2018-06-14 15:02:09   |   1963 dəfə oxunub

İşıqlı adam...

Elçibəy yaşadığımız Azərbaycanda elə bir iz qoyub ki, bu iz həmişə yaşayacaq




Vətənini və millətini təmənnasız sevən Milli Azadlıq Hərəkatının liderlərindən biri, böyük demokrat Əbülfəz Elçibəyin doğulmasından 80 il ötür. Zaman bizi Elçibəydən uzaqlaşdırdıqca, onu daha yaxşı təhlil edə bilirik. Elçibəy uzaqgörənliyi, qorxmazlığı, səmimiyyəti, xarizmatikliyi, dürüstlüyü, yaltaqlara, saxtakarlara, rüşvətxorlara, talançılara nifrəti ilə seçilən inqilabçı idi. Onun ən böyük xüsusiyyəti özünəməxsus olan demokratlığı idi. Elçibəy adı və liderlik keyfiyyətləri ilə əsl xalq adamı olduğunu nümayiş etdirirdi. O, islam və şərq əxlaq sisteminin böyük bir hissəsini mənimsəmişdi, cəmiyyətdə və siyasətdə bu əxlaqi dəyərlərə əsaslanırdı.

Qəribə adam...

Müasir Azərbaycan poeziyasının dəyərli nümayəndəsi Rüstəm Behrudi dahi şəxsiyyətə həsr elədiyi "Qəribə adam” şeirində sanki Elçibəyin iç dünyasını, onun özünəməxsus xarakterini bütün incəliyi ilə əks etdirib:

Bu qəribə adamdı
Oxşarı yox heç kimə
əli, saçı,gözləri,
dil açıb danışanda
dilində çiçək açan
dəli-dəli sözləri-
nə qəribə adamdı.

Nə qəribə adamdı
deyirəm, yer fırlanır.

Pıçıldayır astadan:
yurd yerində binəmiz
yox olub çadır-çadır.
Yəqin mənim göz yaşım
axıb yeri fırladır.

Nə qəribə adamdı
deyirəm, külək əsir,
yaxın dur bu ocağa,
gəl qoruyaq bu odu.
Pıçıldayır astadan:
bu əsən külək deyil,
yurd boyunca dolaşan
Xətainin ruhudu.

Bu adam nə qəribə,
nə qəribə adamdı!

Nə qəribə adamdı-
bu adamın sevinci,
bu adamın dərdi də
tamam özgə biçimdə.
Bu qəribə adamdı
mənə elə gəlir ki,
bu adam ölən günü
özü qazıb qəbrini
basdıracaq özünü
ürəyinin içində!



Millətini sevən dahi şəxsiyyət...

Elçibəyi həmişə bir şey düşündürüb - Azərbaycan və Azərbaycanın gələcəyi. O, bu yolda sonuna kimi vuruşmuşdu və heç vaxt əqidəsindən dönməmişdi. İstər dissidentlik dövründə, istərsə də hərəkat və prezidentlik dövründə xalqın gələcəyini düşünərək siyasət yeridirdi. Elçibəy istəyirdi ki, dünyada haqq-ədalət bərpa olunsun, ona görə bütün diktatorları lənətləyirdi. Elçibəyin idarə etməsində humanizm prinsipləri üstünlük təşkil edirdi. Bəzən onu həddindən artıq humanist siyasətçi olaraq qeyd edirlər, amma o, yeri gələndə sərt də olurdu. O, bir lider olaraq siyasi və ideoloji mübarizəsində səmimi idi, xalqa yalan danışmırdı, milyonların eşitmək istədiyi sözləri deyirdi. Millətə sevgisi o qədər böyük idi ki, bir il əvvəl onu əllərinin üstündə, böyük şövqlə hakimiyyətə gətirən xalqın bir il sonra hakimiyyətdən getməsini susqunluqla qarşılamasına görə heç vaxt inciklik nümayiş etdirmədi. O, xainləri cəzalandırmaq əvəzinə, onları islah etmək yolu tuturdu. Bəziləri bunu zəiflik hesab edir, lakin Elçibəy bununla millətinə məhəbbətini nümayiş etdirirdi.

