2018-06-13 11:37:05   |   1506 dəfə oxunub

Uşaqları zərərli informasiyadan necə qurtaraq?

Lalə Mehralı: “Uşaqlar çoxçeşidli informasiya qəbulundan zərər görürlər, beyin və düşüncə haçalanır, analiz qabiliyyəti hissələrə bölünür”

Səbinə Əvəzqızı: “Məqsədli şəkildə uşaqların zehninə müdaxilə edib, onları idarə edə bilirlər”



Niyaz Niftiyev: "Qanunların bu məsələdə köklü dəyişikliklər edəcəyini düşünmürəm”





(... əvvəli ötən sayımızda)

Uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual problemlərindən olub və xüsusi diqqət tələb edib. Uşaqlarla bağlı yayılan məlumatlarda medianın necə davranmalı olmasını tövsiyə edən yetərli qədər etik qaydalar formalaşıb. Ancaq uşaqlardan bəhs edən xəbərlərdə etik çatışmazlıqlar uşaqlar xəbərin bir parçasına çevrildikləri olaylarda ortaya çıxır. Mediamız zorlama, oğurluq, boşanma, narkotikdən istifadə, intihar, xəsarət yetirmə, öldürmə və başqa durumlarda zərərçəkmiş, təqsirli və ya başqa qismdə cəlb olunan azyaşlıları topluma necə təqdim etməkdə zaman-zaman axsadıqlarını büruzə verirlər.

Adətən, məsələnin ciddiliyi nəzərə alınmadan, etik çərçivələr gözlənilmədən onların kimliyi, görüntüləri efirə verilir. Məhz bu problemlərin qarşısını almaq üçün Milli Məclis "Uşaqların zərərli informasiyadan qorunması haqqında " qanun layihəsini müzakirə edir. Deputatların dediyinə görə, hazırda mükəmməl qanun layihəsi üzərində iş gedir. Televiziya, radio, qəzet və jurnal, həmçinin internet resurslarında uşaqlara verilən informasiyalar təsnifatlaşdırılaraq bir neçə yerə bölünüb.
Milli Məclisin bilgisində layihəni parlamentə prezident İlham Əliyevin təqdim etdiyi bildirilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun yerli qanunvericiliyə, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq normalara uyğun hazırlandığı əlavə edilib. 5 fəsil, 19 maddədən ibarət olan qanun layihəsi uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar onların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir. Qəbul edilərsə, qanun bu sahədəki münasibətləri tənzimləyəcək.

Qanunda uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər və uşaqlardan ötrü zərərli informasiyanın növləri ilə bağlı məqamlar əks olunub.
Layihə yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsullarının ekspertizasına dair ümumi tələbləri, ekspertizanın aparılması qaydalarını və ekspert rəyinin verilməsi ilə bağlı məsələləri əhatə edir.

Deputatlar "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun layihəsini bəyənib, Milli Məclisin plenar iclasına tövsiyə edib. Parlament layihəni qəbul edərsə, 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, sözügedən qanun layihəsində uşaqlar üçün zərərli informasiyanın növləri də müəyyənləşib. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya zorakılığı və qəddarlığı təbliğ edən, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli, qorxu məzmunlu, erotik məzmunlu informasiyalar aiddir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

Qanun layihəsinin 12-ci (Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər) maddəsinə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.

Sosioloq-jurnalist Lalə Mehralı "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbulunu əhəmiyyətli məsələ hesab edir. Onun fikrincə, uşaqların nə izlədiyi, hansı informasiya əhatəsində böyüdüyü, nəyə qulaq asdığı, nəyə baxdığı olduqca mühümdür, bu bir növ genefond məsələsidir. Çünki informasiya uşaqlar üçün xeyirdən çox zərərdir:

 "Əvvəla, dövrün uşaqlarının yaşına görə informasiya qəbulu miqdarı həddindən artıqdır, beyin çox yüklənir. İkincisi, informasiyanın çeşidi boldur, uşaqlar çoxçeşidli informasiya qəbulundan zərər görürlər, beyin və düşüncə haçalanır, analiz qabiliyyəti hissələrə bölünür. Üçüncü və ən vacib məsələ, informasiyanın təhlükəliliyidir. Hamımız bilirik ki, əksər valideyn uşağı üçün azad internet imkanı yaradıb, hər uşağın əlində bir smartfon, istədiyi informasiyanı əldə edə bilir. Qətl, zorakılıq, oğurluq, dələduzluq - nə desən oxuya, izləyə bilir. Bəzən valideynlər iddia edir ki, uşağına güvənir və zərərli informasiyaları oxumayacağını bilir. Səhv düşüncədir. Bizim övladımız nəyin səhv, nəyin düz olduğunu bilsəydi, böyük olardı, uşaq yox. Onlar informasiya terroruna məruz qalırlar, valideynləri isə bunu normal qarşılayır. Xüsusilə efirdəki cinayət proqramları uşaqlar üçün təhlükəlidir”.

Lalə xanımın sözlərinə görə, bizim ölkədə çox gözəl qanunlar var, yazılanların hamısı olduqca lazımlı və vacibdir. Lakin o qanunların işləmə mexanizmindəki boşluqlar narahatedicidir: 

"Məsələn, qanun uşaq yaşlı tamaşaçı üçün qadağan olunmuş saatda proqram yayımlamağı qanunsuz sayır, amma cinayət verilişlərini uşaqların oyaq olduğu vaxtda yayımlayırlar. Sözsüz ki, tamaşaçısı var, amma böyüklər. Uşaqların oyaq olduğu saatda yayımlanması düzgün deyil. Qanun bu kimi xırdalıqları nəzərə alsa yaxşı olar”.

"Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı da hesab edir ki, uşaqların zərərli informasiyalardan qorunması və internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə edə bilmək imkanlarının təmin edilməsi yaxşı təşəbbüsdür: "Biz elə bir dövrdə yaşayırıq ki, indi əsasən, informasiyalar üzərindən müharibə aparılır. Bir çox hücumlar da bu vasitə ilə həyata keçirilir. Məqsədli şəkildə uşaqların zehninə müdaxilə edib, onları idarə edə bilirlər. Elə bu yaxınlarda "Mavi balina” adlı internet oyunu vasitəsilə Azərbaycanda neçə-neçə uşağın intihar etdiyinin şahidi olduq. Hazırda ortaya "Məryəm” adlı daha təhlükəli bir oyun çıxıb ki, bunun da qurbanlarının olduğunu bilirik. İşə gedən valideyn uşağını tam nəzarətdə saxlaya bilmir. Elə evdə olanın da buna tam nəzarət etməsi mümkün deyil. Bu sahədə uşaqlarla bağlı doğrudan da ciddi təhlükə mövcuddur.

Uşaqların mənəvi-əxlaqi dəyərlərini korlaya, hətta radikal dini cərəyanlara belə cəlb edə bilirlər. Uşaqların sadəlövhlüyündən istifadə edərək neçə-neçə evlərin, bank hesablarının soyulmasının da şahidi olmuşuq. Zərərli informasiyanın, internetdən gələn fəsadları saymaqla bitməz. Çox təəssüf ki, bu təhlükə Azərbaycanda da mövcuddur. Bu baxımdan hesab edirəm ki, qanuna ehtiyac var. Avropada bu səpkidə qanunlar çoxdan işləyir. Orada məktəblərdə və valideynin istəyi ilə telekommunikasiya operatoru ilə xüsusi müqavilələr bağlanır. Bu zaman uşağın internetə girişi məhdudlaşdırılır. Yəni valideyn özü seçir ki, övladı hansı saytlara girə bilsin”.

S.Əvəzqızı qanunun nə qədər effektli olacağının sual altında olduğunu deyib: "Məsələn, evdə valideyn telekommunikasiya operatoru ilə müqavilə bağlaya bilər, bəs internet klublarında vəziyyət necə olacaq? Burada kim müəyyənləşdirəcək ki, uşaqlar harada otursun və hansı saytlara baxa bilsin. İstəklər individual olur. İnternet klub sahibinin istəkləri, zövqü ilə valideyninki üst-üstə düşməyə də bilər. Bundan başqa, uşaqları informasiya ilə zəhərləməyə çalışanlar, eyni zamanda bir çox əngəlləri aradan qaldıracaq xüsusi proqramlar da yayırlar. Baxırsan ki, balaca uşaqdır, amma xüsusi proqramla qonşunun WF parolunu, bir çox şifrəni sındıra bilir. Qanunda bu kimi məsələlərin qarşısını almaq kimi xüsusi bənd nəzərdə tutulurmu? Bundan başqa, məhdudiyyətlərin çoxluğu uşaqların inkişafına zərər edə bilərmi? Biz texnika əsrində yaşayırıq. Məhdudiyyət adı altında uşaqlarımızı geri də sala bilərik. Bu məsələləri incəliyinə qədər hesablamaq lazımdır.

Bir sözlə, açıq qalan xeyli sual var. Bunlar həll edilərsə, qanunun müsbət nəticələrini görə bilərik”.
"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyevin sözlərinə görə, "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı və çox güman qəbul olunacaq. Amma qanunun icra mexanizmi necə olacaq? Məsələ burda yenə də düyünə düşəcək. 

Hər halda bu da mümkün deyil, amma deyək ki, uşaqların internetdə müəyyən saytlara girişinə məhdudiyyət qoyuldu. Yaxşı, bəs televizor, kompüter və digər texnoloji avadanlıqlardan uşaqlarımızın istifadəsinin qarşısını necə alacağıq? Bu gün efirlərdə verilən bəzi proqramlar zərərli informasiya deyilmi? Biz informasiya deyəndə yalnız sosial mediadan aldığımız informasiyaları nəzərdə tutmamalıyıq. Bizi əhatə edən aləmdə gözümüzə nə dəyirsə, qulağımız nəyi eşirdirsə, onlar hamısı informasiyadır.

Baş redaktorun sözlərinə görə, bu informasiyaların sağlamlığı və ya zərərliliyini müəyyənləşdirmək üçün də ilk növbədə təfəkkür dəyişməlidir: "Qanunların bu məsələdə köklü dəyişikliklər edəcəyini düşünmürəm. Bəli, ola bilsin, hansısa inzibati resursların köməyi ilə və yaxud da internet klubların qarşısına nə isə yazmaqla bir addım irəli getmək olar. Amma bu tədbirlər uşaqları zərərli informasiyalardan qoruyacağı anlamına gəlməməlidir.

İlk növbədə uşaqlara vaxt ayrılmalıdır. Onların virtual aləmdə necə vaxt keçirməsinə qadağa qoymaq yox, necə istifadə etmələri təlqin olunmalıdır. Etiraf edək ki, hazırkı reallıqda uşaqlar sərhədsiz və nəzarətsiz virtual dünyaya daha çox maraq göstərir, nəinki təhsilə.

Gözləmək və mümkün qədər kiçik yaşlı uşaqları internetə çıxışı olan ağıllı telefonlardan uzaq tutmaq, evdə onların yanında kompüter və televizorda milli-mənəvi dəyərlərə yad hər nə varsa baxmaqdan imtina etməli və ən nəhayət, zərərli hesab etdiyimiz əlimiz çatan hər nə varsa, ona filtr qoymalıyıq”.

(Davamı olacaq...)
Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-10-24
2018-10-23