2018-06-15 12:53:25   |   2548 dəfə oxunub

Bəy sevgisi...

Ömrünün sonuna qədər dəyişmədi, millətinin ruhu ilə yaşadı




Müdriklərdən biri deyib ki, ciddi işlərdə insanlar necə görünmək lazımdırsa, elə görünürlər, xırda məsələlərdə isə necə varlarsa, elə. Qəribədir, haqqında söhbət açacağım bu şəxsiyyət isə ciddi işlərdə də, xırda məsələlərdə də necə vardırsa, eləcə görünüb, yəni olduğu kimi. O, yaşadığı 62 illik ömür yolunda nə əqidəsindən dönüb, nə ətrafındakılara qarşı münasibəti dəyişib, nə də kiməsə minnətçi düşüb. Bir sözlə, əsl türk kişisi kimi yaşayıb. Və o, gerçəkləşdirdiyi mühüm dövlətçilik məsələləri, öz xalqına olan təmənnasız sevgisi və xidmətləri ilə Azərbaycan xalqının beynində, qəlbində taxt qurmağı bacarıb. Bu şəxs Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan, eks-prezident Əbülfəz Elçibəydir.

Qısa arayış:

Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 1992-ci il 8 iyun tarixində Azərbaycanda ilk dəfə demokratik yolla prezident seçilib. 1993-cü ilin 4 iyununda Elçibəy iqtidarının apardığı müstəqillik siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək qaldırdığı qiyam nəticəsində hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə getdi və burada 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirdi. Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Azərbaycanın milli lideri, dünya türklərinin böyük oğlu Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə - 62 yaşındaykən qardaş Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşub.


















Adətən, tanınmış sima və ya liderlər iki kateqoriya üzrə dəyərləndirilirlər. Birinci kateqoriyaya millətin yük olaraq daşıdığı liderlər daxil edilir. İkinciyə isə öz mövcudluğu ilə millətin yükünü çəkməyi fərəh missiyası olaraq görən insanlar aid edilir. Əbülfəz Elçibəy də bütün fəaliyyət və xidmətləri ilə ikinci kateqoriyaya uyğun gələn liderlərdəndir. Onu dərindən tanıyanlar bildirirlər ki, Ə.Elçibəy öz masştabına görə, varlığında Azərbaycanı daşıyan, öz səmimiyyəti və mütərəqqi ideyaları ilə xalqı riqqətə gətirən şəxsiyyətlərdən olub. Bu cür şəxsiyyətlər haqqında ürəkdən gələn sözləri yazarkən geniş statistik və ya bioqrafik bilgilərə baş vurmağa qətiyyən ehtiyac duyulmur. Çünki o, xalqa xidmət yolunda cəmiyyətə hər zaman sağlam mesaj verən, fikirləri, görüşləri, davranışı və prinsipləri ilə qıtlığını yaşadığımız yetkin bir ziyalı modelini təqdim edən şəxsiyyət olub. Əqidə dostlarının fikirlərindən yola çıxaraq bu qənaətə gəlirəm ki, Ə.Elçibəy öz içində gizlənən bir siyasətçi və ya ziyalı olub. Ə.Elçibəyin bu xarakteri onun ictimai-siyasi fəaliyyətində, insanlara humanist yanaşmasında, demokratik düşüncələrində aydın müşahidə olunur. Onun soyuqqanlı, sakit, təmkinli rəftarları, taleyüklü siyasi qərarları verməzdən əvvəl çox ustalıq və ya dəqiqliklə ölçü-biçili işlər aparması Ə.Elçibəyin müdrikliyinin parlaq təzahürüdür. Ə.Elçibəy xalqın, dövlətin, dövlətçiliyin, humanizmin, demokratiya, intellekt və innovativ ideologiyaların havası ilə yoğrulan bir lider olub. Bu mənada onun fikirləri dünən də təzə olub, bu gün də təzədir. Bu təzəlik qurama, qondarma deyil, onun təbiətindəndi. Çünki əzəmət, işıq və yenilikçilik Ə.Elçibəyin mahiyyətini təşkil edir. 62 yaşında dünyasını dəyişən və bu il iyunun 24-də 80-ci ildönümü qeyd ediləcək bu lider Azərbaycan xalqının sərvətidir. Adamın heç inanmağı da gəlmir ki, Əbülfəz Elçibəyin 80 yaşı olur və o, bu yaşda dünyada yoxdur. Çünki o, həmişə cavandır və həmişəyaşardır.





















