncirinin mərhələləri ilə yerində tanışlıq, sahibkarlara normativ texniki sənədlərin tələblərini izah etmək, habelə gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi qeydiyyatı, dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər bu kimi istiqamətlərdə məlumatlar çatdırılır”.
- Bəs, sallaqxanaların ləğv olunması kiçik sahibkarlığın inkişafına maneə yaratmayacaq?

Bəzi ekspertlər hesab edir ki, bu işlə məşğul olan şəxslərə vaxt verib həmin yerləri sanitar-gigiyenik tələblərə uyğunlaşdırmaq daha məqsədəuyğun olardı.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə "Şərq”ə açıqlamasında sallaqxanaların fəaliyyətinə nəzarət edilməsinin vacib olduğunu deyib və nəzarət cəhətdən ət kombinatlarının yaradılmasını müsbət hal kimi dəyərləndirib: 

"Bu sahədə çox ciddi problemlər var. Paytaxt sanki qəssabxanaya dönüb. Harada gəldi, sağlamlığı məlum olmayan heyvanlar kəsilib, satılır. Bəzi ət kəsim yerlərinə təmizlik aparmaq üçün su belə çəkilməyib. Bəzilərinin isə nə soyuducusu var, nə də kəsilmiş ətlərin sağlamlığını təsdiqləyən baytar möhürü. Ancaq buna rəğmən yol kənarında heyvanların kəsim şəraitinə əməl edilməsə də, insanlar bazardan, mağazadan çox, gözlərinin qarşısında kəsilmiş əti almağa üstünlük verirlər. Bunun əsas səbəbi insanların baytar möhürünə olan inamsızlığı ilə bağlıdır. Ona görə də düşünürəm ki, yeni yaranmış qurum nəzarəti elə formada həyata keçirməlidir ki, istehlakçılarda inam yaransın”.

Regionlardan murdar olmuş, xəstəlikdən ölmüş heyvanları Bakıya gətirən qrupların olduğunu vurğulayan ekspert hesab edir ki, belə bir addımın atılması çoxdan zəruri idi. Nəinki diri heyvanlar, cəmdəklərin də gətirilməsinə nəzarət etmək lazımdır: "Kəsim sexindən şəhərə virtual bir hasar çəkmək lazımdır ki, mənşəyi məlum olmayan ət daxil olmasın. Bu, həddindən artıq zəruridir. Bu yolla qanunsuz qəssabxanaları sıradan çıxarmaq olar. Qəssablarda olan saxta baytar möhürləri yığışdırılmalı, bazarlardakı ekspertiza laboratoriyaları normal işə başlamalıdır ki, heyvanların ətləri ekspertizadan keçsin. Adı olub, özü olmayan ekspertizalar ləğv olunmalıdır”.

E.Hüseynovun sözlərinə görə, diri heyvanlar şəhərə buraxılmasa, Bakıdakı qanunsuz heyvan kəsimi yerləri avtomatik olaraq yığışdırılacaq. AİB sədri onu da bildirdi ki, ət kəsiminin şəhərdən kənar məntəqələrdə aparılması əhəmiyyətli addımdır. Amma burada problem əhalinin inamını qazanmaqla bağlı ola bilər: 

"Baytarlar gərək bu yeni başladıqları işdə istehlakçıların inamını qazana bilsinlər. Baytarlar əhalinin inamını qazanmalıdırlar ki, doğrudan da, ekspertiza aparılır və təhlükəli mal Bakıya daxil olmur. Bu cür inam olarsa, əhalidə təmiz, sağlam mal satılan yerlərə tələbat yaranar”.

Şəymən







SON XƏBƏRLƏR

2018-10-24
2018-10-23