Elçibəyin bir də böyük bacarığı insanların birliyini, bütövlüyünü təmin etməyi bacarması idi. 1988-1993-cü illərdə istiqlalçı və demokratiya tərəfdarlarını bir yerə yığmağı bacardı. 1997-ci ildə Bakıya gələndə demokrat və müxalif qüvvələri arxasınca aparmağı bacardı. Amma ən böyük arzusu olan Azərbaycanı bütövləşdirməyə, demokratiyanı bərqərar etməyə, Azərbaycanı firavanlaşdırmağa fani həyat imkan vermədi.

Elçibəy demokratik yolla seçilmiş ilk dövlət başçısı idi. Məhz onu seçməkdən ötrü seçki məntəqələrinə getmiş milyonlarla vətəndaş sevərək getmişdi. Bu sevgi Elçibəyin milləti sevməsindən qaynaqlanırdı. Sıravi Azərbaycan vətəndaşı ürəkdən inanırdı ki, onun seçdiyi prezident Elçibəyin şəxsi həyatı onunkundan heç nəylə fərqlənməyəcək. O arxayındı ki, Elçibəy millətin sərvətlərini öz qohum-qardaşının malına çevirməyəcək, milyonlarla rüşvət yığmayacaq, ona yalan söyləməyəcək, onun ailəsini çörəyə möhtac qoymayacaq, onunla heç vaxt barmaq hədəsiylə danışmayacaq, onu haqsız zindana saldırmayacaq, Azərbaycan torpaqlarını qaytaracaq, millətimizin, dövlətimizin mənafeyini hər zaman uca tutacaq. Millətin inamını addımbaşı görən, səmimiyyətini duyan prezident Əbülfəz Elçibəy özünü millətin əsgəri saydı. Ömrünü soydaşlarının azadlığı uğrunda mübarizəyə həsr etmiş Elçibəy prezident olarkən onların hüquqlarını məhdudlaşdırmağı gətirmədi. Buna görə də o, hər kəsin sərbəstliyini istədi ki, azad insanların idarə etdiyi dövlət güclənsin, onun vətəndaşları da azad, müstəqil olsun.

Siyasətə əxlaq normalarını gətirən lider...

Bütövlükdə Elçibəyin Azərbaycan cəmiyyətinə gətirdiyi dəyər əxlaqi dəyərdir. Müasir dövrdə dünya siyasətində islam-şərq əxlaq sisteminin prinsiplərindən istifadə edən siyasi liderlər azdır. Elçibəy dövləti idarə etmək üçün şərq fəlsəfəsində mövcud olan bəzi əxlaq kateqoriyalarını siyasətə gətirdi. Müasir demokratlardan fərqli olaraq siyasətə əxlaq və demokratiya prizmasından baxmağa başladı. Bu, müasir dünya siyasətində yenilik idi. Elçibəy universal fəlsəfi-siyasi düşüncəyə malik bir şəxsiyyət idi. Onun siyasi lider olaraq hərəkətlərindəki yumşaqlıq şərq fəlsəfəsinin əxlaqi dəyərlərindən doğurdu, ümumilikdə isə sistemdəki yumşaqlıq özünün dediyi kimi, siyasi sistemin demokratik siyasi rejimə hazır olmaması ilə ifadə olunmalıdır.

Ə.Elçibəy böyük ideyaların daşıyıcısı və aparıcı lideri idi. O, türk dövlətlərinin, ilk növbədə isə ikiyə parçalanmış Azərbaycanın birləşməsini istəyirdi. Bu onun ən böyük arzusu idi. Elçibəy deyirdi ki, Turanın yolu Azərbaycanın birləşməsindən keçir. Əbülfəz bəy həmişə bu ideyanı müdafiə etmiş, son gününə kimi bu ideyadan dönməmişdi. Elçibəy prezidentlik dövründə də bu ideyaların reallaşmasına çalışırdı və dünyanın super gücləri bundan qıcıqlanmışdı. Sadaladığımız bütün bu xüsusiyyətlər Elçibəyin dahiyanə bir şəxs olmasının sübutudur.

Elçibəy bütün insani dəyərlərə yüksək qiymət verirdi. Onun dini-fəlsəfi, siyasi, ideoloji fikirləri insanpərvərliyi təcəssüm etdirirdi. Əbülfəz bəy millətçi idi, amma fərqli bir millətçi. Onun millətçiliyi şovinizm, ifrat millətçilik və faşizmdən uzaq millətçilik idi. O, haqq millətçisi idi, onun millətçiliyi torpaqların bütövlüyü, bütün bu torpaqda yaşayan insanların rahat, milli birlik, "hər şey Azərbaycan üçün” devizinə əsaslanırdı.