Belə bir tarixi yaşantı içində onun əqidə dostları, silahdaşları və AXC-Müsavat hakimiyyəti dönəmində önəmli postlar tutan şəxslərlə əlaqə saxlayıb, Ə.Elçibəylə bağlı maraqlı, düşündürücü, duyğusal xatirələrini bizimlə bölüşmələrini xahiş etdik.

Elçibəy Fazil Mustafadan zəng gözləyib, amma...

İlk olaraq elə Ə.Elçibəyi özünün müəllimi hesab edən, bəyin prezidentliyi dövründə Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində çalışan millət vəkili Fazil Mustafa ilə danışdıq:

"Elçibəylə ilk tanışlığım 1981-ci ilə təsadüf edir. Onunla 9-cu sinifdə oxuyanda tanış olmuşam. Bəyin qardaşıgilnən qohumluq əlaqələrimiz vardı. Qohumu söyləmişdi ki, Elçibəy Naxçıvana gələndə səni mütləq onununla görüşdürəcəm. Məktəbdə oxuyan zamanlar şeirlər yazırdım. Güney Azərbaycanla bağlı çoxlu şeirlərim vardı. Bəy Naxçıvana gələndə qohumum məni dəvət etdi, gedib bəylə görüşdüm. 2 saat söhbətimiz oldu. Şeir kitabçamı vərəqlədi və şeirlərimin çox xoşuna gəldiyini söyləyib dedi: "Sən mütləq universitetə daxil olmalısan. Mən də nə köməklik lazımdırsa, göstərəcəm”. Üstündən 5 il keçəndən sonra hərbi xidmətə yollandım. Daha sonra universitetə qəbul olundum. Yataqxanada qaldığım otaqda görüşəndə, o, həmin vaxtı xatırlatdı və məndən soruşdu: Mənə "niyə zəng vurmadın? "Mən artıq onda hüquq fakültəsində oxuyurdum. Dedim, yaxşı ki, zəng vurmadım. Zəng vursaydım, köməklik edərdiniz və mən də filologiya fakültəsinə daxil olacaqdım. Amma indi hüquqa qəbul olunmuşam. Belə bir maraqlı dialoqumuz olub. Bu epizodu həmişə xatırlayıram və heç zaman gözümün önündən getmir”.

Bəy Sərdar Cəlaloğlunun sualına elə tutarlı cavab verib ki...

Ayrı-ayrı partiyalarda təmsil olunsalar da, özünü Əbülfəz Elçibəyin və onun ideologiyasının davamçısı sayan, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Ə.Elçibəylə bağlı çox maraqlı siyasi xatirə ərz elədi. O qeyd etdi ki, Elçibəylə ilk tanışlığı 1987-ci ildə baş tutub:


