2018-06-13 12:49:48   |   330 dəfə oxunub

Nəzarətsizlik...

Kamran Əsədov: “94 özəl uşaq bağçasının 20-si lisenziya alıb”

Vüqar Bayramov: “Uşaq bağçaları daxil olmaqla bütün təhsil müəssisələrində ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var”




Uşaq bağçalarında körpələrin döyülməsi, tərbiyəçilərin uşaqlarla kobud rəftarı barədə tez-tez sosial mediada xəbərlər, video materiallar yayımlanır. Övladlarını bağçalara verməyə məcbur qalan valideynlər isə bu kimi xoşagəlməz hallardan xilas olmaq üçün müxtəlif çıxış yolları axtarırlar. Həmin çarələrdən biri kimi də dövlət hesabına deyil, özəl bağçalara üstünlük verirlər. Ümid edirlər ki, özəl bağçalara etibar etsələr, övladlarının təhlükəsizliyini təmin etmiş olarlar.

Amma "Kids Studio Uşaq Mərkəzi”ndə baş vermiş qanunsuzluq onların bu ümidlərini də puç elədi. Sosial şəbəkələrdə adı çəkilən bağçada uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının əks olunduğu videogörüntülər yayılıb. Bundan sonra müvafiq qurumlar bağçanın fəaliyyəti ilə bağlı araşdırma başlayıb. Qalmaqallı bağça isə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bu barədə bağça tərbiyəçilərindən biri məlumat verib: "Bu gün bağçaya uşaq gəlməyib. Fəaliyyətimizi dayandırmışıq. Valideynlərə də məlumat verilib. Hazırda bağçada yalnız işçilər var. Sənədləşmə işləri aparılır. Videoda olan müəllimə artıq işdən çıxarılıb”. 

Tərbiyəçi bildirib ki, valideynlərin qalan pulları ödəniləcək: "Hazırda təhvil-təslim işləri aparılır. Hansı uşağın vaxtı bitməyibsə, onun valideyninə pulu qaytarılacaq”.Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyindən bildirilib ki, adları çəkilən qurumlar tərəfindən "Kids Studio Uşaq Mərkəzi”nə lisenziya verilməyib.

Millət vəkili Jalə Əliyeva "Kids Studio Uşaq Mərkəzi”də baş verən olaydan ciddi narahatlıq keçirdiyini bildirib. Məlum kadrlara həyəcansız baxmağın mümkün olmadığını deyən millət vəkili uşaqlara qarşı zorakılığı yolverilməz və qəbuledilməz bir hadisə kimi dəyərləndirib: "Adam baxdıqca dəhşətə gəlir. Bu, insanlıqdan kənar bir haldır. Mən bir insan, bir ana kimi kimsənin döyülməsinin, təhqir edilməsinin, incidilməsinin tərəfdarı deyiləm. 

Amma uşaqlara, körpələrə qarşı belə davranış ümumiyyətlə, qəbuledilməzdir.Uşağa da, körpəyə də əl qaldırmaq, onu incitmək, döymək olarmı? Axı, sənin əlin necə gəlir, necə qalxır körpəni, uşağı döyməyə, incitmyə? Sənə kim bu haqqı verib? Bunu edən və edənlər insandırmı? Biz hansı zəmanədə yaşayırıq? Ona görə hesab edirəm ki, bu məsələ tezliklə ciddi şəkildə araşdırılmalı və təqsirkarlar cəzalandırılmalıdır. Cəzalandırılmalıdır ki, başqalarına da dərs, ibrət olsun”.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda Vergilər Nazirliyində qeydiyyatdan keçmiş 94 özəl uşaq bağçası fəaliyyət göstərir. Bu bağçaların isə cəmi 20-si lisenziya alıb: "Bu da könüllülük prinsipləri əsasında. Lisenziya almaq üçün 1600 manatadək vəsait ödənişi tələb edilir. Bilirik ki, bəzən lisenziya verilməsində şəffaflıq təmin edilmir. 

Amma konkret olaraq lisenziya verilməsi üçün tələb olunan şərtlər olduqca ağırdır və bu, biznes maraqlarına ziddir. Ümumilikdə istənilən hüquqi və fiziki şəxs vergi qeydiyyatından keçərək, bağça və digər xidmət sahəsində fəaliyyət göstərə bilər. Bu gün heç bir qurum yaxasını kənara çəkməsin ki, "biz lisenziya verməmişik”, yaxud "bağçanın fəaliyyətindən xəbərsiz idik”.

