2018-06-22 12:35:23   |   206 dəfə oxunub

"Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırıq və qadirik"


"Bu bayram təkcə hərbçilərin deyil, ümumilikdə bütün Azərbaycan xalqının bayramıdır. Bu səbəbdən də xalqımızı əlamətdar gün münasibətilə təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, Ordumuz bu yubileyi konkret uğurlar, qələbələr və böyük yeniliklərlə qarşılayır".

Lent.az-ın xəbərinə görə, bunu müdafiə naziri Zakir Həsənov Azərbaycan ordusunun yaradılmasının 100-cü ildönümü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Nazir qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hərbi quruculuq prosesi ölkəmizdə bu gün də uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir. İslahatların kompleks şəkildə həyata keçirilməsi ordumuzun aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməsinə şərait yaradıb. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar ölkəmizin bütün sahələrdə inkişafına təkan verdiyi kimi, hərbi büdcəmizin də qısa müddətdə dəfələrlə artmasına imkan yaradıb".
Nazir qeyd edib ki, ordumuzun hərbi potensialını gücləndirmək üçün nə lazımdırsa, Azərbaycan dövləti onu edir: "Biz müharibə şəraitində yaşayırıq və müharibə şəraitində yaşayan ölkə, ilk növbədə, ordu quruculuğuna diqqət göstərməlidir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və silahların modernləşdirilməsi üçün 2014-cü ildən başlayaraq hər il bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir və bundan sonra da dövlətimizin dəstəyi ilə bu addımlar davam etdiriləcək.
Məhz bu səbəbdən bu gün tam əminliklə deyə bilərik ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir əmrini dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır və qadirdir".








SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22