"Həmin ildə Elçibəy Naxçıvana gəlmişdi. O vaxt Xalq Hərəkatı yox idi. Biz gizlin dərnəklər şəklində fəaliyyət göstərirdik. Elçibəy və bizim dərnəyin üzvləri dostlarımızın birinin evində görüşdük. Gecə saat 3-4-ə qədər oturduq. Sonra bəy mikrorayonda, qohumu gildə gecələməli idi. Onu yola salırdıq. Biz şəhərdən çıxıb piyada mikrorayona tərəf gedəndə, yolda aramızda belə bir söhbət oldu. Mən bəyə dedim ki, bəy, SSRİ-də proseslər sürətlənir. Bizə bir yol göstərin, biz nə edək? Düzdü, özfəaliyyət əsnasında dərnəklər yaratmışıq, amma ümumi bir siyasi xətt, yol yoxdur. O mənə belə bir cavab verdi: "Mən yol bilsəm, özüm gedərəm. Siz gedin öz yolunuzu axtarıb tapın”. Bir müddət keçdi. Hərəkat başladı. Azərbaycan Xalq Hərəkatında böyük ziddiyyətlər yaşandı. Kommunist Partiyası Dövlət Təhlükəsizlik Komitəsi Azərbaycandakı Xalq Hərəkatını böyük bir fəhlə-kəndli hərəkatına çevirmək üçün bütün ziyalıları, intellektual insanları zəiflətmək istəyirdilər. Bu məqsədlə kampaniyaya başlanıldı. Həmin adamlar Azərbaycan Xalq Cəbhəsində ziyalılara qarşı böyük bir kampaniya apardılar. O cümlədən də bizə qarşı... Baxmayaraq ki, Azərbaycanda ilk dəfə Xalq Cəbhəsi ideyasını 1990-cı ildə gətirən də, o proqramları hazırlayan da şəxsən mən olmuşam. Hətta konfransın təşkilat rəhbəri mən idim. Konfransın məruzəsini də mən etmişdim. Amma həmin konfransda məni Xalq Cəbhəsindən çıxarmaq üçün bir kampaniya həyata keçirdilər. Bu konfransdan sonra Ə.Elçibəylə görüşdüm. Çünki həmin konfransda Ə.Elçibəy bizə qarşı başladılan kampaniyaya mövqe bildirmədi. Həmin qaragüruh da ziyalılar və intellektual insanların hamısının partiyadan uzaqlaşdırılmasına dair qərar qəbul etdi. Məsələn, Cabbar Cəlilov var, indi tarix elmləri doktorudur. Elman Cəlilov vardı, prokuror idi. İsrafil Əkbər və məni idarə heyətindən uzaqlaşdırdılar. Bəy Ordubada getdi və biz də onun arxasınca Ordubada yollandıq. Konfransdakı mövqeyi ilə bağlı söhbət etdik. Onda o bizə bildirdi: "Siz yol tapıb o yolla gedə bilərsiniz. Buna potensialınız çatır. Gedin, siyasi partiya yaradın. Onsuz da gec-tez siyasi partiyalaşma baş tutacaq. Mən isə bu qaragüruhla bir yerdə qalmağa məcburam. Çünki bunlar başsız qalsalar, həm özlərinə, həm də millətə çox böyük ziyan vuracaqlar”. Bundan sonra bəyin bu seçiminə görə, bir çoxları ittiham etdilər ki, ziyalıları qoyub gedib qaragüruha rəhbərlik edir. Onun ətrafındakıların xain, satqın olmasına baxmayaraq Elçibəy bu adamlarla bağlı ölçü götürmürdü. Amma mən bilirdim ki, Ə.Elçibəy məhz bu şeylərə görə, bilə-bilə bu adamlara rəhbərlik edir və bilə-bilə bu adamları ətrafında saxlayırdı. Hətta mən Elçibəyə dedim ki, filankəs xaindir, satqındır, bunu siz də bilirsiniz axı, bunu bilə-bilə niyə onu müavin kimi saxlayırsınız? Bəy cavab verdi: "Bir var ki, bu xain mənim gözümün qarşısında olsun, onun bütün hərəkətləri ilə bağlı tez-tez məlumat alım. Biri də var ki, məndən uzaqda olsun. Onun əməlləri ilə bağlı heç bir məlumat ala bilməyim. İndi düşün, səncə, hansı variant düzgündür ?” 

