2018-06-13 11:39:25   |   450 dəfə oxunub

Milli Elmlər Akademiyası bakalavrlar hazırlayacaq

Nizami Cəfərov: “Buna ehtiyac olduğunu düşünürəm”



Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bakalavriat səviyyəsi üzrə təhsil təşkil etmək fikrindədir. AMEA-nın magistraturasında 2017-2018-ci tədris ili üçün ixtisasların və qəbul yerlərinin sayının artırıldığını qeyd edən Akademiyanın prezidenti Akif Əlizadə AMEA-da bakalavr səviyyəsi üzrə təhsilin təşkil edilməsi ilə bağlı təşəbbüs irəli sürüb.

Təhsil naziri Ceyhun Bayramov isə onun açıqlamasına müsbət yanaşıb. Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə tədqiqat universitetinin yaradılması üçün işlərə başlanıldığını deyib.


Millət vəkili, akademik Nizami Cəfərov isə "Şərq”ə açıqlamasında qeyd edib ki, AMEA-da bakalavr səviyyəsi üzrə təhsilin təşkil edilməsi AMEA-nın prezidenti Akif Əlizadənin təşəbbüsü olsa da, bu təklif artıq geniş miqyas alıb. AMEA-nın seçki hesabat yığıncağının qərarında da bu məsələ öz əksini tapıb. Akademiyanın bütün üzvləri də bu təşəbbüsü alqışlayıblar.

N.Cəfərovun fikrincə, Milli Elmlər Akademiyasının çox böyük imkanları var ki, təhsil, elmi tədqiqat sahələrini yüngülləşdirsin: 

"Ta əvvəldən Akademiyada doktorantura təhsili olub, bir neçə il əvvəl də magistratura təhsilini əlavə elədilər. Ötən bu müddət ərzində əldə olunan nailiyyətlər göstərir ki, Akademiya bu vəzifənin öhdəsdindən yüksək səviyyədə gəldi. 

Bakalavr təhsilində də AMEA-nın uğur əldə edəcəyinə inanıram və buna ehtiyac olduğunu düşünürəm. Onsuz da Elmlər Akademiyasının görkəmli alimlərinin mütləq əksəriyyəti bizim universitetlərimizdə dərs deyirlər. Niyə də AMEA öz potensialından istifadə edib, digər universitetlərlə rəqabətdə heç vaxt uduzmayacaq bir təhsil təcrübəsi təqdim etmək imkanını sübut etməsin? Hesab edirəm ki, AMEA-da bakalavr səviyyəsi üzrə təhsilin təşkil edilməsi dövlətin elm və təhsil siyasətinə də uyğundur”.
Millət vəkilinin sözlərinə görə, təşəbbüs reallaşacağı təqdirdə Akademiyada ixtisaslaşmaya daha çox yer ayrılacaq: " Digər universitetlərdəki bütün ixtisasların Akademiyada da tədris olunacağını indidən güman etmək çətindir. Bu çətinlik də məhz texniki baxımdandır, yoxsa ki təhsil vermək baxımdan elə bir çətinlik yoxdur. Amma ilk illərdə AMEA-da tədris olunan ixtisasların sayı müəyyən qədər az olsa da, EA bütün ixtisasları əhatə etmək imkanına sahibdir. Ancaq bu hələlik imkandır. İlk növbədə ən gərəkli ixtisasların tədrisinə başlanılacaq və tədrisin əhatəsi genişləndiriləcək”.

Şəymən







SON XƏBƏRLƏR

2018-10-24
2018-10-23