2018-06-13 18:06:42   |   1858 dəfə oxunub

Sabiq XİN başçısı:"Ermənistanın gələcəyi şübhə altındadır" - Müsahibə




Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun "Sherg.az”a müsahibəsini təqdim edirik.



- Ermənistanın yeni baş naziri Nikol Paşinyanın dövlət proqramında yeniliklər edəcəyi, ölkənin siyasətini müəyyən qədər dəyişəcəyi ilə bağlı ümidlər var idi. Amma baş nazirin proqramı açıqlandıqdan sonra keçmiş prezident Serj Sarkisyanın strategiyasından fərqlənmədiyi ortaya çıxdı. Bu durum Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nə vəd edir?

- Bu məsələdə sadə məntiq var. Həm N.Paşinyan, həm də S.Sarkisyan rejiminin başlıca problemi Ermənistan-Azərbaycan konfliktidir. Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Ermənistanın inkişaf yollarını bağlayır. Tarix göstərir ki, rəhbərlər dəyişə bilərlər, siyasət dəyişməsə, düşmən ölkənin gələcəyi şübhə altındadır. Regional və beynəlxalq layihələrdən uzaq olması Ermənistanın inkişafını sual altına alan başlıca məqamlardandır. N.Paşinyanın keçmiş rəhbərlərin siyasətini davam etdirməsi, nəticənin də dəyişməyəcəyini sübut edir.

Təəssüf ki, Ermənistanda siyasi iradə göstərib, məsələni həll edəcək siyasətçilər yoxdur. İşğal olunmuş əraziləri azad edib, ədalətli sülhə nail olacaq şəxslər hələ formalaşmayıb. Bu siyasi iradə N.Paşinyanda da yoxdur. Ona görə, dəyişikliklər gözləmək düzgün olmaz.

- Ekspertlər Ermənistanda hakimiyyət böhranının davam etdiyini, Qarabağ klanı ilə yeni rəhbərlik arasında zidiyyətlər olduğunu iddia edirlər...

- Qarabağ klanı Ermənistanda hakimiyyətdən getsə də, bu qruplaşmanın nümayəndələri hələ də müxtəlif vəzifələrdə təmsil olunurlar. N.Paşinyan hakimiyyətə gələndən sonra, Qarabağ klanı, qondarma Dağlıq Qarabağ Respublikasının "rəhbərliyi” ilə yeni hökumət arasında ixtilaflar başladı. 20 ildir zorla hakimiyyəti zəbt edən Qarabağ klanı, Ermənistan ziyalıları və cəmiyyəti "gəlmələri” qəbul etmirdilər. Ermənistanda və işğal edilmiş Dağlıq Qarabağda etirazların baş qaldırmasının səbəblərindən biri də bu idi. Qarşıdurmanın nəticələri barədə öncədən fikir bildirmək çətindir. Paşinyanın hakimiyyəti əldə etməsi hələ prosesin yarısıdır. Əsas məqsəd odur ki, Qarabağ klanının qalan üzvləri ikinci dərəcəli vəzifələrdən təmizlənsin. Bu prosesə artıq başlanılıb.

- ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün İrəvanda səfərdədirlər. Siyasətçilər həmsədrlərin təkliflərinin Ermənistanın mövqeyinə uyğun olmadığını, bu səbəbdən rəsmi İrəvanın danışıqlardan qaçmağa çalışdığı fikrini irəli sürüblər. Əgər Minsk qrupu və Paşinyan rejimi arasında anlaşılmazlıq varsa, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı dəyişikliklər ola bilərmi?

- N.Paşinyan və onun komandası danışıqlara hazır deyil. Amma Minsk qrupunun da səhvləri çoxdur. Vasitəçilər elə təkliflər irəli sürürlər ki, Ermənistanın məsələni uzatmaq üçün imkanı yaranır. Görün, danışıqlar hansı səviyyədədir?! Hələlik, ideyalar, fikirlər müzakirə olunur. Ermənilərlə hansısa eyni fikrə gələ bilsək, sonrakı proses versiyaların sazişlərə çevrilməsidir. Sazişlərin qəbulundan sonra isə onların icrası baş tutacaq. Bu illərlə davam edəcək məsələdir. Həmsədrlər də məhz bu yolu tutublar.

- Münaqişənin həlli istiqamətində Ermənistanın yeni rəhbərliyi ilə danışıqlar baş tutsa, illərdir gözlədiyimiz nəticənin əldə olunması mümkündürmü? 

- Danışıqlar sadəcə imitasiya xarakteri daşıyır. Söhbət reallıqdan gedirsə, ilk addım çox sadədir. Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş ərazilər azad edilməli, hərbi gərginlik azalmalıdır. Öz yurd yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər – təxminən 750-800 minə yaxın insan həmin ərazilərə qaytarılsın. Yalnız bundan sonra danışıqlar başlayıb, bəzi məsələlər müzakirə edilə bilər. Dağlıq Qarabağın müqəddəratı necə təyin ediləcək ? Bununla bağlı danışıqlar aparılmalıdır. Amma ermənilər bunu istəmirlər, danışıqlar isə getdikcə uzanır. İllərdir, heç bir irəliləyiş olmadığına görə, bundan sonra da müzakirələrin hansısa nəticəyə gətirib çıxaracağı sual altındadır. Tək ermənilərin deyil, həmsədrlərin siyasəti də münaqişənin həllinin uzanmasına imkan yaradır.


Söhbətləşdi: Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-24