Ə.Elçibəyin hərəkətlərinə baxanda zahirən qiymət verirdin ki, bu adam uzaqgörən deyil. Bu adam ağı-qaradan seçə bilmir, amma Elçibəyin özü ilə danışıb bu sualların cavabını alanda məlum olurdu ki, Elçibəy seçdiyi yol Azərbaycanı təhlükələrdən qorumaq yoludur. Həm də o adamların özlərini özlərindən qorumaq yolu idi. Arada suallar verirlər ki, Elçibəy niyə hakimiyyəti qoyub getdi? Əbülfəz Elçibəy milli maraqlarla hakimiyyət maraqlarını tərəziyə qoyanda milli və dövlət maraqlarını həmişə üstün tuturdu. Öz hakimiyyətini belə Azərbaycanın müstəqilliyi, suverenliyi naminə, Azərbaycanın parçalanmaması naminə itirdi. Azərbaycan xalqının vətəndaş müharibəsinə getməməsi naminə çox asanlıqla hakimiyyətdən imtina etdi və ölənə qədər də öz prinsiplərində heç bir dəyişiklik yox idi.

"Elçibəylə Üzeyir Hacıbəyovu eyniləşdirən amil” - Bəxtiyar Vahabzadənin dilindən

Təəssüflər olsun ki, bəzən insana öləndə qiymət verirlər. Bəy dünyasını dəyişəndə xalqın onu nə qədər sevdiyi ölümünə kədərlənməsindən göründü. Heç bir dövlət təşkiletməsi olmadan Əbülfəz Elçibəyin cənazəsi Bakıya gətiriləndə Bəxtiyar Vahabzadə dedi: "Elçibəyin dəfnində gördüyüm insan izdihamını Üzeyir Hacıbəyovun dəfni vaxtı görmüşdüm”. O zaman minlərlə adam gördüm ki, elə bil öz atasına, qardaşına, babasına ağlayırdı. Öz ölümü ilə xalqın ona olan saf və duru sevgisıni sübut etdi. Elçibəy Azərbaycan xalqının əbədi sevgisini qazanmış bir lider kimi köçdü bu dünyadan”.

Elçibəy Yaşar Türk-Azərin mühüm bir arzusunu yerinə yetirib

Azərbaycan Milli-Azadlıq Hərəkatının əfsanəvi simalarından biri, çoxsaylı siyasi proseslərə, saysız-hesabsız hadisələrə şahidlik etmiş, həmin proseslərin, hadisələrin iştirakçısı, bayraqdarı olmuş Yaşar Türk-Azər Əbülfəz Elçibəyi xoş xatirələrlə anır:

 "Əbülfəz bəyi ilk dəfə Çənlibeldə görmüşəm. Onda bığsız, saqqalsız bir adam idi. Amma saçlarının arxası bir az uzun idi. Soruşdum ki, adınız nədir, dedi Əbülfəz Əliyev. Əlyazlamalar Fondunda işləyirəm. Bundan sonra onunla əlaqəmiz olmadı. Bəylə yaxınlığımız 1988-ci ilin yayından başladı. Onda artıq parçalanma dövrü idi. Bəy Fonddan çıxıb metroya tərəf gedirdi. Mən də metrodan çıxıb üzüaşağı gedirdim. Görəndə salamlaşdıq.

Dedim ki, Əbülfəz bəy, bəs niyə belə oldu?

Bəy gülüb dilləndi: "Bəy, hər şey yaxşı olacaq”. 


1992-ci ildə Ə. Elçibəy mənim bir arzumu həyata keçirdi.