Elçibəy elmli bir millət düşünürdü, haqq carçısı idi və sonuna kimi də haqq yolu ilə gedirdi. Öz soydaşlarına qarşı nə qədər humanist idisə, düşmənləriylə bir o qədər sərt, ötkəm və barışmazdı. O, şəxsən özünə qəsd etməyə çalışmış sıravi yurddaşlarını bağışlayırdı, ancaq millətinin övladlarına güllə atmışlara qarşı amansız idi. Millətinin iki əsrlik arzularını həyata keçirən Elçibəy Rusiya kimi bir imperiyanın 70 minlik ordusunu Azərbaycan torpağından çıxarmağa nail oldu. Bu yolda prezident kürsüsünü itirəcəyini bilsə də, bundan qayğılanmadı. Gecə-gündüz millətimizin varlanması, dövlətimizin güclənməsi, Azərbaycanın dünya dövlətləri içərisində özünəlayiq yer tutması uğrunda çalışdı.

Elçibəy dinimizin və dilimizin də şərəfini ucalıqlara qaldırdı - o, islam bayramlarına həyat verdi və indiyədək Azərbaycanın danışan dilini "kəsən” Rusiyanın prezidentiylə türkcə danışdı, Helsinki zirvə toplantısında bütün dünya prezidentlərinin qarşısında türkcə nitq söylədi. Türkcənin BMT-nin işlək dillərindən birinə çevrilməsi uğrunda mübarizə apardı.

Gözəl qəlbə malik insan...

Tarixçi-alim Dilavər Əzimli Elçibəyin onun üçün hər zaman əziz və doğma bir insan olduğunu deyir: 

"Əbülfəz bəyin çalışdığı universiteti bitirmişəm, onun əhval-ruhiyyəsini, təsirini hiss eləmişəm, bəzən də onunla saatlarla söhbətlərdə iştirak eləmişəm. Elçibəylə bağlı xatirələrimi saymaqla bitməz. Amma onun siyasi baxışlarına baxanda görürəm ki, doğrudan da nəhəng insanla bir dövrdə yaşamışam. Rəhmətlik Ziya Bünyadov Elçibəyin elmi rəhbəri idi. Z.Bünyadov Elçibəy haqqında belə bir ifadə işlətmişdi- "əgər siyasi proseslərə qoşulmasaydı, dünyanın ən böyük tarixçisi olardı”. O bu sözü elə-belə demirdi, doğrudan da əgər Elçibəy tarixçi olsaydı, Azərbaycanın qədim və orta əsrlər tarixinə aid fundamental əsərlər ortaya qoya bilərdi, o bunları tam şəkildə həll etməyə qadir bir tarixçi idi.
Elçibəyi hind tarixinin mahir bilicisi, yaxşı şeirlər yazan ustad, filosof, şərq-qərb fəlsəfəsini bilən bir insan kimi tanıyıram. O, bütün dinləri, həmçinin islam dinini çox güclü bilirdi, yanaşma tərzi olduqca obyektiv idi. Elçibəy İbn Sinanı, Birunini, Fərabini, Bəhmənyarı gözəl bilən, qərb fəlsəfəsinə bələd olan, vətənini həddindən artıq sevən, bütöv Azərbaycan qurmaq istəyən bir insan idi. Elçibəy yaşadığımız Azərbaycanda elə bir iz qoyub ki, bu iz həmişə yaşayacaq. O həmçinin Kür-Araz, Azərbaycan, Turan, Şumer, Misir, Çin, Hindistan, Yunan-Roma sivilizasiyalarını bir-bir öyrənib və təqdim edib”.