K.Əsədovun fikrincə, ölkədə hər hansı hadisə baş verən kimi aidiyyatı qurumlar müəssisənin qeydiyyatsız fəaliyyət göstərdiyini əsas gətirirlər. Halbuki ölkə qanunvericiliyinə görə, vergi ödəyicisi kimi qeydiyyatdan keçən fiziki və hüquqi şəxsə xidmət göstərmək hüququ verilir. Lisenziyadan keçib, ya da keçməmək həmin bağçanın fəaliyyət göstərib-göstərməməsinə hüquqi zəmin yaratmır. Lisenziyadan keçmək könüllülük prinsipi əsasında baş verə bilər. 

Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına görə, Azərbaycan dövləti sahibkarlığı dəstəkləyir və heç kimin fəaliyyət sahəsinə məhdudiyyət tətbiq edilə bilməz. Ona lisenziyanın verilib-verilməməsi qanun pozuntusu sayılmır. Bu baxımdan kimlərsə "Kids studio” bağçası lisenziyasız fəaliyyət göstərirdi” deməklə məsuliyyəti üzərindən atmasın”.

Ekspert hesab edir ki, hansısa bağçada bu kimi fakt olan kimi, bağçanı bağlamaq çıxış yolu deyil. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132-ci maddəsində bu kimi zorakılığa qarşı cəza tədbirləri nəzərdə tutulub. Biz isə qanunları kənara qoyub, məsələni icitmai qınağa çeviririk: "Bu halı törədən şəxs birbaşa özü məsuliyyət daşımalıdır. 

Qanunvericilikdə bunun üçün cərimə cəzası, islah işləri, ən son anda onun işdən çıxarılaraq həbs edilməsi nəzərdə tutulub”.

İqtisadçı-ekspert də məsələyə reaksiya verib. Vüqar Bayramovun fikrincə, "Kids Studio”da baş verənlər bir sıra vacib məqamları yenidən gündəmə gətirib. Onun sözlərinə görə, bağça əməkdaşının azyaşlı uşağa qarşı aqressiv davranışı vandalizm ilə müqayisə gələcək bir hadisə olsa da, biz indi onu müzakirə etməyəcəyik: "Güman edirəm ki, hüquq-mühafizə orqanları həmin bağçada uşaqlara qarşı daha hansı aqressiyanın olub-olmamasını araşdıracaqlar”.

Ekspert hesab edir ki, məsələnin institutsional tərəfləri var. Əvvəlla, necə olub ki, müxtəlif tanıtım kampaniyaları keçirən, böyük auditoriya yığmağa çalışan və hətta Avropa mədəniyyətindən xəbərsiz olsalar belə İspan günləri təşkil edib yayımlayan bağçanın lisenziyasız fəaliyyət göstərdiyini heç bir icra qurumu bilməyib? Lisenziyasız fəaliyyət göstərmək büdcəyə ödənişlərdən yayınmaqla yanaşı, qeyri-leqal dövriyyəyə malik olmaq deməkdir. Buna rəğmən, qəribə olsa da, bu yarı işıqlı uşaq bağçasının qanunsuz fəaliyyət göstərməsi ilə heç bir icra qurumu maraqlanmayıb: "İkincisi, özəl uşaq bağçaları daxil olmaqda digər təhsil müəssisələrinin fəaliyyətində institutsional dəyişkliyə ehtiyac var. Uşaq bağçaları məktəbəqədər tərbiyə müəssisəsidir və mülkiyyət növündən asılı olmayaraq onların yerli icra hakimiyyəti orqanlarına deyil, Təhsil Nazirliyinə tabe olmasına ehtiyac var. 

Praktika göstərdi ki, uşaq bağçalarının yerli icra hakimiyyətinin nəzarətində olması səmərəli deyil. Üçüncüsü, uşaq bağçaları daxil olmaqla bütün təhsil müəssisələrində ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Özəl müəssisə olmaq istədiyi prinsipləri tətbiq etmək anlamına gəlməməlidir - xüsusən də təhsil müəssisələrində. Buna görə də, həmin müəssisələrin fəaliyyəti ilə bağlı konkret standartların hazırlanıb tətbiq olunması və onların icrasına nəzarətin gücləndirilməsi vacibdir”.

Şəymən







SON XƏBƏRLƏR

2018-08-16
2018-08-15