2018-06-13 11:31:28   |   422 dəfə oxunub

Tramp Şimali Koreya bəndini qırdı

“ABŞ hakimiyyətinin Şimali Koreya ilə sıx danışıqlar aparmaqda məqsədi Çinə qarşı yeni ittifaq yaratmaqdır”




Sinqapurda ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn arasında tarixi görüş baş tutub. Danışıqlar Sentosa adasındakı "Kapella” otelində keçirilib. Tramp və Kim Çen İn bir-birilərinin əlini sıxıblar. ABŞ prezidenti qarşıdakı görüşün uğurlu olacağına əmin olduğunu bildirib.

Kim Çen isə qeyd edib ki, tarixi görüşün gerçəkləşməsi üçün hər iki ölkə bir çox çətinliklərin öhdəsindən gəlib. Liderlərin görüşü 48 dəqiqəyə yaxın davam edib. Təkbətək təmasdan sonra geniş tərkibli görüşü olub. Söhbət zamanı tərəflər Vaşinqton və Pxenyan arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə ediblər. Görüşlərin yekunlarına dair sənəd imzalanıb. Tramp imzalanmadan sonra bildirib ki, bu, hərtərəfli əməkdaşlığa dair sənəddir: 

"Dünya və Şimali Koreya arasında münasibətlər bu sənədin imzalanmasından sonra tam dəyişəcək”. Şimali Koreya liderini Ağ Evə dəvət edən Tramp Sinqapurda baş verənlərdən qürur duyduqlarını dilə gətirib. O, Kim Çen İnlə bundan sonra da görüşlər keçirəcəyini bildirib. 

Ekspertlərə görə, ABŞ Prezidenti Trampla Şimali Koreya lideri Kim Çenin Sinqapurda tarixi görüşü Uzaq Şərqdə sülhə və təhlükəsizliyə xidmət edir. "ABŞ-ın bir müddət Şimali Koreya ilə apardığı "arxa qapı” diplomatik danışıqları, nəhayət, Pxenyanı rəsmi masaya gətirə bildi.

Görüşü şərh edən politoloq Tofiq Abbasovun fikrincə, liderlərin bir araya gəlməsi 50 ildir güc və diplomatiya yolu ilə Şimali Koreya məsələsini həll edə bilməyən ABŞ üçün tarixi hadisədir. Onun sözlərinə görə, bütün dünya Donald Tramp və Kim Çen İn arasındakı görüşdən məmnun qalsa da, Trampın simasında rəsmi Vaşinqtonun öz məqsədləri var: 

"Donald Trampın Şimali Koreya bəndini qırdığını demək olar. Hesab edirəm ki, bununla Şimali Koreyanın dövlət quruluşu olaraq məhv edilməsi başlayır. Rəsmi Vaşinqton üçün Şimali Koreya rejimi qeyri-qanunidir. Onlar üçün bu problemi kökündən həll etmək vacibdir. Şimali Koreya Rusiyanın müttəfiqidir və Çin üçün plasdarmdır. Ona görə də Amerika Koreya yarımadasını Cənubun bayrağı altında birləşdirmək yolu ilə rəqiblərini manevr ərazilərindən məhrum etməyə çalışır”.

 Analitikin fikrincə, ABŞ hakimiyyətinin Şimali Koreya ilə sıx danışıqlar aparmaqda məqsədi Çinə qarşı yeni ittifaq yaratmaqdır: "Kim Çen yekun sənədə imza atmaqla, Koreya yarımadasında 60 illik münaqişənin həllini sürətləndirəcək və böhrana son qoyacaq”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-10-24
2018-10-23