D.Əzimlinin sözlərinə görə, Elçibəy böyük bir siyasətçi kimi istənilən siyasi proseslərdən qalib çıxırdı: 

"Hesab edirəm ki, Əbülfəz bəy 20-ci əsrin sonunda Allahın bizə verdiyi nadir simalardan biri idi. Bütün ömrü müstəqil Azərbaycan uğrunda mübarizədə keçdi. Hər zaman obyektiv şəkildə deyirəm ki, istər M.Ə.Rəsulzadə, istərsə Elçibəy yaradıcılığı fundamental şəkildə araşdırılmalıdır. Çünki bu bizim gəncliyə lazımdır. Elçibəy xəttini tədqiq eləmək lazımdır ki, gələcək nəsillər bu xətti aparsınlar. Bu xətt böyük dövlətçilik xəttidir.

Elçibəy həm də gözəl qəlbə malik bir insan idi. Onun haqqında məhkəmə materiallarına baxıram. Hakim Əlyazmalar İnstitutunun 2 nəfər işçisinə yalan danışdıqları üçün irad tutur və deyir ki, "Cinayət işinə cəlb olunacaqsız. Çünki sizin dediklərinizdə böhtan var”. Bu zaman Elçibəy həmin işçilərə qahmar çıxır və "Cənab hakim, xahiş edirəm onlara verəcəyiniz həbs illərini mənim ilimə artırın. Onların günahı yoxdur, bir günahkar var, mübarizə aparan mənəm və onlar da mənim güdazıma gediblər”-deyir. Belə insanlara mən bir ad verə bilərəm - yerə enmiş "mələklər”. Elçibəy kimi şəxsiyyətlər hər zaman bir işıq kimi yanırlar, aramızda olmasalar da, heç vaxt ölmürlər. Səməndər quşu da həmişə odun başına fırlanar, özünü oda atar, amma yanmaz…”

Oğlum himni oxuyan kimi Elçibəy ayağa qalxırdı...

Elçibəy dövründə Ali Məhkəmənin sədri olmuş millət vəkili Tahir Kərimli bildirir ki, dahi şəxsiyyətin 80 illik yubileyi ilə bağlı tədbirlərin görülməsi olduqca sevindiricidir: "Elçibəylə hakimiyyətdən qabaq tanışlıq fürsətimiz olub, birgə günlər keçirmişik, duz-çörək kəsmişik. Elçibəyə hədsiz dərəcədə inanmışam, onun vahid Azərbaycan ideyaları çox cəlbedici idi. Heç bir tərəddüd etmədən onun rəhbərliyi ilə mübarizəyə qalxdıq və dövlət müstəqilliyi əldə elədik, Azərbaycanda ilk dəfə milli hakimiyyəti qurduq.

1990-cı ildə Elçibəy İsmayıllıda olanda arabir bizə də gəlib qalırdı. Onunla bağlı yaddaqalan xatirə budur ki, biz süfrə arxasında çörək yeyən zaman 7 yaşlı oğlum Azərbaycan himnini oxuyurdu və himni oxuyan kimi Elçibəy ayağa qalxırdı. Sonra uşağa deyirdik ki, "himni yenidən oxu”(gülür). Bu, Elçibəylə bağlı duyğulu və yaddaqalan xatirəmdir. 

Təəssüf edirəm ki, milli hakimiyyəti saxlaya bilmədik, ancaq Azərbaycan dövlət müstəqilliyinə qovuşdu və xalqımız səfərbər oldu”.

Elçibəy haqqında onu tanıyanların yazdığı məqalələr, verdiyi müsahibələr, emosional yazılar, kitablar var. Amma xalqını sevən, millətinə bağlı olan dahi şəxsiyyətlərimizlə bağlı daim araşdırmalar aparılmalı və ictimaiyyətə çatdırılmalıdır. İndiyədək Ə.Elçibəy haqqında onun silahdaşlarının - Oqtay Məmmədov, professor Kamil Vəli Nərimanoğlu, Fazil Qəzənfəroğlu, Akın Səmədoğlu və başqalarının kitabları işıq üzü görüb. Azərbaycan oxucusu Elçibəyşünas kimi məhz Ədalət Tahirzadəni tanıyır. Onun əsərləri həm tutumuna, həm də əhatə etdiyi dövrə görə daha genişdir. Elçibəy həm öyrənilməli tarix məktəbi, həm də tarixi öyrədən ensiklopedik bilikli müəllimdir. Xalqımızın hər zaman bu məktəbi və müəllimi incəliklə öyrənməyə böyük ehtiyacı var.

Yeganə Bayramova

Yazı "Elçibəy-80" yazı müsabiqəsinə təqdim edilir.







SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24