1992-ci il fevralın 21-də Xalq Cəbhəsi məclisinin iclası idi. Cəbhənin üzvü olmasam da, Müsavatın üzvü idim. Amma cəbhədə işləyirdim. Böyük bir konfrans keçirilirdi. Gəlib oturdum tədbirdə. Bəy də gəldi. Onda prezident idi. Tədbirin qızğın çağında birdən mən ayağa durub Qulamhüseyn Əliyevdən çıxış üçün söz istədim. Qulamhüseyn bəy dedi ki, Yaşar, sən cəbhənin üzvü deyilsən, otur. Oturmadım, o neçə dəfə dedi, mən oturmadım. Əbülfəz bəy bildirdi ki, Yaşar bəyə söz ver görək nə deyir. Orada məni yaxşı tanımayanlar düşünüblər ki, Prezident buradadır, yəqin Yaşar özü üçün vəzifə istəyəcək. Durdum Ağdamdakı durumu danışdım, Surət Hüseynovun xəyanətinə diqqət çəkdim. Birdən nərə çəkərək (Baxın, məndə özümdən asılı olmayaraq danışanda səs tonum qalxır. Bu, məndən asılı deyil) qışqırdım: "Əbülfəz bəy, mən tələb edirəm ki, Allahverdi Bağırova Azərbaycan milli qəhrəmanı adı verilsin !” - deyib yerimdə oturdum. Məndə də dram dərnəyindən qalma bir xüsusiyyət var. Bu, səhnə qanunudur. 

Bir nöqtəni götürüb ora baxıram və gözüm ora zilləndisə, nə ətrafı eşidirəm, nə də görürəm. Sadəcə oturub o nöqtəyə baxıram. Mənə dedilər ki, sənin çıxışından sonra bəy, sifətini ovcuna alıb xeyli düşündü. Sonra durub, Allahverdi Bağırov və qardaşı Eldar Bağırovun şücaətlərindən danışdı. Bu məsələdən az bir vaxt keçmişdi. Evdə xəbərləri izləyirdim. Birdən aparıcı bəyan etdi ki, Allahverdi Teymuroğlu Bağırova Azərbaycan Respublikasının milli qəhrəmanı adının verilməsi barədə fərman imzalanıb. Ertəsi gün hamı məni təbrik etdi. Elə bil ki, onu Allahverdi Bağırov yox, mən almışdım. Bunu heç kimə danışmamışam. Danışmağa utanırdım. Bəy mənim bu istəyimi, arzumu yerinə yetirdi. İndi bəy haqqında mincür sözlər danışırlar. Amma bilmirlər ki, Cəbhə-Müsavat hakimiyyətini devirən Rusiya, İran, bp şirkəti və Ermənistan oldu. Bu, dəqiqdir, qalanları isə təfərrüatdır (Müsahibimizin səs tonu lap öləziyir). Bəydə olan qeyrət, vicdan, sonacan getmək bacarığı məni həmişə heyran edib”.

Bəy İstanbulu tarixi ləkədən necə xilas edib?

Əbülfəz Elçibəyin əqidə dostu, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu vurğulayıb ki, Ə.Elçibəyi maraqlı edən onun hamını bir araya gətirmək qabiliyyəti, bacarığı və istəyinin olması idi: 

"O hətta öz əleydarlarını da bir araya gətirə bilirdi. 1999-cu ildə İstanbul Sammiti baş tutdu. Bu sammitdə Qarabağ məsələsi müzakirə olunurdu. Bəy bundan çox narahat idi. Hamını Elçibəy hakimiyyətinin devrilməsində birbaşa rolu olmuş AMİP-in qərargahına topladı. Ə.Elçibəyin bir nömrəli əleyhdarı olan Nizami Süleymanovla bir arada milli müqavimət hərəkatı yaratdı və elan etdi. Bunu da o ərəfədə etdi ki, artıq yaxın günlərdə İstanbul sammiti toplaşacaqdı və sammitdə Qarabağ məsələsi müzakirə olunacaqdı. Bəy bunu ona görə edirdi ki, İstanbul tarixdə Qarabağ məsələsini Azərbaycanın və eləcə də türk dünyasının ziyanına həll edən bir şəhər kimi qalmasın. Ə.Elçibəy Azərbaycanın birliyi ilə bağlı çox önəmli addımlar atdı. Bütün siyasi partiyaları özünün Bütöv Azərbaycan Birliyinin mərkəzi şöbəsinin rəhbərliyinə gətirdi. Elçibəy bir dəyərə çevrildi. Elçibəy təkcə xatirə deyil, həm də dövlətçilik simvoludur. Azərbaycanda demokratiya və azadlığın simvoludur. Azərbaycanın bütövlüyünün simvoludur”.

