2018-06-13 17:32:24   |   332 dəfə oxunub

Bayıldakı sürüşmə ilə bağlı hesabat Nazirlər Kabinetinə göndəriləcək



Bayıl yamacının sağ tərəfində, Teleqüllənin yaxınlığındakı ərazidə baş verən sürüşmənin səbəblərinin öyrənilməsi üçün aparılan tədqiqatların nəticələri ilə bağlı hesabat artıq hazırdır.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib: "Bayıl yamacında baş verən sürüşmə ilə bağlı aparılan işlər nəticəsində yekun hesabat hazırlanıb. Prosesin baş vermə səbəbləri, nəticələri, ərazinin geoloji quruluşu haqqında lazımi məlumatlar hesabat şəklində toplanıb. Hazırda hesabatın Nazirlər Kabinetinə təqdim edilməsi üçün texniki hissələri hazırlanır”.

R.Həsənov bildirib ki, araşdırma zamanı sürüşməyə təbii və texnogen amillərin səbəb olduğu məlum olub: "Bu amillər içərisində atmosfer yağıntıları, yamacın özünün geologiyasını təşkil edən suxurların etologiyasının tərkibi də daxildir. Burada əsasən böyük qalınlıqda qum laylarının yatması səbəb kimi göstərilir. Hətta qum layının qalınlığı 20-25 metrə qədər çatır. Texnogen amillər kimi yamacın şaquli kəsilməsi, müxtəlif məqsədlər üçün tikintilərin aparılması, orada suvarma kanalizasiya sistemlərinin birbaşa yamaca axıdılması nəticəsində də bu proses baş verib. Əlavə tədbirlər kimi tövsiyələr və gələcəkdə yamacın hansı təyinatlar üzrə istifadəsi haqqında tədbirlər də hesabatda öz əksini tapıb”.

Qurum rəsmisi qeyd edib ki, Teleqüllə istiqamətində dayanıqlı süxurlar var. Ona görə də orada sürüşmə prosesinin baş verməsi praktiki olaraq mümkün deyil: "Amma Suraxanı rayonunun Zığ qəsəbəsində, Masazır qəsəbəsinin Nübar, Zəli gölü yaşayış massivi ərazisində bu gün də sürüşmə prosesin dinamikasında aktivlik müşahidə olunur”.

Xatırladaq ki, bu il yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılıb.






SON XƏBƏRLƏR

2018-10-24
2018-10-23