M.Mirəlioğlu daha bir maraqlı xatirə də nəql etdi:

Əbülfəz bəyin dedikləri öz başına gəldi

1992-ci ilin mart ayında - hakimiyyət dəyişikliyindən sonra Elçibəyin parlamentdə çıxışı var. Parlamentin üzvü olmasa da, onun çıxış etməsini istəyirdilər. O, çıxışı zamanı təklif etdi ki, gəlin Azərbaycanda etimad hökuməti yaradaq. Bu etimad hökuməti hər kəsə lazımdır. Bu hökuməti yaratmasaq, indi seçki haqqında qərar verəcəksiniz, 3 aydan sonra seçki keçirib lider seçəcəksiniz. 1 ildən sonra da o lideri yıxacaqsınız. Bəyin dedikləri başına gəldi. 1992-ci ilin mart ayında seçkiyə getmək haqqında qərar verildi. İyun ayında seçki keçirildi. İyulun 7-də Əbülfəz Elçibəy rəsmən Prezident elan olundu. 1993-cü ilin 4 iyun tarixində baş vermiş qiyam nəticəsində Elçibəy hakimiyyəti süquta uğradı”.

Milləti bulaq suyuna bənzədən lider

AXC-Müsavat hakimiyyəti dönəmində Xətai rayon icra başçısı vəzifəsində çalışmış və eyni zamanda Əbülfəz bəyin ən güvəndiyi stomatoloq olan Zəlimxan Məmmədli də Ə.Elçibəyin xiffətini çəkə-çəkə bir neçə xatirə paylaşdı:

"Tez-tez xatırladığım bir məqam beynimə elə pərçimlənib ki, hər dəfə bəylə bağlı danışanda o an gözümün önündə canlanır. Kələkidə bir bulaq qazdırmışdıq. Mirmahmud bəy, Novella xanım, mən və bəy bu bulağın başına yığışdıq. Bəy bulaq haqqında çox maraqlı fikirlərlə çıxış etdi. Milləti bulağa bənzətdi: "Millət də bulaq kimidir. Bunlar ruhla bağlıdır. Suyun saflığı və suyun müalicəvi əhəmiyyəti təsadüfi deyil. Bunu bizə Allah göndərib”.

Elçibəyin bu davranışı Zəlimxan Məmmədlinin acığına gəlib, amma...

Z.Məmmədli Ə.Elçibəyin həkimi kimi də başqa bir xatirə danışdı:

"Mən ona həm Kələkidə, həm də Bakıda işlədiyim poliklinikada xidmət göstərmişəm. Müalicənin sonunda bəy mənə pul təklif etdi. Bu, mənim çox acığıma gəldi. Bəy, onda mənə çox böyük ustalıqla "Əl-həkim” surəsindən, fəlsəfədən, Mövlanədən danışdı. Və bildirdi ki, bu haqq Zəlimxanın deyil, loğmanın haqqıdır. Loğmanın haqqını yemək olmaz. Loğman hər zaman elnən dolanıb. Ondan sonra hər zaman bəyin uzatdığı pulu götürmüşəm. Əbülfəz bəy sazın simləri, sazın tarixi, onun quruluşu, sazın çanağındakı iniltilərin millətlə bağlılığı haqqında çox dərin bilgilərə malik idi. Ruhu şad olsun!

Ayyət Əhməd

"Yazı "Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir”








SON XƏBƏRLƏR

2018-09-24